Məhkəmə qərarları › İş №e-2(001)-1141/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1141/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1141/2025 10.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İş üzrə Cavabdeh İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixli, 009A********** saylı ərizəyə əsasən Bankın internet səhifəsinə yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1.6667 olmaqla, 48 aylıq müddətə, hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 782.49 manat ödəniş etmiş və 13.217.51 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024cü il tarixə 109 gün üçün hesablanmış faiz borcu 999.81 manat təşkil edir. Müqaviləyə əsasən, borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 109 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 169.98 manat təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 13217.51 manat məbləğində kredit borcu, 999.81 manat məbləğində faiz borcu və 169.98 manat məbləğində cərimə olmaqla, ümumilikdə 14387.30 manat məbləğində borcun və 133.16 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə baxılması ilə əlaqədar məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, bankla müqavilə bağlamış və şəxsi ehtiyacları üçün kredit götürmüşdür. Əvvəllər işləməsinə baxmayaraq, hazırda uzun müddətdir ki, işsizdir. Başqa banka da borcu var, qərar qəbul olunarkən maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli, 009A********** saylı ərizə, xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667 olmaqla, 48 aylıq müddətə, hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. Kredit borcundan 782.49 manat ödəniş edilmiş və 13217.51 manat məbləğində əsas borcu, 999,81 manat faiz borcu, 169,98 manat cərimə borcu qalmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh mövcud olan borc və borc ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, “... ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. İddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 13217.51 manat əsas borc, 999,81 manat faiz borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 14317,32 manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13217.51 (on üç min iki yüz on yeddi manat, əlli bir qəpik) manat əsas borc, 999,81 (doqquz yüz doxsan doqquz manat, səksən bir qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla ümumilkdə 14317,32 (on dörd min üç yüz on yeddi manat otuz iki qəpik) manat məbləğində borc həmçinin, dövlət rüsumu üçün ödənilmiş məbləğin 132,95 (yüz otuz iki manat, doxsan beş qəpik) manat hissəsi alınaraq İddiaçı QSC-yə verilsin. Qalan hissədə (cərimə) iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar