Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1081/2022 03.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldaraq təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə 03 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus ünvan 1 nikahdan olan övladı 23.08.2019-cu il təvəllüdlü X6 ilə birlikdə istifadə hüquqlarının tanınması barədə qətnamə çəxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh X1 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilk iddia tələbinin rədd edilməsi, cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil ilk iddianı müdafiə etdiklərini, qarşılıqlı iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, iddia tələbində göstərilən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Tərəflər arasındakə nikahın pozulmasına baxmayaraq onlar ailə qurduqları vaxtdan indiyədək həmin mənzildə birgə nikahdan olan övladları Gülnur ilə birlikdə yaşayırlar. Həmin mənzildə ailə üzvləri kimi yaşadıqlarına görə iddiaçının və qızının mənzildən istifadə hüququ tanınmalıdır. İddiaçı heç yerdə işləmir. Belə olan halda onun başqa ünvanda yaşaması üçün kirayə pulu ödəməyə imkanı yoxdur. Məhkəmə qətnaməsinə əsasən, uşağın ananın yanında saxlanması qərara alınmışdır. Qanunvericiliyin tələbləri baxımından bu yaşda uşağın yaşayış yeri onun valideyninin yanıdır. İddiaçı cavabdeh tərəfindən birdəfəlik kompensasiya məbləği kimi təklif olunan 2500 manatı qəbul etmir, iddia tələbində göstərilən mənzildə yaşamaları üçün həmin mənzilə uşağı ilə birlikdə istifadə hüququnun tanınmasını xahiş edir. Sonda Vəkil məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında X5 nümayəndəsinin izahatına uyğun izahat verərək iddiasının təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə ilk iddianı qəbul etmədiklərini, qarşılıqlı iddianı isə müdafiə etdiklərini bilidərərək izahatında göstərdi ki, mübahisə predmeti olan mənzil tərəflərin birgə nikahından əvvəl alğı-satqı yolu ilə əldə etmişdir. Bu səbəbdən iddiaçının qanunvericiliyin tələbinə əsasən mənzildən istifadə hüquqları tanına bilməz. Cavabdeh məhkəmə qətnaməsinə əsasən nikahdan övladı üçün 175 manat, uşaq 3 yaşına çatana qədər iddiaçının özünə isə 60 manat, ümumilikdə 235 manat məbləğində aliment ödəyir. Hazırda heç harda işləmir və anası ağır onkoloji xəstə olduğuna görə evi satmağa məcburdur. İddiaçı mənzilə istifadə hüquqları tanındığı halda Cavabdeh mülkiyyətində olan əmlaka sərəncam vermək hüququ məhdudlaşacaqdır. Tərəflər arasında ailə münasibətləri olmadığına görə İddiaçı mənzidən çıxarılmalı və mənzil boşaldılaraq Cavabdeh təhvil verilməlidir. Mənzilin satışından əldə ediləcək vəsaitdən 2500 manat qarşı tərəf kompensasiya kimi təklif edilsə də, İddiaçı bu məbləği qəbul etmir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsinin izahtına uyğun izahat verib əlavə olaraq bildirdi ki, o, evin satışında əldə olunacaq puldan X2 1 illik kirayə pulunu və ya təxminən 2500 manat kompensasiya ödəməyə razıdır. İlkin ididia üzrə iddiaçı X3 cavabdehin ona təklif etdiyi kompensasiyanı az olmasını, bu məbləğdə kirayədə qala bilməyəcəyini, mənzilin satışından əldə olunacaq məbləğə qiyməti daha ucuz olan bir otaqlı mənzilin alınıb ona verilməsini təklif etmiş, əks halda başqa yaşayış yeri olmadığı üçün mənzildə ömürlük yaşamaq istədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyərək, onların izahatlarını, qanunvericliyin tələblərini, iş materiallarında olan sübutları, eləcə də yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, ilk iddianın rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki iş materiallarından görünür ki: - İddiaçı və Cavabdeh arasında nikah 16 noyabr 2018-ci ildə rəsmi qeydiyyata alınmışdır; - tərəflərin birgə nikahdan 23 avqust 2019-cu ildə X6 doğulmuşdur; - tərəflər arasında nikah Ağdam rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında pozulmuş, 17 yanvar 2022-ci il tarixində nikaha xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 01 fevral 2022-ci il tarixdə qeyd edilərək AZ-İ №397793 nömrəli şəhadətnamə verilmişdir; - Azərabaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 iyul 2013-cü il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli Çıxarışla 45,94 m2 yaşayış sahəsi, 11,9 m2 yardımçı sahəsi olan 3 otaqlı, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon., Abay Kunanbayev küçəsi, ev 6, mənzil 39 üzərində xüsusi mülkiyyət növündə mülkiyyət hüququnun tam payı Cavabdeh adına rəsmiləşdirilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddianın rədd ediləməsi, qarşılıqlı iddia qismən təmin edilməsinə dair qətnamənin çıxarılması qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri olan birgə nikah 2018-ci ildə yaranmışdır və buna görə də mövcud mübahisə üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı nəzərə alınmalıdır. Həmin qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Hazırki halda iddia tələbində göstərilən mənzilin mülkiyyətçisi Cavabdeh ilə onun keçmiş ailə üzvü hesab edilən İddiaçı arasında yaşayış sahəsindən istifadə ilə bağlı hər hansı razılaşma mövcud olmadığından İddiaçı həmin mənzildən istifadə hüququnun tanınması yolverilməzdir, buna görə də, ilk iddia rədd edilməlidir. Məhkəmə ilk iddiaya münasibətdə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahlarından olan 23 avqust 2019-cu il təvəllüdlü Gülnur adlı uşaqları hazırda Mehriban Abdullayevanın yanında saxlanmışdır. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, insan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən mənzil Cavabdeh mülkiyyətində olduğundan və hazırki qətnamə ilə həmin mənzildən istifadə hüququ İddiaçı tanınmadığından, habelə, mülkiyyətçi mənzilinin boşaldılaraq ona təhvil verilməsini tələb etdiyindən İddiaçı həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq mülkiyyətçisinə təhvil verilməlidir. Lakin, qeyd olunanlarla yanaşı ilkin iddia üzrə iddiaçı olan İddiaçı izahatında göstərdiyi halları, yəni hazırda yaşamağa başqa yerinin olmamasını, heç yerdə işləməməklə gəlir əldə etməməsini nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilməsi məsələsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı qərardadında münasibət bildirilmişdir. Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Bu hüquqi movqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh məxsus mənzildən çıxarılması hazırki qətnamə qanuni qüvvəyə mindikdən 6 ay sonra həyata keçirilməli, beləliklə də, Cavabdeh iddiası qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 23 avqust 2019-cu il təvəllüdlü X6 adlı uşağı ilə birlikdə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A. Kunanbayev küçəsi, 6 saylı evin 39 saylı mənzilindən istifadə etmək hüququ bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən 6 (altı) ay müddətinə saxlanılsın, bu müddət bitdikdən sonra İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A. Kunanbayev küçəsi, 6 saylı evin 39 saylı mənzildən çıxarılsın, mənzil boşaldılaraq Cavabdeh təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1081/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1081/2022
03.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver