Məhkəmə qərarları › İş №e-2(001)-1122/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1122/2023

17.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1122/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 20000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı ilə mərhum X8 arasında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 5/149 saylı sahədən 0,06 ha. torpaq sahəsini ******* (əvvəlki məzənnə ilə) manata A. Mustafayevə satılması barədə 19 noyabr 2005-ci il tarixində alqı-satğı müqaviləsi bağlanmışdır. Sözügedən əmlaka dair A. Mustafayevin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmamışdır. Hazırda torpaq sahəsinin başqa şəxsə satılmasına əsaslanaraq iddiaçı cavabdehlərdən pul tələb edir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bacanağı X5 əvvəllər tanımadığı X3 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 5/149 saylı sahədən 0,06 ha. torpaq sahəsini əvvəlki məzənnə ilə ******* manata, yəni 11000 ABŞ dollarına almış, həmin torpaq sahəsinə dair mülkiyyətə verilməsi haqqında şəhadətnamə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhəri şöbəsi tərəfindən verilmiş 10836 saylı, xx.xx.2005-ci il tarixli arayışı olmu., alğı-satqı əməliyyatı Bakı şəhəri 30 saylı dövlət notariat kontorunda aparılmaqla, müqavilə iddiaçının adına rəsmiləşdirilmiş, sənədlərdə həmin torpaq sahəsinin ümumilikdə 0,12 ha. olduğu göstərilsə də, əslində təxminən 0,16 ha. olmuşdur. Bədal Qasımov almış olduğu torpaq sahəsinin ətrafına bir neçə gün sonra mişar daşından hasar çəkdirməklə, giriş-çıxış darvazası qoymuş, başqa tikili işi aparmamışdır. Ailə üzvlərinin və qohumlarının dünyasını dəyişməsindən mənəvi sarsıntı keçirmiş və həmin torpaq sahəsi nəzarətsiz qalmışdır. 2017-ci ilin axırlarında həmin torpaq sahəsinə baxmaq üçün gələrkən həyətə giriş-çıxış qapısının qıfılının dəyişdirildiyini görmüş, səbəbini Çingiz Əliyevin həyat yoldaşından soruşarkən sonuncu Çingiz Əliyevin bir həftə əvvəl rəhmətə getməsini, bundan əvvəl həmin torpaq sahəsini X1 demiş, hətta həmin torpaq sahəsinə çıxarış aldığı bəlli olmuşdur. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, cavabdehlərdən Cavabdeh1 mərhum X4 arvadı, Cavabdeh2 isə qızıdır. Bədal Qasımov yaxış ailə üzvlərinin, qohumlarının ard-arda vəfatından sarsıntı keçirmiş, torpaq barəsində maraqlanmamışdır. Sonradan isə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi başqa şəxsin adına alğı-satqı edilmişdir. Bədal Qasımovun həmin torpaq sahəsinin alınması üçün ödədiyi məbləğ indiki məzənnə ilə 20000 manat təşkil edir. Çingiz Əliyev vəfat etdiyindən və alğı-satqı müqaviləsi İddiaçılə bağlandığından, hazırda İddiaçı həmin torpaqla bağlı ödənilmiş pulun əvəzini cavabdehlərdən tələb edir. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddia ərizəsində iddiaçı özü etiraf etmişdir ki, torpaq sahəsinin alınması üçün pul vəsaiti Çingiz Əliyevə məhz Bədal Qasımov tərəfindən ödənilmiş, ümumiyyətlə torpaq sahəsini Bədal Qasımov almış, sadəcə iddiaçının adına rəsmiləşdirmişdir. Belə olan halda, iddiaçının tələb hüququ yoxdur. Digər tərəfdən, işin halları ilə müəyyən edilir ki, iddiaçı tərəf mərhum X8 ilə 2005-ci ildə torpaq sahəsinin alğısatqısı ilə bağlı müqavilə imzalamışdır. Həmin müqaviləyə əsasən satıcı Çingiz Əliyev müqavilədən irəli gələn bütün öhdəliklərini xx.xx.2005-ci il tarixədək icra etməyi öz öhdəsinə götürmüşdür. Belə olan halda, iddiaçının tələb hüququ məhz xx.xx.2005-ci il tarixdən etibarən yaranmışdır, yəni onun öz hüquqlarının pozulduğunu bilməli olduğu andan etibarən. Lakin, iddiaçı 17 il ərzində Çingiz Əliyev və ya onun ailə üzvlərinə qarşı məhkəmədə tələb irəli sürməmişdir. Göründüyü kimi, bağlanmış müqavilənin predmeti daşınmaz əmlak hesab edilir və bu səbəbdən həmin müqavilədən irəli gələn tələblərə 6 illik iddia müddətləri tətbiq edilməlidir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb, iddia müddəti tətbiq edilməklə (cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəsini məhkəmə iclasında təqdim etdi) iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - AN-İ seriyalı, ******* nömrəli, 19 noyabr 2005-ci il tarixli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, X8 Bakı şəhəri, Şağan qəsəbəsi, 5/149 saylı sahədə yerləşən 0,12 ha. torpaq sahəsindən 0,6 ha. hissəsini köhnə məzənnə üzrə ******* manata İddiaçı satmışdır. - Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi K.B.Rəhimov tərəfindən qəbul edilmiş 31 iyul 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, X5 02 may 2019-cu il tarixdə Bakı şəhər Xəzər rayon prokurorluğuna ərizə ilə müraciət edərək, 2005-ci ildə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X3 Şağan qəsəbəsi ərazisindən ******* (11000 ABŞ dolları) manata qohumu İddiaçı adına almış olduğu 600 kv.metr torpaq sahəsini 2017-ci ildə başqa şəxsə satmış mərhum Çingiz Əliyevin həyat yoldaşı Ofeliya və qızları Kuşvarə, Aynurun cinayət məsuliyyətinə cəlb olunmasını, ona dəymiş maddi ziyanın qaytarılmasına köməklik göstərilməsini xahiş etmiş, mərhum Çingiz Əliyevin həyat yoldaşı Ofeliya və qızları Kuşvarə, Aynurun araşdırmaya gəlmələrinin təmin olunmaması səbəbindən izahatları alınmamış, toplanmış materialda cinayət tərkibi olmadığından, material üzrə ciayət təqibinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir - 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İşin halları ilə müəyyən edilir ki, İddiaçı torpaq sahəsinin alğı-satqısı ilə bağlı 09 noyabr 2005-ci il tarixdə X8 ilə müqavilə bağlamış, müqaviləyə əsasən, ona satılacaq torpaq sahəsinin əvəzində Ç.Əliyevə köhnə məzənnə üzrə 9 milyon 200 min manat pul ödəmişdir. Çingiz Əliyevin vəfat etməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməsə də, həm iddiaçı, həm də cavabdeh tərəfin izahatları ilə məhkəmə bu faktı işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir. Lakin, Çingiz Əliyev tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin sonradan digər şəxsin xeyrinə alğı-satqı hərəkətlərinin kim tərəfindən aparılması, iddianın hansı əsasla məhz Cavabdeh1 və Cavabdeh2 yönəlməsi ilə bağlı iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı Çingiz Əliyevin miras əmlakının mövcudluğu, cavabdehlərin qanun və ya vəsiyyətnamə üzrə onun vərəsələri hesab olunması, vərəsəliyin kim tərəfindən və hansı həcmdə qəbul edilməsinə dair də heç bir sübüt təqdim edilməmiş, tələbin bu hissəsi formal mülahizələrə əsaslanmışdır. Digər tərəfdən, tələb olunan məbləğ 20000 manatdır ki, iş materialları ilə torpaq sahəsinin əvvəlki məzənnə ilə 9 milyon 200 min manat satıldığı müəyyən edilir. İddiaçının hansı əsasla məhz 20000 manat tələb etməsi də anlşılan deyil. Göstərilənlər iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmənin qənaətinə görə yuxarıda sadalanan əsaslar aradan qalxmış olsaydı belə iddia yenə təmin edilə bilməzdir. Belə ki, iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsinin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə mərhum X8 arasında bağlanmış 09 noyabr 2005-ci il tarixli müqavilənin 11-ci bəndində göstərilmişdir ki, “Satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan həmin gün müddətində onun faktiki sahibliyinə və istifadəsinə verməyi, Alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür.” Yəni, daşınmaz əmlak 09 noyabr 2005-ci ildə iddiaçıya təhvil verilməli, iddiaçı tərəfindən qəbul edilməli idi. İddiaçı isə hazırki iddia ərizəsi ilə 21 dekabr 2022-ci il tarixdə, yəni təxminən 17 il sonra müraciət etmişdir ki, bu halda da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində müəyyən edilmiş müddət keçirildiyindən iddiaçının tələbi bu əsasla da rədd olunmalıdır. Hazırki halda 6 illik iddia müddəti tətbiq olunduqda iddiaçının hazırki tələblə məhkəməyə müraciəti üçün son tarix 09 noyabr 2011-ci il olduğu halda, iddiaçı hazırki ərizə ilə məhkəməyə 21 dekabr 2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı ərizəsində yaxın qohumlarının vəfatı ilə əlaqədar sarsıntı keçirməsi səbəbindən torpaq maraqlanmadığını, 2017-ci ildə torpağın başqa şəxsə satıldığını müəyyən etdiyini göstərsə də, məhkəmə göstərilənləri iddia müddətini buraxmağa üzrlü səbəb kimi qəbul etmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar