Məhkəmə qərarları › İş №e-2(001)-1070/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1070/2022

22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1070/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC (KATV1) Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “KATV1” əmtəə nişanı ilə fəaliyyat göstərən İddiaçı MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlanmadan qanunsuz olaraq qoşulma nəticəsində 12,90 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, cəmi 193,30 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Televiziya və Radio yayımı haqqında Qanununa uyğun olaraq, 22.08.2005-ci il tarixdə və 22.08.2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən Ədalət-A hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.04.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 103 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, 31.05.2011-ci il tarixdə həmin ünvanda yaşayan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil KATV1 xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.09.2011-ci il tarixinədək etmiş və həmin ünvan 02.11.2011-ci il tarixdə 17.70 manat borc ilə şəbəkədən ayrılmışdır. 21.01.2012-ci il tarixdə "xxxx" hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin mütəxəssisinin iştirakı sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0357 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Belə olan halda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 12.01.2012-ci il tarixli 0357 K saylı aktdan görünür ki, 12.01.2012-ci il tarixdə "xxxx" hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 17A ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 101 saylı mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olumasında mənzil sakinin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısı döyülsədə mənzilin sahibi qapını açmamışdır. - 06.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 31.05.2011-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.09.2011-ci il tarixinədək etmiş və 02.11.2011-ci il tarixdə 17.70 manat borc ilə şəbəkədən ayrılmışdır. -103 saylı MKİS tərəfindən verilmiş 1681 saylı arayışa əsasən, cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. -"xxxx" MMC-nin 06.10.2020-ci il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə göstərilən hüquqi xidmətə görə 150 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, həmin akt tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, bir neçə il əvvəl tərtib edilən akt cavabdehə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar