Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1063/2024 23.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinəxx.xx.2017-ci il tarixli, 31E**********64 saylı müqavilə üzrə yaranmış borc üzrə 7197 (yeddi min yüz doxsan yeddi) ABŞ Dolları 56 (əlli altı) sentməbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126.71 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə CavabdehAccеssBank» QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli, 31E**********64 saylı plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsi əsasən onun adına My card debit növlü kart hesabıaçılmış və 4268********9841 nömrəli kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin iyun ayında kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı 7197 (yeddi min yüz doxsan yeddi ) ABŞ Dolları 56 (əlli altı) sent məbləğində borc yaranmışdır. Belə ki,“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixliAzərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər,elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC (“X2”) kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və verginin ödənişə cəlb-edilib-edilməməsi müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) arasında razılaşmaya əsasən hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Vergi tutulmalı olan əməliyyatların aparıldığı kart İddiaçı QSC tərəfindən verildiyindən hazırki iş üzrə Bank vergi agenti qismində çıxış edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 168.1.5, 169.1 və 169.3-cü maddələri ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixliməktubla xəbərdarlıq edilməsinə baxmayaraq,cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı tərəf məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iştirak etmiş və bildirmişdir ki, cavabdehə USD debet kart hesabı açılmışdır. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə əməliyyatlar aparılmışdır. Həmin əməliyyatlar vergiyə cəlb olunmalı olsa da, lakin vergi silinmələri aparılmamışdır. Bu səbəbdən də həmin vəsait bank tərəfindən hesablanaraq cavabdehdən tələb olunur.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh bildirmişdir ki, o, Forex birja sistemində brokerlik əməliyyatları aparılması ilə məşğul olmuşdur. Bunun üçün bankda debet kart açdırmış və öz vəsaiti hesabına əməliyyatlar aparmışdır. Həmin əməliyyatlar zamanı Vergi Məcəlləsinə görə ƏDV tutulmalıdır. Hansı ki, əvvəllər ondan bu əməliyyatlara görə tutulmalar aparılmışdır. Lakin bir müddət bankın texniki səhvinə görə ondan bu tutulmalar aparılmamışdır. Bu barədə bankın qaynar xəttinə çoxsaylı müraciətlər etmiş və tətbiqdən müracətlər etmişdir. Hansı ki bankın texniki səhvi yalnız bundan ibarət olmamışdır. Etdiyi əməliyyatdan sonra onun kart hesabından pul çıxılsa da, təyinatı üzrə çatmamış və onun icra etdiyi əməliyyatlar tamamlanmamışdır. Buna görə ona xeyli miqdarda zərər dəymişdir. Lakin bank hazırki tələbində hətta geri qaytarılmış ödənişə görə də ondan vergi tutulmalı olduğunu düşünür. O, sonuncu dəfə həmin kart vasitəsilə 2020-ci ilin sentyabr aylarında əməliyyat aparmış və bankın təqsiri ucbatından müflis olmuşdur. Eyni zamanda o hesab edir ki, burada onun hər hansı səhvi yoxdur və iddia müddəti ötürülmüşdür. Bu barədə yazılı ərizə təqdim etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. Tərəflər arasında “plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açıması haqqında” xx.xx.2017-ci il tarixli, 31E**********64 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müştəriyə hesab valyutası abş dolları olan “My card debit My card Private” tipli kart verilmiş və kartın müddəti xx.xx.2020-ci il tarixədək müəyyənləşdirilmişdir.
7. İddiaçı tələbini iddia ərizəsində göstərilən şəkildə əsaslandıraraq, cavabdehdən elektron iş və xidmətlər alan zaman müştəri tərəfindən ödənilməli olan, lakin bank tərəfindən texniki səhvə görə tutulmayan vergiyə görə yaranmış borcu tələb edir. Cavabdeh isə sonuncu dəfə 2020-ci ilin sentyabrında əməliyyat apardığını, borcun onun səhvi ucbatından yaranmadığını, iddia müddətinin ötürüldüyünü bildirməklə iddiaya etiraz edir.
8. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və AR Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1409 saylı rəyində göstərilmişdir ki, Cavabdeh "xxxx" QSC-də olan plastik kart hesabında xx.xx.2021-ci il tarixdə 7197.56 abş dolları məbləğində overdraft yaradılmaqla bank vəsaitindən istifadə edilmiş və həmin məbləğin istifadə təyinatına əsasən vergi məbləğlərinin ödənilməsinə yönəldilmişdir.
9. Bank tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, bank tələb etdiyi məbləği 2020-ci ilin fevral ayından 2020-ci ilin oktyabr ayınadək aparılmış bank əməliyyatlarına görə tutulmalı olan 18 faiz vergi borcu əsasında hesablamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
13. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
14. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;
15. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
16. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
17. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Tərəflər arasında “plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açıması haqqında” xx.xx.2017-ci il tarixli, 31E**********64 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müştəriyə hesab valyutası abş dolları olan “My card debit My card Private” tipli kart verilmiş və kartın müddəti xx.xx.2020-ci il tarixədək müəyyənləşdirilmişdir. Bankın texniki səhvi nəticəsində müştərinin 2020-ci ilin fevral ayından 2020-ci ilin oktyabr ayınadək etdiyi əməliyyatlardan vergi agenti qismində çıxış edən bank tərəfindən 18 faiz ƏDV tutulmamışdır. Hazırda isə bank tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq, cavabdehdən overdraft nəticəsində yaranmış borcun tutulmasını tələb edir.
19. Yaranmış mübahisə ilə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, bankın vergi agenti qismində müştərinin elektron ticarət qaydasında apardığı işlərdən vergi tutması barədə öhdəliyi olduğundan, bu vəzifəsini texniki səhv nəticəsində icra etməyərək, əməliyyatın aparıldığı vaxt tutmalı olduğu vergini müştərinin vəsaitindən silmədiyindən müştəri həmin həcmdə əsassız olaraq varlanmışdır. Bununla belə məhkəmənin qənaətinə görə, əsassız varlanma obyektini tələb etmə hüququ 2 il keçdikdən sonra qüvvədən düşdüyündən iddiaçının tələbi əsassızdır. Belə ki, sonuncu əməliyyatın aparıldığı vaxt 2020-ci ilin sentyabrı olsa da, Bank hazırki tələblə məhkəməyə xx.xx.2023-cü ildə, yəni əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 3 il sonra müraciət etmişdir.
20. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, əgər bank həmin məbləğin müqavilə münasibətlərindən irəli gəldiyinə əsaslanırsa belə, bu halda da iddia müddəti ötürülmüşdür. Belə ki, plastik kartın müddəti 2020-ci ilin aprel ayında bitmişdir, sonuncu əməliyyat 2020-ci ilin sentyabr ayında icra edilmişdir və bank məhkəməyə bundan 3 il sonra müraciət etmişdir. Tətbiq edilən prosessual normalar:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
24. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
25. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
26. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
27. Bundan əlavə keçirilmiş ekspertizanın dəyəri olan 200 manat vəsait də iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat vəsait iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev