Məhkəmə qərarları › İş №e-2(001)-1163/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1163/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1163/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 1 709.48 manat əsas borc, 315.45 manat cari faiz borcu və 150.00 manat cari dəbbə borcu olmaqla, cəmi 2 174.93 manat kredit borcunun və 42.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış 05 may 2023-cü il tarixli BAKU1-69581-22605 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 39% faizlə, 24 ay müddətinə 3 100.00 (üç min bir yüz) manat kredit verilmiş və kreditin aylıq 188.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 arasında 05 may 2023-cü il tarixli BAKU1-69581-22605+GARA-5293 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 27 noyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 1 709.48 manat əsas borc, 315.45 manat cari faiz borcu və 150.00 manat cari dəbbə borcu olmaqla, cəmi 2 174.93 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BAKU1-69581-22605 №-li kredit müqaviləsindən görünür ki, BOKT tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 39% dərəcəsi ilə 3100 manat məbləğində krеdit vеrilmişdir. -Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, borcalan tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəli üzrə krediti vaxtında qaytarmadıqda, kredit verən hər gecikdirilən təqvim günü üçün kreditin və faizlərin ödənilməmiş hissəsinə görə, gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə, kreditin ödənilməli olan, lakin, ödənilməmiş hissəsinin 1% miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. xx.xx.2023-cü il tarixli BAKU1-69581-22605 №-li kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, xx.xx.2023-cü il tarixli BAKU1-69581-22605 №-li kredit müqaviləsi üzrə ödənişlərin hər ay 188 manat olmaqla xx.xx.2025-ci il tarixə kimi ödənilməsi razılaşdırılmışdır. -"xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BAKU1-69581-22605+GARA-5293 №-li Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli BAKU1-69581-22605 № li kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrası üçün üzərinə zamin olaraq məsuliyyət götürmüşdür. -Həmin müqavilənin 2.1-ci bəndinə əsasən zamin və borclu Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmamasına görə o, cümlədən lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. -Hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli BAKU1-69581-22605 №li kredit müqaviləsi üzrə 3100 manat məbləğində pul xx.xx.2023-cü il tarixində Cavabdeh2 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024cü il tarixə 1709,48 manat məbləğində əsas borcu, 315,45 manat məbləğində faiz, 150 manat dəbbə borcu olmaqla, cəmi 2174,93 manat borcu mövcuddur. -İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubu və məktubun göndərilməsini təsdiq edən qaimələrdən görünür ki, iddiaçı borcluları xx.xx.2023-cü il tarixli BAKU1-69581-22605 № li kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı xəbərdar etmiş və 1709,48 manat məbləğində əsas borcu, 196,92 manat məbləğində faiz borcu, 198,11 manat dəbbə borcu olmaqla, cəmi 2104,51 manat borcun 5 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, cavabdeh X1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə, Cavabdeh1 xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və BOKT-a ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, hesab edirəm ki, iddia tələbi 1709,48 manat məbləğində əsas borcun və 150 manat məbləğində dəbbə pulunun tutulması hissəsində əsaslıdır. İddia tələbinin faiz hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 315,45 manat məbləğində faiz məbləğinin tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu (bildiriş) göndərərək cavabdehdən müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı cəmiyyət tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Məhkəmə həmin qərara əsasən hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavabdehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutlara məcmuu halında qiymət verərək, hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, digər Cavabdeh1 onun öhdəliklərinin icrası üçün üzərinə məsuliyyət götürdüyündən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli BAKU1-69581-22605 №-li kredit müqaviləsinə əsasən 1709,48 manat əsas, 196,92 manat faiz borcu və 150 manat dəbbə pulu olmaqla, cəmi 2056,4 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinən ödənilmiş dövlət rüsumunun 40,56 manatının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1709,48 (bir min yeddi yüz doqquz manat 48 qəpik) manat məbləğində əsas bоrc, 196,92 (bir yüz doxsan altı manat 92 qəpik) manat məbləğində faiz borcu və 150 (bir yüz əlli) manat məbləğində dəbbə pulu və 40,56 (qırx manat 56 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2096,96 (iki min doxsan altı manat 96 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar