Məhkəmə qərarları › İş №e-2(001)-1202/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1202/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1202/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayədəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı “X3” Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı “X3” Bakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 1.189,06 manat (Bundan 1.105,37 manat əsas borc və 83,69 manat faiz borcu təşkil edir) məbləğində 26 Dekabr 2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 31.89 manat dövlət rüsumunun tutularaq «X3» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X3» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış «16» İyul 2020-ci il tarixli 337 №-li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X3» Bakı filialı ilə Cavabdeh2 arasında 530 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 – ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 252,04 manat ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda « Bank » verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 26 Dekabr 2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 6532.06 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 5343,00 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29%ödəməlidir. 26 Dekabr 2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 1.189,06 manat təşkil edir. Bundan 1.105,37 manat əsas borc və 83,69 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 16 İyul 2020-ci il tarixli, 337 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 530 saylı Zaminlik müqaviləsi imzalanmışdır Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, digər cavabdeh Qurbətin məhkəmə proseslərindən məlumatı var. Sadəcə olaraq xidməti fəaliyyəti ilə əlaqədar olaraq başqa ərazidədir. Tələb edilən borc məbləğindən məlumatlıdır. Borcunu hissə-hissə ödəmək niyyətindədir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Tələb edilən əsas və faiz borcu barəsində mübahisə olmadığından, ekspertiza keçirilməsinə zərurət yoxdur. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Kredit verən bank “X3” Bakı filialı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 16 iyul 2020-ci il tarixli, 337 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor borcalana 24 ay müddətinə, illik 19 % dərəcəsi ilə, aylıq ödəniş 252,04 manat olmaqla, 5000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.

8. “X3” Bakı filialı tərəfində verilən xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən borcalana 5000 manat məbləğində kredit verilmişdir.

9. Kredit verən bank “X3” Bakı filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış 16 iyul 2020-ci il tarixli, 530 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 “X3” Bakı filialı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 16 iyul 2020-ci il tarixli, 337 saylı kredit müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür.

10. “X3” Bakı filialı tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 16 iyul 2020-ci il tarixli, 337 saylı kredit müqaviləsi üzrə 26 dekabr 2022-ci il tarixinə 1105,37 manat əsas borc, 83,69 manat faiz borcu olmaqla, ümumilikdə 1189,06 manat borc hesablanmışdır.

11. “X3” Bakı filialının cavabdehlərə ünvanlanan 21 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara 16 iyul 2020-ci il tarixli, 337 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.

12. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 31,89 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. İddiaçı “X3” Bakı filialı ilə kredit alan Cavabdeh1 arasında 16 iyul 2020-ci il tarixli, 337 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən borcalana 24 ay müddətinə, illik 19 % dərəcəsi ilə, aylıq ödəniş 252,04 manat olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Bu fakt iş materiallarında olan məxaric orderi ilə təsdiq edilir.

14. Cavabdeh– zamin Cavabdeh2 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üstünə götürmüşdür.

15. İddiaçı cavabdehlərin Banka maliyyə arayışında göstərilən məbləğdə 1105,37 manat əsas, 83,69 manat faiz borcu olmaqla, ümumilikdə 1189,06 manat borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir.

16. Cavabdeh1 borc məbləğini qəbul edir və hissə-hissə ödəmək niyyətində olduğunu bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

20. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

21. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

23. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

24. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

26. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

27. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

28. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

29. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir.

30. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.

31. Eyni zamanda tələb edilən borc məbləği mübahisələndirilməmiş və onun əsassızlığı və ya şişirdilməsi ilə bağlı hər hansı şübhə doğuran məqam müəyyən edilməmişdir. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

36. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

37. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16 iyul 2020-ci il tarixli, 337 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1105,37 manat, faiz borcuna görə 83,69 manat olmaqla, ümumilikdə 1189,06 manat məbləğində pul vəsaiti və 31,89 (otuz bir manat, səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “X3” Bakı filialının xeyrinə tutulmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 16 iyul 2020-ci il tarixli, 337 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1105,37 manat, faiz borcuna görə 83,69 manat olmaqla, ümumilikdə 1189,06 (bir min yüz səksən doqquz manat, altı qəpik) manat məbləğində pul vəsaiti və 31,89 (otuz bir manat, səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “X3” Bakı filialının xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar