Məhkəmə qərarları › İş №e-2(001)-1089/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1089/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1089/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra, İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə 15 oktyabr 2021-ci il tarixdə imzalanmış 1 saylı “fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” üzrə mövcud olan borc məbləğinin tam ödənilməsini əsas gətirməklə mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, tərəf iddia tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar