Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1085/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə 20 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 25000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi bankla həmin tarixdə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərilərinə götürmüşlər. Lakin, Cavabdeh3 tərəfindən bank qarşısındakı öhdəliklər lazımınca icra edilmədiyindən iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 11 dekabr 2022-ci il tarixə banka 23458,46 manat əsas, 713,29 manat faiz borcu yaranmışdır. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yuxarıda göstərilən borc məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 162 manat məvləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, bank tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh borcdan ödənişlər həyata keçirmiş, lakin, müqavilə müddəti bitmədiyindən, borca faizlər hesablandığından, həmin ödənişlər yeni faizlərdən çıxılmış, nəticədə 17 fevral 2023-cü il tarixə cavabdehin 23458,46 manat əsas, 923,57 manat faiz borcu müəyyən edilmişdir. Onlar iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmirlər və iddia tələbinin ərizədə göstərilən məbləğlərə uyğun tam təmin edilməsini xahiş edirlər. İddiaçının nümayəndəsi yeni tarixli maliyyə arayışını məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, banka borcu olduğunu, ödənişlərinin faiz borcundan silindiyini qəbul edir. Kredit müqaviləsi üzrə aylıq ödəniş aylıq təxminən 1000 manat təşkil edir, lakin onun hazırda həmin məbləği ödəməyə maddi imkanı çatmır, aylıq təxminən 500-600 manat ödəniş edə bilir. Buna görə də faiz borcu çoxalır. Sonda Cavabdeh3 məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmənin mövqeyi: Cavabdeh3 13 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 13 yanvar 2022ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Həmçinin, cavabdeh tərəfindən iddia tələbində göstərilən borc məbləği mübahisələndirilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə həmin müqavilə üzrə cavabdehlərdən müştərək qaydada 23458,46 manat əsas, 713,29 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 162 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 23458,46 manat əsas, 713,29 manat faiz borcu olmaqla, ümumilikdə 24171,75 manat məbləğində pul vəsaiti Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 162 manat məbləğində pul vəsaiti Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1085/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1085/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver