Məhkəmə qərarları › İş №e-2(001)-1092/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1092/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1092/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 14436.31 manat məbləğində əsas borcun, 1003.24 manat məbləğində faiz borcunun, cəmi 15439.55 manat borcun və 136 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 25% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh2 və Cavabdeh1 (zaminlər) həmin müqаviləyə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh3 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh3 bütün öhdəliklərini icrа еtməlidir. Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdeh tərəfindən sonuncu dəfə 2022-ci ilin dekabr ayında 250 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışda bütün ödənişlər öz əksini tapıb.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, onun ümumiyyətlə tələb edilən borcu ödəmək imkanı yoxdur. Müqavilə üzrə o, ancaq borclu olan Zöhrabın borcun ödənilməsindən yayınmasının qarşısının alınması və məhkəmədə iştirakının təmin edilməsi üçün zamin durmuşdur. Hazırda ailəsinin gəliri minimal yaşayış səviyyəsindən olduqca aşağıdır. Ailə tərkibi, özü, yoldaşı və azyaşlı uşağıdır. Faktiki gəliri isə 350 manat maaş, 80 manat veteran pulundan ibarətdir. Özü ikinci Qarabağ müharibəsində iştirak etmiş, veteren olmuşdur.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, borcunu ödəmək istəsə də, birdəfəlik ödəmək imkanı yoxdur. Bankla razılığa gələrək yenidən ödəniş qaydasının müəyyən edilməsini istəyir. Noyabr ayında 350 manat, dekabr ayında isə 250 manat ödəniş etmişdir ki, bir aylıq ödəniş məbləği tamamlansın.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, bağlanmış kredit müqaviləsi üzrə 4000 manat pul ödəməsinə baxmayaraq, bankın əsas borcdan cəmi 560 manat silməsini əsaslı və düzgün hesab etmir.Cavabdeh1 qayınatasının iş yoldaşı, Cavabdeh2 qaynıdır. Məhkəmə hazırlıq iclasının vaxtı barədə məlumatları var, lakin işdə olduqları üçün məhkəmə hazırlıq iclasında iştirak edə bilmirlər. Sonuncu dəfə 2022-ci ilin noyabr ayında 350 manat ödəniş etmişdir. İş üzrə təqdim edilmiş ekspert rəyi ilə razıdır.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 03 fevral 2022-ci il tarixli, RM/84071/84/15 saylı kredit sazişinə əsasən əsasən bank Cavabdeh3 36 ay müddətinə, illik 25 % ödəmək şərtilə, aylıq ödəniş 596,4 manat olmaqla 15000 manat kredit verməyi, Cavabdeh3 isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. İlkin ödəniş tarixi 03 mart 2022-ci il, sonuncu ödəniş tarixi 03 fevral 2025-ci il olaraq müəyyən edilmişdir. Zamin Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 03 fevral 2022-ci il tarixli, RM/84071/84/15 saylı kredit sazişi üzrə kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.

9. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 banka 14436,31 manat əsas, 1003,24 manat faiz borcu vardır.

10. İddiaçı ASC tərəfindən təqdim edilən 03 fevral 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh3 hesabına 03 fevral 2022-ci il tarixində 15000 manat məbləğində kredit verilmişdir.

11. İddiaçı ASC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətinə əsasən cavabdehə 03 fevral 2022-ci il tarixli, RM/84071/84/15 saylı kredit sazişi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 3 gün ərzində ödənilməsi əks təqdirdə vaxtından əvvəl olaraq kredit müqaviləsinin ləğv ediləcəyi və bütün borc məbləğinin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində kredit müqaviləsi üzrə 350 manat ödəniş edilmiş, bu ödəniş faiz borcundan silinmiş, xx.xx.2022-ci il tarixində isə 250 manat ödəniş edilmiş, ödəniş kredit üzrə faiz borcunun ödənilməsinə silinmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1371 saylı ekspert rəyindən görünür ki, borcalan Cavabdeh3 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli borc xx.xx.2022-ci il tarixə 14400,90 manat əsas, 470,15 manat faiz borcu müəyyən edilmişdir. Rəydə göstərilir ki, hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixindən sonrakı dövrdə 250 manat məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi xx.xx.2022-ci il tarixə göstərildiyindən həmin tarixdən sonrakı dövrdə ödənilmiş 250 manat məbləğində ödəniş hazırki hesablamalar zamanı nəzərə alınmamışdır. Ekspertiza tədqiqatının dəyəri 145 manatdır

14. 16.12.2022-ci tarixində iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün elektron qaydada 136 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

15. İddiaçı ASC ilə Cavabdeh3, zamin Cavabdeh1 və Cavabdeh2 arasında 03 fevral 2022-ci il tarixli, RM/84071/84/15 saylı kredit sazişi imzalanmış və müqaviləyə 1 saylı əlavəyə əsasən bank Cavabdeh3 36 ay müddətinə, illik 25 % ödəmək şərtilə, aylıq ödəniş 596,4 manat olmaqla 15000 manat kredit verməyi, Cavabdeh3 isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Kredit sazişi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunmuş və cavabdeh – zaminlər Cavabdeh1 və Cavabdeh2 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdürlər.

16. Kredit məbləği borcalan Cavabdeh3 tərəfindən qəbul edilmişdir və bu barədə mübahisə yoxdur. Lakin iddiaçı tərəfindən tələb edilən borc məbləği borcalan tərəfindən mübahisələndirildiyindən, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/1371 saylı ekspert rəyi ilə borcalan Cavabdeh3 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli borc xx.xx.2022-ci il tarixə 14400,90 manat əsas, 470,15 manat faiz borcu kimi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri isə 145 manatdır.

17. Məhkəmə araşdırması dövründə borcalan tərəfindən kedit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 350 manat ödəniş edilmiş, bu ödəniş faiz borcundan silinmiş, xx.xx.2022-ci il tarixində isə 250 manat ödəniş edilmiş, həmin ödəniş də, kredit üzrə faiz borcunun ödənilməsinə silinmişdir. Lakin təqdim edilən ekspert rəyində borcalan tərəfindən xx.xx.2022-ci il tarixində edilən 250 manatlıq ödəniş nəzərə alınmamış, çünki ekspert tərəfindən yalnız xx.xx.2022-ci il tarixədək olan dövr hesablanmışdır.

18. İddiaçı tələbini müqavilədən irəli gələn öhdəliyin pozulması ilə əsaslandırır və öhdəliyin icrasını tələb edir. iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

19. Borcalan kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra edə bilməməsini qəbul edir. Zamin olan digər cavabdeh isə tələb edilən borc məbləğini ödəmək imkanının olmadığını, ümumiyyətlə borca yox, borclunun davranışına zamin durduğunu bildirməklə, iddianı qəbul etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

22. 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

23. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

24. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər;

25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

26. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

27. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

28. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

29. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

30. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

31. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

32. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

33. Sadalanan normaların məzmunundan da göründüyü kimi öhdəliyin yaranma əsaslarından biri müqavilədir və müqavilə tərəfləri qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini icra etməyə borcludurlar.

34. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi etibarlılığı mübahisələndirilməyən kredit və zaminlik müqavilələrinə əsasən tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kreditor müqavilə üzrə öhdəliyini icra etsə də, borcalan və zamin öhdəliyini lazımi qaydada icra edə bilməmişdir. Belə ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir və kreditoru müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etməklə ona zərər vurmuşdur. Halbuki borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə zamin kimi Cavabdeh3 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Bu səbəbdən məhkəmə kreditorun borcun geri qaytarılması barədə tələbini əsaslı hesab edir.

35. Buna baxmayaraq məhkəmə tələb edilən borcun məbləğini qismən əsaslı sayır. Belə ki, məhkəmə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olan xx.xx.2023-cü il tarixli, 9/1371 saylı ekspert rəyinə mötəbər sübut kimi qiymət verərək, hesab edir ki, əsas borc ekspert rəyinə uyğun hesablanmalı, kredit sazişi üzrə əsas borca görə 14400,9 manat, məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Nəzərə alınmalıdır ki, borcalan təqdim edilən ekspert rəyi ilə razılaşmış, iddiaçının nümayəndəsi tərəfindən də, rəyə etiraz edilməmişdir.

36. Lakin tələb edilən faiz borcuna münasibətdə isə məhkəmə hesab edir ki, təqdim edilən ekspert rəyində borcalan tərəfindən edilmiş sonuncu ödəniş nəzərə alınmadığından faiz borcu, ekspert rəyinə uyğun hesablana bilməz. Belə ki, xx.xx.2023-cü il tarixli, 9/1371 saylı ekspert rəyində xx.xx.2022-ci il tarixə faiz borcunun məbləği 470,15 manat kimi hesablanmışdır. xx.xx.2022-cü il tarixində isə borcalan tərəfindən 250 manat ödəniş edilmiş, həmin ödəniş hesabdan çıxarışdan da, göründüyü kimi faiz borcundan silinmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, borcalan tərəfindən xx.xx.2022-ci il tarixdə edilmiş 250 manat məbləğində ödəniş, ekspert tərəfindən hesablanan 470,15 manat məbləğində faiz borcundan çıxılmalı və faiz borcu (470,15-250) 220,15 manat məbləğində müəyyən edilməlidir.

37. Çünki tərəflər arasında bağlanan İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə bağlı müqavilənin 3.8-ci bəndindən görünür ki, kredit üzrə müştəri tərəfindən ödənilən məbləğ əgər bu şərtlərin xüsusi hissəsində hər hansı kredit məhsulu üzrə fərqli qayda müəyyən edilməmişsə, ilk növbədə banka dəyən zərərin, sonra hesablanmış cərimənin, komisyon haqların, kredit üzrə hesablanmış faizlərin ən nəhayət kreditin ödənilməsinə yönəlir. Bank bu bənddə göstərilən ödənilən məbləğin yönəldilməsi ardıcıllığından fərqli ardıcıllıq müəyyən edə bilər.

38. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir.

39. Belə ki, Azərbaycan Respublikası MM-nin:

40. 421-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

41. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli plenum qərarında göstərilmişdir ki, Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

43. Odur ki, kreditor müqavilədən imtina edərək və bunu müqavilənin digər tərəfinə bildirərək müqavilə üzrə yaranmış borcu tələb etdiyindən artıq tərəflər arasında olan müqavilənin ləğv edilməklə xitam verildiyi hüquqi nəticəsi yaranmışdır və bunun üçün ayrıca məhkəmə qərarının qəbul edilməsinə zərurət yoxdur. Tətbiq edilən prosessual normalar:

44. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin:

45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

46. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

48. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

49. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin edilməli, 03 fevral 2022-ci il tarixli, RM/84071/84/15 saylı kredit sazişi üzrə əsas borca görə 14400,9 manat, faiz borcuna görə 220,15 manat olmaqla, ümumilikdə 14621,05 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

50. İddianın təmin edilmiş hissəsinə münasibətdə 130 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

51. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 137 manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 8 manat məbləğində hissəsi isə Bank of Baku" Açıq Səhmdar Cəmiyyətindan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

52. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 03 fevral 2022-ci il tarixli, RM/84071/84/15 saylı kredit sazişi üzrə əsas borca görə 14400,9 manat, faiz borcuna görə 220,15 manat olmaqla, ümumilikdə 14621,05 (on dörd min altı yüz iyirmi bir manat, beş qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə münasibətdə 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul vəsaitinin 137 (yüz otuz yeddi) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 8 (səkkiz) manat məbləğində hissəsi isə “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətindan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar