Məhkəmə qərarları › İş №e-2(001)-1116/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1116/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1116/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Abdulova İlahə Telman qızının katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı AccessBank QSC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 AccessBank QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 837,33 manat ödəmiş, 9162,67 manat məbləğində borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 89 gün üçün hesablanmış faiz borcu 477,11 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 89 gün təşkil edir. Cavabdeh2 xx.xx.2022-ci il tarixə 89 gün üçün hesablanmış cərimə borcu 105,5 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borcalanın bütün öhdəliklərini icra etməlidir. Ona görə də, Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı AccessBank Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 9162,67 manat məbləğində kredit borcun, 477,11 manat məbləğində faiz borcunun və 105,05 manat məbləğində cərimənin, 117,45 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli uzunmüddətli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə qaytarmaq şərti, aylıq 1,8333% ödəmək şərti ilə 10000 manat kredit verməyi öhdəsinə götürmüşdür. AccessBank QSC-nin xx.xx.2022-ci il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində əsas borca görə 10000 manat, faiz borcuna görə 3814,95 manat olmaqla, cəmi 13814,95 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən AccessBank QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 025G**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 borcverən AccessBank QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 025A********** saylı uzunmüddətli kredit müqaviləsindən əmələ gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birlikdə bank qarşısında birkə məsuliyyət daşıyır. AccessBank QSC-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixinə əsas borca görə 9162,67 manat, faiz borcuna görə 477,11 manat borc, cəriməyə görə 105,05 manat olmaqla cəmi 9744,83 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 89 gün təşkil edir. AccessBank QSC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2023-cü il tarixinə əsas borca görə 8977,47 manat, faiz borcuna görə 719,51 manat, cəriməyə görə 173,6 manat olmaqla cəmi 9870,58 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 102 gün təşkil edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Həmin Məcəllənin 424.2.-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 8977,47 manat, faiz borcuna görə 477,11 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının müqavilənin ləğv edilməsinə, kredit razılaşması üzrə birgə borclulardan müştərək qaydada əsas borca görə 8977,47 manat, faiz borcuna görə 477,11 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 30 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, əsas borca görə 8977,47 manat, faiz borcuna görə 477,11 manat, cəriməyə görə 30 manat, dövlət rüsumuna görə 117,45 manat olmaqla cəmi 9602,03 manat AccessBank QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar