Məhkəmə qərarları › İş №e-2(001)-1222/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1222/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1222/2023 24.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Aqrarkredit QSC BOKT-un Cavabdehlər Cavabdeh1 və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya ASC-yə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Aqrarkredit QSC BOKT cavabdehlər Cavabdeh1 və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya ASC-yə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanının icrası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri üzrə tələb hüququ xx.xx.2015-ci il tarixli müqavilə əsasında Aqrarkredit QSC-yə keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh1 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-DİPK-34 saylı təhvil-təslim aktı əsasında Aqrarkredit QSC BOKT-a təhvil verilmişdir. Belə ki, Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli, İ-12/428 saylı kredit müqaviləsinə əsasən borcalana Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal Y.M. Ə.Əhmədov küçəsi 1 saylı binanın C1 blok 51 saylı 3 otaqdan ibarət 102,4 kv.m. olan mənzilin alınması məqsədi ilə 120 ay müddətinə illik 12%-lə 56890,26 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nərimanov Filialı ilə zamin Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC arasında xx.xx.2012ci il tarixli İ-12/428 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclu Cavabdeh1 təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə görə cavabdeh verilmiş kredit məbləğini müqaviləyə uyğun qaytarmalı olduğu halda buna əməl etməmiş, nəticədə Aqrarkredit QSC BOKT-a əsas borca görə 45249,78 manat, faiz borcuna görə 30741,03 manat olmaqla cəmi 75990,81 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə Cavabdeh1 və onun zamininə müraciət olunmasına, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd edilməsinə baxmayaraq lazımi nəticə əldə edilməmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-dən müştərək qaydada əsas borca görə 45249,78 manat, faiz borcuna görə 30741,03 manat olmaqla cəmi 75990,81 manat borcun və 317,97 manat dövlət rüsumunun tutularaq Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Aqrarkredit QSC BOKT-un nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nərimanov filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli № İ-12/428 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana illik 12% ödəmək, 120 ay (xx.xx.2022ci ildədək) müddətinə qaytarmaq şərti ilə 56890,26 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borclu Cavabdeh1 və zamin Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli İ- 12/428 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, borclu xx.xx.2012-ci il tarixli İ- 12/428 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyi halda zamin kreditor qarşısında kredit məbləğinin və hesablanacaq faizlərin ödənilməsi üçün bilavasitə məsuliyyət daşıyır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanan Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Aqrarkredit QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilədən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 №- li Fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq Aqrarkredit QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da Aqrarkredit QSC-yə güzəşt edir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC BOKT arasında tərtib olunan xx.xx.2017-ci il tarixli S-DİPK-34 saylı təhvil-təslim aktından müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh1 ilə bağlanmış xx.xx.2012-ci il tarixli № İ- 12/428 saylı kredit müqaviləsi üzrə əsas borca görə 45249,78 manat, faiz borcuna görə 2972,75 manat tələbini Aqrarkredit QSC-yə güzəşt etmişdir. Aqrarkredit QSC BOKT-un xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2012-ci il tarixli № İ-12/428 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Aqrarkredit QSC BOKT-a əsas borca görə 45429,78 manat, faiz borcuna görə 30769,85 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6208 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixli № İ-12/428 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə əsas borca görə 45249,78 manat, faiz borcuna görə 31208,61 manat borcu vardır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla birgə borclular olan cavabdehlərin xx.xx.2012-ci il tarixli № İ-12/428 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmələri nəticəsində iddiaçıya əsas borca görə 45249,78 manat, faiz borcuna görə 30741,03 manat olmaqla cəmi 75990,81 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya ASC-dən xx.xx.2012-ci il tarixli № İ-12/428 saylı kredit müqaviləsinə əsasən, müştərək qaydada əsas borca görə 45249,78 manat, faiz borcuna görə 30741,03 manat, dövlət rüsumuna görə 317,97 manat olmaqla cəmi 76308,78 manat Aqrarkredit QSC BOKT-un xeyrinə tutulsun. Cavabdeh1 və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya ASC-dən müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar