Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1055/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 292,31 manat qalıq borcu və 61,20 manat cərimə borcu olmaqla, 353,51 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Optimal Elektronika" MMC ilə 04 fevral 2019-cu il tarixli, MHDK00446 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən borcluya 769 manat dəyərində məişət məhsulunu nisyə satmış və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,o, öhdəliyini icra etməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 612,09 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3 % həcmində cərimə ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1143,36 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10 %-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda cərimə məbləği 61,20 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin bildiriş cavabdehin həmin ünvanda yaşamaması səbəbindən məhkəməyə geri qaytarılmışdır. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, №MHDK00446 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə, müqavilənin əlavəsinə və ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçı MMC-dən 769 manat məbləğində Samsung A750 markalı telefon almış və dəyərini 12 ay müddətinə ayda 58 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi 04.02.2019-cu il, sonuncu ödəniş tarixi 04.02.2020-ci il olaraq müəyyən edilmişdir 04 fevral 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №MHDK00446 saylı müqaviləyə əsasən Samsung A750 markalı telefonu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 31 avqust 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh Samsung A750 markalı telefon üçün üçün əsas borcu 292,31 manat, cərimə borcu 61,2 manat olmaqla, cəmi 353,51 manat məbləğində borcu var. Tələbkar tərəfindən borcluya ünvanlanmış 07.09.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin ləğv ediləcəyi və müqavilə qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün elektron qaydada 30 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, №MHDK00446 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 58 manat ödəniş etməyi, müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3 % həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04 fevral 2019-cu il tarixli, №MHDK00446 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 292,31 manat, cərimə borcuna görə 61,20 manat olmaqla, ümumilikdə 353,51 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 fevral 2019-cu il tarixli, №MHDK00446 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 292,31 (iki yüz doxsan iki manat, otuz bir qəpik) manat, cərimə borcuna görə 61,20 (altmış bir manat, iyirmi qəpik) manat olmaqla, ümumilikdə 353,51 (üç yüz əlli üç manat, əlli bir qəpik) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-1055/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1055/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver