Məhkəmə qərarları › İş №e-2(001)-1078/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1078/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1078/2022 09.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 09 fevral 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2020-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh dəyəri 1999 manat olan 1 ədəd “Vestel” markalı televizoru 18 ay ərzində hər ay 111 manat ödəmək şərti ilə kreditlə əldə etmiş, müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən, 06 avqust 2021-ci il tarixə 1999 manat əsas borc, 2926,54 manat dəbbə pulu olmaqla ümumilikdə 4925,54 manat məbləğində borcu yaranmışdır. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə əsas borcun, dəbbə borcunun 10 faizinin, yəni 292,65 manatın və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 42,91 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini bildirib tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə qeydiyyat ünvanı üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun məhkəmədə iştirakı təmin edilə bilməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2020-ci il tarixli müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 05 mart 2020-ci il tarixli müqaviləsinə əsasən İddiaçı MMC-dən aldığı əşyanın dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 1999 manat məbləğində əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 1999 manat məbləğində əsas borca tənasübsüz olaraq 292,65 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 292,65 manat məbləğində dəbbə pulu azaldılaraq 139,93 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən İddiaçı MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 42,91 manat məbləğində pul vəsaitinin 38 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 1999 manat əsas borc, 139,93 manat dəbbə pulu olmaqla, ümumilikdə 2138,93 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 38 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar