Məhkəmə qərarları › İş №e-2(001)-1216/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1216/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1216/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 iyun 2021-ci il tarixli, RBNPU-08325 saylımüqaviləsi üzrə onun xx.xx.2021-ci il tarixli müraciəti ilə 15.000 manat limitdən ayrılmış 5000 manat məbləğində pul krediti üzrə əsas borcuna görə 3307,55 manat, faiz borcuna görə 171,12 manat, dəbbə borcuna görə 290,17 manat, cəmi 3768,84 manat məbləğində pulun və 57,69 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, RBNPU-08325 saylı kredit müqaviləsi üzrə ayrılmış 15.000 manat limitdən onun xx.xx.2021-ci il tarixli müraciəti ilə illik 18 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 5.000 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit cavabdehə müqavilə məqsədləri üçün açılmış cari hesaba köçürülərək, həmin cari hesaba bağlı olan plastik kart vasitəsilə verilmişdir. 11 iyun 2021-ci il tarixli, RBNPU-08325 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri vəəsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, RBNPU-08325 saylı müqaviləsi üzrə onun xx.xx.2021-ci il tarixli müraciəti ilə 15.000 manat limitdən ayrılmış 5.000 manat məbləğində pul krediti üzrə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 14-dan gec olmayaraq həray 180,77 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 11 iyun 2021-ci il tarixli, RBNPU-08325 saylı müqaviləsi üzrə onun xx.xx.2021-ci il tarixli müraciəti ilə 15.000 manat limitdən ayrılmış 5.000 manat məbləğində pul krediti üzrə borcunun məbləği əsas borcuna görə 3307,55 manat, faiz borcuna görə 171,12 manat, dəbbə borcuna görə 290,17 manat, cəmi 3768,84 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakının olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, o, iddianı qismən, yəni iddianı əsas və faiz borcu hissəsində qəbul edir. Belə ki, bankdan kredit götürmüşdürsə bu pulu banka qaytarmalıdır, yəni borcundan yayınmır. Bank tərəfindən ona hesablanmış cərimə məbləği ilə isə razı deyil, çünki o, borcundan ödənişlər etmişdir. Hazırda bank tərəfindən 290,17 manat cərimə məbləğinin hesablanması əsassızdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RBNPU-08325 saylı kredit müqaviləsinə əsasən, kreditor ən çoxu 60 ay müddətinə, illik faiz dərəcəsi 29 faizdən, qaytarılması gecikdirildiyi halda ödəniləcək faiz dərəcəsi 58 faizdən çox olmamaq şərtilə, maksimum 15000 manat məbləğədək (bu müqavilədə qeyd olunmuş müddət ərzində bağlanaraq bərpa olunmaqla təkrar) krediti/kreditləri (bundan sonra “Kredit” adlandırılacaq), Kreditin verildiyi tarixə Kreditorun qüvvədə olan daxili tariflərinə əsasən komisyon haqqı tutmaqla Borcalana verə bilər. Bu müqavilə üzrə Kreditin faktiki illik faiz dərəcəsi (bundan sonra “FİFD”) minimum 17.8 (on yeddi tam onda səkkiz)%, maksimum 31.34 (otuz bir tam onda üç) faiz təşkil edir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Borcalan Kreditorda qeydiyyatda olan və bu Müqavilənin 10-cu bəndində göstərilən mobil telefon nömrəsindən (bundan sonra “Borcalanın Nömrəsi”) ona təqdim edilmiş 16 rəqəmli Plastik Kartın son 6 rəqəmini qısa mesaj (bundan sonra “SMS”) vasitəsilə Kreditorun 4133 qısa telefon nömrəsinə (bundan sonra “Kreditorun Nömrəsi”) yazıb göndərir; Bundan sonra Borcalanın nömrəsinə Kreditor tərəfindən təklif edilən Kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, ödənişlər gecikdiriləcəyi halda ödəniləcək illik faiz dərəcəsi, müddəti və aylıq annuitet ödəniş məbləği (bundan sonra “Aylıq Ödəniş”), tətbiq olunacaq komisyon haqlar, FİFD göstərilməklə təklif SMS-i (bundan sonra “Təklif SMS-i”) göndərilir. Borcalan həmin SMS-ə cavab olaraq, Borcalanın nömrəsindən Kreditorun nömrəsinə onun razılığını bildirən məzmunda yalnız bu Müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada SMS yazıb göndərir və həmin SMS əsasında Kredit məbləği Kreditor tərəfindən X1 köçürülür. Müqavilənin 8.3.3.1-ci bəndlərinə əsasən müqavilənin müddəti ərzində aylıq ödəniş üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1% məbləğində cərimə tədbiq edilir. Cavabdeh xx.xx.2021-ci il tarixli ərizə-anketindən görünür ki, o, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 18 faiz dərəcəsi ilə, 36 ay müddətinə 5.000 manat məbləğində kredit götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borcludan 3 iş günü müddətində öhdəliyin icra edilməsi tələb olunmuş, əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, RBNPU- 08325 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə Cavabdeh əsas borcu 3.307,55 manat, faiz borcu 171,12 manat, cərimə 290,17 manat olmaqla, ümumilikdə borcu 3.768,84 manat təşkil edir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 57,69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 290,17 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 28 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, RBNPU-08325 saylı kredit müqaviləsi üzrə Cavabdeh 3.307,55 manat məbləğində əsas borc, 171,12 manat məbləğində faiz borcu və 28 manat məbləğində cərimə olmaqla, ümumilikdə 3.506,67 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 57,69 manat məbləğində ödənilmiş dövlət rüsumunun 54 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, RBNPU-08325 saylı kredit müqaviləsi üzrə Cavabdeh 3.307,55 manat məbləğində əsas borc, 171,12 manat məbləğində faiz borcu və 28 manat məbləğində cərimə olmaqla, ümumilikdə 3.506,67 (üç min beş yüz altı manat, altmış yeddi qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 54 (əlli dörd) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar