Məhkəmə qərarları › İş №e-2(001)-1067/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1067/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1067/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, X2 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə vermişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh tərəfindən “Ravon Nexia R3 minik” markalı, **-FL- *** dövlət qeydiyyat nişanlı avtomobil 22 oktyabr 2024-cü il tarixdə avtoservisə gətirilmişdir. Avtoservisdə sürücü-cavabdehin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin mühərrik sistemində ciddi nasazlıq müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Aktda avtomobildə olan nöqsanlar sadalanmışdır. Qeyd olunan nöqsanlar barədə Cavabdeh yerində avtomobilə baxış zamanı məlumat verilmiş, lakin o, heç bir əsas olmadan aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə məktubla göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən qüsur aktına əsasən avtomaşının bərpası üçün 2500 manat tələb olunmuşdur. Qüsur aktında dəyişilməli ehtiyat hissələri göstərilmişdir. Həmin ehtiyat hissələrinin cəmi məbləği 1900 manat, usta xidməti 600 manat təşkil etmişdir. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. O, öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2024-cü il tarixdə avtomobilin təmirinə görə 2500 manat ödəmişdir. Bundan sonra avtomobil təmir olunmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də, həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 16 iyul 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Məhkəməyə iddia ərizəsi verilərkən 45 manat dövlət rüsumu ödənilmişdir ki, o, hesab edir ki, həmin məbləğ də, cavabdehdən tutularaq ona verilməlidir. Bundan başqa, tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehdən tutulmalı və ona qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir. O, hesab edir ki, iddia tələbi haqlıdır və Cavabdeh 2500 manat maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17.25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 45 manat dövlət rüsumu tutulmalı və ona qaytarılması ilə bağlı qətnamə çıxarılmalıdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385.1, 442, 443.1, 448.1, 1096, 1097.1, 1108.1 və 1115-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 2500 maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17.25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədilə ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Femida vəkil bürosunun vəkili Nümayəndə arasında xx.xx.2024-cü il tarixdə bağlanmış hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, tərəflər hüquqi yardıma görə 300 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan icarəyə verən ilə icarəyə götürən arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X3 “Ravon Nexia R3” minik markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürən Cavabdeh icarəyə vermişdir. Nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Ravon Nexia R3” minik markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, avtomobil icarəsinə görə 800 manat depozit ödəmiş, əgər avtomobili 3 ay ərzində qaytararsa qoyduğu depoziti tələb etməyə heç bir hüququn olmadığını və həmin müddətdə avtomobilə zərər vurarsa, vurmuş olduğu zərərin depozit məbləğindən çıxılmaması, həmçinin əgər avtomobili 3 aydan sonra qaytararsa verdiyi depozitdən 560 manatın qaytarılmamasına, qalıq 240 manat avtomobilə dəymiş zərərin çıxıldıqdan sonra qaytarılması, eyni zamanda cərimələrlə tanış olmasını qəbzdə qeyd etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, o, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə avtoqəza törətmiş, avtomobilə dəymiş 1800 manat zərərdən 900 manat ödəmiş, 900 manat məbləğində qalıq məbləği ödəmədiyi halda məsuliyyət daşıdığı barədə məlumatlı olduğunu qeyd etmişdir. İş materiallarında olan ƏN-Vİİ saylı 055178 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X2 etibarnaməni İddiaçı adından onun verdiyi etibarnamə əsasında imzalamış, “Ravon Nexia R3” minik markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmək üçün etibar etmişdir. İş materiallarında olan 22 oktyabr 2024-cü il tarixdə “Ravon Nexia R3” minik markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı, avtomobilin sahibi Cavabdeh və RS Avtoservisin direktoru X4 iştirakı ilə tərtib olunmuş nəqliyyat vasitəsinin təhvil alınmasına dair aktdan görünür ki, avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş, baxış keçirlən zaman avtomobilin mühərrikində ciddi nasazlıqlar müəyyən olunmuşdur. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış aktın surətinin göndərilməsi barədə məktubdan görünür ki, Cavabdeh akt göndərilmiş və nəqliyyat vasitəsinə 2500 manat məbləğində zərər dəyməsi həmin aktda göstərilmişdir. İş materiallarında olan Avtoservis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Ravon Nexia R3” minik markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 2500 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə zərərin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı məxsus “Ravon Nexia R3” minik markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələrinin qiyməti 1900 manat, təmir-usta işlərinin qiyməti 600 manat olmaqla, cəmi 2500 manat məbləğ xx.xx.2024-cü il tarixdə avtoservisə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli, 9/1228 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Khazar rəsmi dileri bazarlarında olan avtohissələrin satış qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon Nexia R3” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2500 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti 1900 manat, təmirbərpa işlərinin qiyməti 600 manat qeyd edilmişdir. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2231 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti 1631 manat, təmir-bərpa işlərinin qiyməti 600 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh ilə X2 arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinə əsasən Ş.Ələsgərova “Ravon Nexia R3” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh etibar etmiş, Cavabdeh də öz növbəsinə nəqliyyat vasitəsini istifadə etmə hüququnu əldə etmiş və nəqliyyat vasitəsinin qorunub saxlanması ilə bağlı öhdəlik götürmüşdür. Lakin Cavabdeh icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəqliyyat vasitəsini müqavilə ilə nəzərdə tutulmuş qaydada qoruyub saxlamamış, təhlükəsizliyini təmin etməmişdir. Fiziki şəxs X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı ilə “Ravon Nexia R3” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 2500 manat məbləğində qiymətləndirilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli, 9/1228 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, “Ravon Nexia R3” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2231 manat müəyyən edilmişdir. Eyni zamanda xüsusilə qeyd edilməlidir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatla avtomobilə zərər yetirməsini etiraf etmiş, lakin zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, “Ravon Nexia R3” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin istifadəsində olduğu müddətdə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli, 9/1228 nömrəli ekspert rəyində müəyyən edilmiş 2231 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə məhkəmə xərcləri hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində vəsaitdən, etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat məbləğində vəsaitdən və ödənilmiş dövlət rüsumundan ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 2231 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat, etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat və dövlət rüsumu olaraq ödənilmiş 45 manat dövlət rüsumunun 89%-i, yəni 322.40 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 11%-i, yəni 39.85 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 50 manat ekspertiza xərcinin 89%-i, yəni 44.50 manat Cavabdeh, qalan 11%-i, yəni 5.5 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar