Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1148/2023 13.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 6609,93 manat əsas; 1242,16 manat faiz; cəmi 7852,09 manat pul vəsaitinin və 98,53 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 72 ay müddətinə 6609,93 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022ci il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən 6609,93 manat əsas; 1242,16 manat faiz; cəmi 7852,09 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən 6609,93 manat əsas; 1242,16 manat faiz, cəmi 7852,09 manat əsas və 98,53 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda ərizədə gələcək iclaslarda işə onların iştirakı olmadan baxılmasını xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, o, iddiaçı bankdan xx.xx.2020-ci il tarixdə anasının xəstəliyi ilə bağlı cəmi 4.700 manat məbləğində kredit götürmüş, həmin kredit məbləğindən ödənişlər də etmişdir. Daha sonra anasının vəfat etməsi və onun işdən çıxması onu maddi baxımdan çətin vəziyyətə salmış və o, banka ödənişlər edə bilməmişdir. Banka yaxınlaşıb dəfələrlə ona güzəşt olunmasını xahiş etsə də, nəzərə alınmamışdır. Hazırda xx.xx.2022-ci il tarixdə iddiaçı bankın Şuşa Filialında bağlanmış müqaviləyə əsasən ondan cəmi 7.852,09 manat kredit borcu tələb edilsə də, lakin o, həmin tarixdə tələbdə göstərilən məbləğdə kredit götürməmişdir. Kredit götürmək istəsə də, bank verməzdi. Çünki, ödənilməmiş kredit borcu var, əlavə olaraq iş yeri yoxdur. Belə olan halda bank kiməsə kredit vermir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, iddiaçı bankın “Şuşa” Filialında olmuş, lakin kredit götürməmişdir. Onu “Şuşa” filialına ona görə çağırmışdılar ki, onunla bağlanmış 2020-ci il tarixli müqaviləni restrukturizasiya etsinlər. Çünki ödənişləri edə bilmirdi. Həmin vaxt hansısa sənədlərə imza atmışdır, lakin həmin sənədləri oxumamışdır. İş materiallarında olan sənədlərdəki imzalar ona məxsusdur. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə bankla müqavilə bağlayaraq 4.700 manat kredit götürmüşdür. Bir müddət keçəndən sonra ödənişləri edəyə bilmədiyinə görə kredit restruktrizasiya edilmiş, xx.xx.2021-ci il tarixdə 6.159,46 manat məbləğində yeni müqavilə bağlanmış, yenidən cədvələ salınmışdır. Bir müddət sonra müştəri yenidən ödənişlər etməmiş, kredit gecikməyə düşmüşdür. Yendən müştəri təkrar banka müraciət etmiş və bildirmişdir ki, artıq yeni cədvəldən çıxdığından sonuncu dəfə ona şans verərək yenidən borcun cədvələ salınmasını xahiş etmişdir. Müştərinin bu müraciəti nəzərə alınmış və xx.xx.2022-ci il tarixdə kredit restruktrizasiya edilmiş və 6.609,93 manat məbləğində yeni kredit müqaviləsi bağlanmışdır. Hazırda qüvvədə olan bankın Şuşa filialında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsidir. Digər kredit müqavilələri restruktrizasiya ilə bağlı müqavilələrdir. Borclu ilə dəfələrlə telefon əlaqəsi yaradılmışdır, lakin borclu bildirmişdir ki, imkanı olmadığına görə ödəniş edə bilmir. Hesab edir ki, məhkəmədə cavabdehin müxtəlif fikirlər bildirməsi, bu cür sözləri işlətməsini yalnız borcu ödəməkdən yayınması kimi qiymətləndirilməlidir. İddiaçı tərəf kimi bildirir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, iddia ərizəsi tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçı tərəfin ərizəsi ilə tanışdır. İddiaçının qeyd etdiyi kimi, hazırki iş materiallarında olan müqavilə restrukturizasiya ilə bağlı olan müqavilədir, çünki onunla bank arasında yeni kredit müqaviləsi bağlanmamışdır. O, restrukturizasiya edilmiş kredit borcunun məbləği ilə razı deyil, belə ki, onun əsas borcu 4.700 manat məbləğində olmuşdur. Ona görə də o, iddianı 4.700 manat əsas borcun tutulması hissəsində qəbul edir, digər hissələr də isə iddianı qəbul etmir. Ona verilmiş suala cavab olaraq isə bildirmişdir ki, o, müqavilə bağlanarkən 6609,93 manat əsas borcu mübahisələndirməmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb və sübutları hərtəfəli tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2022ci il tarixli, RGTK 4695023A116 saylı kredit müqaviləsindən görünür ki, bank sonuncuya 6609,93 manat məbləğində 72 ay müddətə illik 20 faiz dərəcəsi ilə kreditin verməyi, borcalan isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 6609,93 manat əsas, 1242,16 manat faiz, cəmi 7852,09 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 98,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilmiş: xx.xx.2020-ci il tarixli GTKR3186764A118 saylı kredit müqaviləsinə Əlavədən (ödəniş qrafiki) görünür ki, Cavabdeh GTKR3186764A118 nömrəli kredit müqaviləsi üzrə 4.700 manat məbləğində krediti 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə götürmüşdür. xx.xx.2021-ci il tarixli RGTK4036347A118 saylı kredit müqaviləsinə Əlavədən (ödəniş qrafiki) görünür ki, Cavabdeh RGTK4036347A118 nömrəli kredit müqaviləsi üzrə 6.159,46 manat məbləğində krediti 55 ay müddətinə illik 20 faiz dərəcəsi ilə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin təqdim etdiyi ödəniş qrafiklərinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin ərizəsindən, həmçinin cavabdehin özünün verdiyi izahatdan müəyyən edildi ki, həmin ödəniş qrafikləri cavabdeh tərəfindən eyni kredit müqaviləsi üzrə götürülmüş kredit borclarının restrukturizasiya edilməsi ilə bağlı tərtib edilmiş ödəniş qrafikləridir. Tərəflər arasında bağlanmış sonuncu restrukturizasiya edilmiş kredit borcu üzrə bağlanmış müqavilə hazırki iş materiallarında əksini tapan xx.xx.2022-ci il tarixli müqavilədir. Eyni zamanda, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı kredit borcunun restrukturizasiyası müqaviləsində göstərilən əsas məbləğlə, yəni 6.609,93 manatla razı olmadığını bildirsə də məhkəmə qeyd edir ki, həmin məbləğ tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqavilə bağlanaraq müəyyən edilmiş məbləğdir. Həmin məbləği cavabdeh müqavilə bağlanarkən mübahisələndirməmiş, əksinə həmin məbləğdə olan krediti faizi ilə birlikdə iddiaçıya qaytarmağı vəd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən 6609,93 manat əsas, 1242,16 manat faiz, cəmi 7852,09 manat məbləğində pul vəsaitin və iş üzrə ödənilmiş 98,53 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən 6609,93 manat əsas, 1242,16 manat faiz, cəmi 7852,09 (yeddi min səkkiz yüz əlli iki manat, doqquz qəpik) manat məbləğində borc və iş üzrə ödənilmiş 98,53 (doxsan səkkiz manat, əlli üç qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-1148/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1148/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver