Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1193/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, onlar uzun illərdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 78 V, 176 saylı mənzildə yaşayırlar. Həmin mənzil təmirli mənzildir və iddiaçılardan İddiaçı1 mülkiyyət hüququ ilə məxsusdur. Onların yaşadıqları binanın 175 nömrəli mənzilində yaşayan Cavabdeh və onun ailəsinin təqsiri ucbatından, onların yaşadıqları mənzili su basmış, mənzilin divarları yararsız hala düşmüşdür. Belə ki, iddia ərizəsinə əlavə edilən fotoşəkillərdən və video görüntülərdən göründüyü kimi, mənzilin sol giriş hissəsinin sol divarının aşağısı və döşəmə bütövlükdə, həmçinin sol tərəfdəki otağın divarının aşağı hissəsi və döşəmə sudan nəm çəkmiş, divarda ləkələr və çatlar yaranmış, divar kağızı tamamilə korlanmış, ümumilikdə mənzilin sol tərəfinin təmiri tamamilə yarasız vəziyyətə düşmüşdür. Mənzilin divarlarının nəmlik çəkməsi səbəbindən hazırda həmin mənzildə qalmaq və yaşamaq qeyri-mümkün olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli qüsur aktına əsasən, Bakı şəhəri, H.B.ünvan 1 ünvanında yerləşən 176 saylı mənzildə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, divarları təmasda olan qonşunun santexnika, kanalizasiya və su sistemlərində yaranmış daimi su sızıntısı nəticəsində mənzilin divar və döşəməsinə 1296 manat məbləğində ziyan dəymişdir. Məsələ ilə əlaqədar onların divar qonşusu olan Cavabdeh müraciət etmişlər. Öz mənzilinin su borularının təmir edilməsi, vurulmuş ziyanın isə ödənilməsi xahiş edilsə də, cavabdeh bundan qəti şəkildə imtina etmiş, vurulmuş ziyanı ödəməyəcəyini bildirmişdir. Bunlar azmış kimi, cavabdeh onlara ziyan vurmaqda davam edir. Belə ki, günü bu gün cavabdeh və onun ailəsinin öz mənzilinin su borularını təmir etməməsinə görə sudan istifadə zamanı yaranan su sızması onların mənzilini daha da yarasız hala gətirir. Onlar hesab edirlər ki, bu özbaşına və laqeyd hərəkətlərə son qoyulmalı, cavabdeh öz mənzilinin su borularını təmir etdirməlidir. Bu hal ilk dəfə baş vermir. Bugünədək cavabdehin yaşadığı mənzildəki su borularının yararsızlığı nəticəsində dəfələrlə onların mənzilini su basmış, mənzilin divarları korlanmışdır. İddiaçı2 yaşlı və xəstə qadın olduğundan yararsız şəraitdə qalması onun sağlamlığına daha da çox ziyan vurmuşdur. Dəfələrlə cavabdehə və onun ailəsinə məlumat verilmiş, su borularının təmir etdirilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh buna məhəl qoymamış, şikayətlərə tamamilə etinasız yanaşmışdır. Odur ki, binanın məxsus olduğu "xxxx" MMC-yə rəsmi ərizə ilə müraciət edilmiş və səlahiyyətli şəxslər mənzilə baxaraq su sızmasının məhz cavabdehin mənzilindən olduğunu təsdiq etmişlər. Məsələ ilə əlaqədar İddiaçı1 hətta polis şöbəsinə də müraciət etmiş, lakin Yasamal RPİ-nin 27-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubu ilə onlara mülki qaydada məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Onlar dəfələrlə mənzili öz hesablarına təmir etməyə məcbur qalmışlar. Lakin bu hərəkətlərə son qoyulmur, cavabdeh yenə də onlara ziyan vurur, onların mülkiyyət, sahiblik, istifadə hüquqlarını pozur, mənzildə yaşamalarını mümkünsüz hala gətirir. Odur ki, hazırda məhkəmə qaydasında iddia qaldırmaq zərurəti yaranmışdır. Onlar hesab edirlər ki, cavabdehin özbaşına hərəkətlərinə son qoyulmalı, onun üzərinə öz mənzilinə santexnika və kanalizasiya su borularını təmir etdirmək öhdəliyi qoyulmalıdır. Əks halda su sızması nəticəsində parketin altına su yığılaraq, parketin altından keçən işıq xəttinə təsir edə və bu hal böyük fəlakətlə nəticələnə bilər. Həmçinin cavabdehin səhlənkar hərəkətləri nəticəsində onlara vurulmuş 1296 manat məbləğində maddi ziyan cavabdehdən tutularaq onlara ödənilməlidir. Bundan əlavə, hadisə baş verdiyi vaxtdan 5-6 aydan çox vaxt keçir. Bu müddət ərzində cavabdeh tərəfindən heç bir köməklik göstərilməmiş, ödəniş həyata keçirilməmiş, əksinə laqeyd münasibət göstərilmişdir. Cavabdehin səhlənkarlığı nəticəsində onlar artıq bir neçə aydır ki, şəraitsiz vəziyyətdə yaşayırlar. Bu hal isə onların sağlamlığına böyük ziyan vurmuşdur. Belə ki, onlar stress, əsəb sarsıntısı, mənəvi iztirab keçirməkdədirlər. xx.xx.2023-cü il tarixli Ambulator kitabçadan çıxarışa əsasən, İddiaçı2 xroniki bronxit xəstəsidir. Mənzildə yaranan nəmlik nəticəsində onun sağlamlığında ağırlaşma baş vermiş, nəfəs darlığı, öskürək, boğulma tutmaları artmışdır. Onlar hər ikisi bu gündə mənəvi iztirab, əsəb gərginliyi, sarsıntı yaşayırlar. Bütün bunlar onarın nəinki sağlamlığını ağırlaşdırmış, həmçinin psixoloji vəziyyətinə də böyük təsir göstərmişdir. Onlar hesab edirlər ki, onlara vurulan və artıq 5-6 aydır ki, qarşısı alınmayan zərərin səbəb olduğu mənəvi zərərə görə 3000 manat məbləğində pul tutulmalı və onlara ödənilməlidir. İddiaçılar göstərilənləri nəzərə alaraq, Cavabdeh üzərinə öz vəsaiti hesabına mənzilinin santexnika və kanalizasiya su boruları sisteminin əsaslı təmir edilməsi öhdəliyinin qoyulması, həmçinin onlara vurulan maddi ziyana görə 1296 manat və mənəvi ziyana görə 3000 manat məbləğində ödənişin, vəkilə ödənilmiş 400 manat xidmət haqqının, həmçinin ödənilmiş 67 manat dövlət rüsumunun cavabdehdən tutularaq müştərək qaydada onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər İddiaçı2 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı X2 məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirakının mümkün olmadığını əsas gətirərək, mülki işə onun iştirakı olmadan baxılmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər İddiaçı2 və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78v, mənzil 176 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli qüsur aktından görünür ki, ünvan 1 ünvanında yerləşən 176 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, divarla təmasda olan qonşunun santexnika, kanalizasiya və su sistemlərində yaranmış daimi su sızıntısı nəticəsində mənzilə 1296 manat məbləğində zərərin dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1144 nömrəli 02 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən 175 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malaltlı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitar texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərinə su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 176 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən 176 saylı mənzilin divarları üzərində su sızma ləkələri, eləcə də, mülki iş materiallarında olan "xxxx" MMC-nin əməkdaşları tərəfindən 176 saylı mənzilə baxış keçirilmiş və aktın məlumatlarına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən 175 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən 176 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 948 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “Universal” Vəkil Bürosunun vəkili Vəkil ilə İddiaçı1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış hüquqi yardımın göstərilməsi barədə müqavilədən görünür ki, tərəflər arasında hüquqi yardımla bağlı müqavilə bağlanmış və hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür". Həmin qərarda həmçinin göstərilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir". Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyi də bundan ibarətdir ki, mənəvi zərər qeyri-əmlak zərəridir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1144 nömrəli 02 iyul 2024-cü il tarixli rəyi ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən 176 saylı mənzildən suyun sızması və bunun nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləğinin 948 manat olduğu müəyyən edildiyindən və mənzilin mülkiyyətçisi İddiaçı1 olmaqla yanaşı, onun mülkiyyətində olan mənzilə ziyan dəydiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 948 manat məbləğində maddi ziyan tutularaq İddiaçı1 ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması sübutlarla təsdiq edilmədiyindən iddia tələbi cavabdehdən mənəvi zərərin tutulması hissəsində təmin edilməməlidir. Həmçinin digər tələbə, yəni Cavabdeh tərəfindən zərərə səbəb olmuş nasazlığın müəyyən edilərək aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində məhkəmə hesab edir ki, nəzərə alaraq ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1144 nömrəli 02 iyul 2024-cü il tarixli rəyi ilə cavabdehə məxsus mənzildə nasazlığın olması müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi yardıma görə ödənilmiş vəsaitin özü məhkəmə xərclərinə aid edildiyindən və iddia tələbi qismən təmin edildiyindən hazırki iş üzrə hüquqi yardıma görə ödənilmiş 400 manat vəsaitinin 50%-i, yəni 200 manat cavabdehdən İddiaçı1 xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 948 manat məbləğində dəymiş maddi zərər İddiaçı1 ödənilsin. Cavabdeh hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş vəsaitə görə 200 manat pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia qismən təmin edildiyindən İddiaçı1 tərəfindən ödənilmiş 67 manat dövlət rüsumunun 50%-i, yəni 33.50 manat Cavabdeh tutularaq İddiaçı1 ödənilsin, qalan 50%-i, yəni 33.50 manat İddiaçı1 aid edilsin. İddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50%-i, yəni 50 manatı Cavabdeh, qalan 50%-i, yəni 50 manatı İddiaçı1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. İddia tələbi “mənəvi zərərin ödənilməsi və Cavabdeh tərəfindən zərərə səbəb olmuş nasazlığın müəyyən edilərək aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-1193/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1193/2024
06.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver