Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1171/2022 12.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında olan mülki işə məhkəmənin inzibati binasında baxaraq, Müəyyən etdim: İddiaçı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 149 manat qalıq borcun, 8,05 manat cərimə borcu olmaqla, cəmi 157,06 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat övlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İddiaçı 11.01.2022-ci il tarixində elektron qaydada məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılıb, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmasını xahiş etmişdir. Ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi aşağıdakılara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, iddiaçı ərizənin baxılmamış saxlanılmasını xahiş etsə də, mülkiprosessual qanunvericilikdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat çərçivəsində iddianın baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. İddiaçının ərizəsini nəzərə alaraq analoji münasibətləri tənzimləyən hüquq normalarına istinad edilməsini məqsədəuyğun hesab edirəm. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində qeyd olunmuşdur ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, sadələşdirilmiş icraat məhkəmə baxışı keçirilmədən həyata keçirilən icraat olduğundan, ərizənin baxılmamış saxlanılması əsasları isə məhkəmə baxışı mərhələsinə aid olduğundan iddiaçının hazırki ərizəsinə MPM-nin 152 və 170-ci maddələrinin analogiya üzrə tətbiq olunaraq iddia ərizəsinin geri qaytarılması aspektindən yanaşılması məqsədəmüvafiqdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, hesab edirəm ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi iddiaçının ərizəsi əsasında geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 13, 152, 170-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçınə ödənilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-1171/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1171/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver