Məhkəmə qərarları › İş №e-2(001)-118/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-118/2023

14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-118/2023 14.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Vəliyev Pərvı̇ n Tehran oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1448 manat maddi ziyan, 36 manat məbləğində dövlət rüsumu, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, ümumilikdə 1584 manat pul vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 25 iyul 2018-ci il tarixli MAS-85 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən cavabdehə lizinqə verilmiş “Ravon Nexia R3” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD130892 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA046927, ağ rən) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, cavabdeh 07 oktyabr 2021-ci il tarixdə icarə haqqını ödəyə bilmədiyini deyərək avtomobili iddiaçıya təhvil vermişdir. İddiaçı avtomobilə baxış keçirərkən avtomobilin apornu, lampalar, akkumulyator və digər bir neşə ehtiyat hissələrində nasazlıqlar olduğunu və avtomobildə dəmirçi, plasmasçı, armaturçu, çilingər, rəngsaz, balans, razval və elektrik işlərinin görülməli olduğunu aşkarlamışdır. Həmin vaxt avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 1448 manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 1448 manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini və ekspert rəyində göstərilən məbləği ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - MAS-85 saylı, xx.xx.2018-ci il tarixli “Daxili lizinq” müqaviləsinə dəyişikliklər edilməsinə dair 1 nömrəli razılaşmaya, öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən, “Ravon Nexia R3” minik markalı avtomobil xx.xx.2018-ci il tarixdə İddiaçı təhvil verilmişdir. - MAS-85 saylı “Daxili lizinq” Müqaviləsinə 3 saylı əlavənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən İddiaçı hər ay 383,92 manat sabit pul məbləğində borcu "xxxx" MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli, 31 saylı İcarə Müqaviləsinə və təhvil-təslim aktına əsasən, MAS-3778 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Ravon Nexia R3” minik markalı avtomobil Cavabdeh icarəyə verilmişdir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. - X4, X2, X5 və X3 tərəfindən imzalanmış akta əsasən, “Ravon Nexia R3” minik markalı avtomobilə dayaq diski (apornu), akkumlyator, baqajın rezini, arxa təkərin qovşağı (stupiça paşemnik arxa L), yağ və filtirlər və s. zərər dəymişdir. - RS Avtoservis Mərkəzinin dəymiş zərərin hesablanmasına dair aktından gürünür ki, “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan 1448 manat məbləğindədir. - Xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məlumat göndərilərək 01 fevral 2022-ci il tarixinədək avtomobilə dəymiş zərəri ödənilməsini xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5853 nömrəli ekspert rəyindən görünür ki, “Ravon Nexia R3” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 938 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. - 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli 31 nömrəli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmçinin həmin müqavilənin 1.8-ci və 4-cü bəndlərinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı dəymiş ziyanın həqiqi həcminin 1448 manat məbləğində deyil, 938 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə-əmtəə ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə sübuta yetirildiyindən, iddiaçıya vurulmuş ziyanın həqiqi həcmi 938 (doqquz yuz otuz səkkiz) manat məbləğində müəyyən edilir və həmin məbləğdə dəymiş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 938 (doqquz yuz otuz səkkiz) manat məbləğində pul vəsaiti, ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 60 (altmış) manat ekspertiza xərcinin 50%-i yəni 30 (otuz) manatı İddiaçı, qalan 50%-i yəni 30 (otuz) manatı Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar