Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-428/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin tabeliyində Cavabdeh tərəfindən nağd şəkildə xərclədiyi 10604 manat və mediasiya mərkəzinə ödədiyi 60 manat, cəmi 10664 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
5. İddiaçı hazırki iddia tələbini “X3 Zavodu”nda direktor işlədiyi dövrdə müəssisənin fəaliyyəti ilə bağlı çəkdiyi xərlərin cavabdeh tərəfindən ödənilməməsi ilə əsaslandırımışdır.
6. Xərclərə dair bildirmişdir ki, iki gözətçi üçün hər birinə ayda 300 manat olmaqla 10 ay cəmi 6000 manat; işıq və su üçün-10 ay müddətində cəmi 340 manat; sementi geriyə aparmaq üçün (sementovoz) 300 manat; qum və şebelin geriyə qaytarılıb daşınması üçün 700 manat; Beton üçün qatqı (bir ay saxlamaq olar) 1 ton 1000 litr hər litr üçün 1 manat cəmi 1000 manat və digər işlər üzrə ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin faktiki əsasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir.
7. Həmçinin iddiaçı tərəfindən iddia tələbinin faktiki hallarını təsdiq edən sübutları iddia ərizəsi ilə birlikdə təqdim edə bilməsinin mümkünsüzlüyü də iddia ərizəsində göstərilməmişdir.
8. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
9. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva