Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1029/2023 13.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 4.399,87 avro əsas, 86,38 avro faiz, 1.960,48 avro cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.254,77 avro faiz borcu olmaqla, cəmi 7.701,50 avro borcun və iş üzrə ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış 14/1kx nömrəli xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə maliyyə ehtiyaclarının ödənilməsi məqsədilə 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 5.000 avro məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixində tərəflər arasında kredit xətti müqaviləsinə 1 saylı Əlavə edilərək kredit xətti müqaviləsinin xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixə uzadılması razılaşdırılmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə cavabdehlərə xx.xx.2022-ci il tarixli, **********548 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 7.701,50 avro təşkil edir. Bundan 4.399,87 avro əsas, 86,38 avro faiz, 1.960,48 avro cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.254,77 avro faiz borcu təşkil edir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə, daha sonra qarşlıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və onun İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2015-ci il tarixli, 14/1kx saylı kredit xətti müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq onunla yeni müqavilənin bağlanmasının ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ilkin iddianı poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə almışdır. Qarşılıqlı iddiaçı olaraq bildirir ki, onunla İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli 14/1 saylı, kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə aralarında bağlanmış 14/1 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 12 ay müddətinə, illik 18% olmaqla xaricdə müalicə olunmaq üçün 5.000 avro kredit verilmişdir. Kredit borcu ödəniş cədvəlinə uyğun olaraq 1 il müddətinə hər ay bərabər hissələrə bölünməklə və faizləri ilə birlikdə qaytarmalı idi. Lakin müqavilə bağlandıqdan az sonra, ölkədə milli valyutanın 2015-ci ilin fevral ayında birinci, dekabr ayında 2-ci devalvasiyası baş verdi ki, onun avro ilə götürdüyü kredit faktiki olaraq manata nisbətdə 2 dəfə artdı və aldığı 5.000 avro, 10.000 manata bərabər oldu. Hansı ki, o, kredit alanda 1 avro, 1 Azərbaycan manatına bərabər idi. Bu səbəbdən borcun ödənilməsində ciddi çətinlik yarandığından o, borcun yalnız 600,13 avro hissəsini qaytara bilmişdir. İddiaçı ASC-nin rəhbərliyinə müraciət edərək onunla bağlanmış kredit müqaviləsi üzrə borcun həmin dövrün məzənnəsinə uyğun nəzərə alınmasını, hesablanmış kredit faizlərinin silinməsini, bundan sonrakı mərhələdə kredit məbləğinin üzərinə faiz gəlməməsini, ödəyəcəyi vəsaitin əsas borca silinməsinə, kredit müddətinin 3 il müddətə uzadılmasını xahiş etsə də İddiaçı ASC-nin rəhbərliyi xahişini cavabsız qoymaqla əsas və faiz borcunun hamısının qaytarılmasını tələb etməklə, bu barədə Binəqədi Rayon Məhkəməsinə müraciət etdilər. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3188/2018 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4399,87 avro əsas kredit borcu, 555,30 avro faiz borcu, cəmi 4955,17 avro borcun İddiaçı ASC-nin xeyrinə tutulması qət edildi. Onun verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3188/2018 saylı qətnaməsi ləğv edilməklə, ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad edərək iddianın baxılmamış saxlanılmasını onunla əsaslandırmışdır ki, qeyd edilən Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həll qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Lakin həmin qərardadın qüvvəyə minməsindən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh hələ də qalıq borcunun güzəşt olunması barədə qərar qəbul etməmiş, əksinə ona 07 oktyabr 2022-ci il tarixli, **********548 saylı xəbərdarlıq məktubu göndərərək 7.701,50 avro borcun ödənilməsini, ödənilməyəcəyi təqdirdə əsas borcun və hesablanmış faizlərin tələb ediləcəyi bildirilmişdir. Bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qəradadı olmasına baxmayaraq cavabdeh tərəfindən restrukturizasiya təklifi barədə ona heç bir bildiriş nə şifahi, nə də yazılı qaydada verilməmişdir. Kredit müqaviləsinin restrukturizasiya olunması barədə məlumat verməsini xahiş etsə də, heç bir əsaslı səbəb olmadan qeyd olunan şifahi müraciətə cavab verilməkdən imtina edilmişdir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatsa da, fərmanın icra olunması ilə əlaqədar mövcud təcrübədə bütün restrukturizasiya olunmalı kreditlərin hal-hazırkı günədək tam restrukturizasiya olunmadığı məlumdur. Mübahisəli kredit müqaviləsinin vaxtında restrukturizasiya olunmaması barədə ona heç bir məlumat verilməməsi hüquqlarının pozulması ilə nəticələnmişdir. Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra əsas borcu ödəmək niyyətini Banka bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ilkin iddianı müdafiə edərək bildirdi ki, bank cavabdehlərlə kredit müqaviləsinin restrukturizasiyası ilə bağlı müqavilə bağlanmasına etiraz etmir. Belə ki, bankın əsas məqsədi ilə verilmiş kreditlərin banka qaytarılmasını qısa müddətdə təmin etməkdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək, qarşılıqlı iddianı müdafiə etdiyini bildirərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, qarşılıqlı iddianı müdafiə etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdeh tərəfin ərizələrini nəzərə alaraq, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 14/1kx saylı kredit xətti müqaviləsindən görünür ki, bank sonuncuya illik 18% faiz hesablanmaqla 12 ay müddətinə mənzilin təmiri məqsədi ilə 5.000 EUR məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 14/1kx saylı kredit xətti müqaviləsinə Əlavə”dən görünür ki, 14/1kx saylı kredit xətti müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 14/1kx saylı kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 3188/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.399,87 avro əsas kredit borcu, 555,3 avro faiz borcu cəmi 4.955,17 avro borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 86%-i, yəni 26 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan 14%i yəni 4 manatı isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 3903/2019 saylı qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3188/2018 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 3903/2019 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-3903/2019 saylı qərardadının ləğv olunması və icraatın təzələnməsi barədə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, sonuncudan kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 müddətində ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 14/1kx saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 oğlnun banka 4.399,87 avro əsas borcu, 86,38 manat faiz borcu, 1.960,48 avro cərimə, 1.254,77 avro gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 7.701,5 avro borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən həmin Fərman baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qəbul olunmuşdur. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara tövsiyə olunmuşdur ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 10-cu bəndi ilə Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada kredit və zaminlik müqavilələri bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdehlər baş vermiş devalvasiyaya görə müqavilənin şərtlərinə əməl etməmişlər. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli Fərman imzalamış və Prezident həmin Fərmana əsasən baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək üçün vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasının təklif edilməsini banklara tövsiyyə etmişdir. Hazırki iş üzrə də cavabdehlərin kredit öhdəlikləri restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşdüyünə görə, iddiaçı tərəfindən də cavabdehlərə kreditin restrukturizasiya olunması üçün Banka müraciət etmələrinin təklif olunması barədə bildiriş göndərilməsi barədə sübutların məhkəməyə təqdim edilməməsi səbəbi ilə məhkəmə hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ilk iddiası rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2015-ci il tarixli, 14/1kx saylı kredit xətti müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə yeni müqavilə bağlanması ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunmalı, ilk və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ilk iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2015-ci il tarixli, 14/1kx saylı kredit xətti müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə yeni müqavilə bağlanması ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunsun. İlk və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-1029/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1029/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver