Məhkəmə qərarları › İş №e-2(001)-1214/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1214/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1214/2024 29.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 18.5 faiz olmaqla 8000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli” nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 428.4, 442, 445.2.1, 448.1, 449.4-cü maddələri ilə əsaslandıraraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6389.46 manat əsas, 685.35 manat faiz borcu, 79.36 manat cərimə borcu olmaqla, cəmi 7154.17 manat borcun və 92 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, bank tərəfindən ona müddət verilməsini və hər ay 150 manat olmaqla ödənişlər həyata keçirəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, İddiaçı ASC-nin nümayəndəsi Fidan Veyisova məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alaraq, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit Sazişi”ndən görünür ki, bank tərəfindən Cavabdeh illik 18.5 faiz olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6389.46 manat məbləğində əsas, 685.35 manat məbləğində faiz borcu və 79.36 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişə əsasən məlum olur ki, cavabdehə Bank qarşısında olan öhdəliyinin dərhal yerinə yetirilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, Cavabdeh 20 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 6389.46 manat əsas, 685.35 manat faiz borcu və 79.36 manat cərimə borcu olmaqla, cəmi 7154.17 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASCyə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 20 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6389.46 manat əsas, 685.35 manat faiz borcu və 79.36 manat cərimə borcu olmaqla, cəmi 7154.17 (yeddi min yüz əlli dörd manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti və 92 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar