Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1222/2024 26.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 23 aprel 2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 10 yanvar 2008-ci il təvəllüdlü Yusif, 21 aprel 2009-cu il tarixdə isə Oğuz adlı övladları doğulmuşdur. 12 fevral 2012-ci il tarixli Culfa rayon məhkəməsinin 2(089)-3/2012 nömrəli qətnaməsi ilə aralarında bağlanmış nikah müqaviləsi pozulmuşdur. Boşanmadan sonra Əlili Yusif və Əlili Oğuzun onun himayəsində qalması qət edilmişdir. 08 noyabr 2017-ci il tarixdə 2(089)-248/2017 nömrəli Culfa Rayon Məhkəməsində (sədrlik edən hakim: Mehrab Məmmədov) aliment tələbinə dair mülki işə baxaraq birgə nikahdan doğulmuş 10 yanvar 2008-ci il təvəllüdlü Yusif Əlilinin və 21 aprel 2009-cu il təvəllüdlü Oğuz Əlilinin yetkinlik yaşına çatana kimi 100 manat olmaqla, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul etmişdir. Ailədə övladı böyüyür, onun gündəlik tələbat xərcləri artır, orta məktəbdə təhsil alması üçün hazırlıqlara getməli və bunun da müəyyən məbləğlərdə pul ödəməli olmalıdır. Alimentin miqdarı uşağın saxlanılmasını, qidalanmasını, müalicəsini, təhsilini, istirahətini belə görmür. Bu səbəbdən də, alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh bir dəfə də olsun övladı ilə maraqlanmamışdır və maraqlanmaq niyyətində də deyildir. Hətta o, alimenti vaxtında ödəmir, ümumiyyətlə ödəmir, o, isə bu barədə xeyli çətinlik çəkir. Qeyd olunanları nəzərə alaraq, o, Cavabdeh tutulan alimentin miqdarını sabit məbləğdə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miqdarının dəyişdirilərək övladlarının saxlanılması üçün nəzərdə tutulmuş yaşayış minimumunun həddinə qaldırılmasını istəyir. Əlavə olaraq qeyd etmişdir ki, hazırda qeydiyyat yeri Culfa rayonu olsa da, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Övladları onunla birlikdə həmin evdə yaşayır və Binəqədi rayonu, Q.Abbasov adına 284 nömrəli tam orta məktəbdə təhsil alırlar. Cavabdehin qeydiyyatda olduğu ünvan Culfa rayonu olsa da, uzun zamandır Bakı şəhərində yaşayır. Belə ki, alimentin alınmasında yaşadığı çətinliklərlə bağlı borclunun məcburi gətirilməsi, borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardadlar çıxarılmışdır. Son dəfə Culfa rayonunda olan icraçılarla əlaqə saxladıqda hər ikisinin yaşayış yerinin Culfa rayonu olduğunu əsas gətirərək işin aidiyyəti üzrə Xətai rayon icra və probasiya şöbəsinə göndərildiyi deyilmişdir. Həmin şöbənin əməkdaşları ilə əlaqə saxlamasına baxmayaraq icra qərəzli olaraq alimentin ödənilməsində ona dəstək olmur, vəzifələrini icra etmirlər. Alimentin artırılması məqsədilə Xətai rayon icra və probasiya şöbəsinə müraciət edərək hazırki iş üzrə cavabdehin yaşadığı ərazi üzrə məlumatların təqdim edilməsini xahiş etsə də, buna nail ola bilməmişdir. Sadəcə cavabdehin ünvan 2 ünvanında yaşadığını bildirmişlər. Lakin, həmin ünvanda yaşasa idi, iş Culfa rayonundan aidiyyəti üzrə Xətai rayonuna deyil, Nərimanov rayonuna göndərilməli idi. Bu göstərilənləri nəzərə alaraq, o, hesab edir ki, hazırki iddia ilə (iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər) yaşadığı ərazi üzrə Binəqədi Rayon Məhkəməsinə verilə bilər. İddiaçı göstərilənləri nəzərə alaraq, 12 fevral 2012-ci il tarixli Culfa Rayon Məhkəməsinin 2(089)-3/2012 nömrəli qətnaməsi ilə Cavabdeh 100 manat aliment tutularaq 10 yanvar 2008-ci il təvəllüdlü Yusif Əlilinin və 21 aprel 2009-cu il təvəllüdlü Oğuz Əlilinin yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə qətnaməsinə dəyişiklik edilərək (artırılaraq) sabit məbləğdə 220 (iki yüz iyirmi) manat alimentin tutulmasına və ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən, Culfa Rayon Məhkəməsinin 2(089)-248/20217 saylı 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə 10 yanvar 2008-ci il təvəllüdlü X4 və 21 aprel 2009-cu il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Eyni zamanda cavabdeh iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə gücünün çatmadığını, 2-ci qrup əlil olmaqla yanaşı, 220 manat pensiya aldığını və xəstəliyi ilə əlaqədar heç bir yerdə işə düzələ bilmədiyini əsas gətirməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Culfa Rayon Məhkəməsinin 2(089)-3/2012 saylı, 14 fevral 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Culfa Rayon Qeydiyyat Şöbəsində 23 aprel 2007-ci il tarixdə bağlanmış və akt qeydləri kitabında 45 nömrə ilə qeyd olunmuş nikahın pozulması və 10 yanvar 2008-ci il tarixdə anadan olmuş X4 və 21 aprel 2009-cu il tarixdə anadan olmuş X5 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Culfa Rayon Məhkəməsinin 2(089)-248/2017 saylı, 08 noyabr 2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 04 oktyabr 2017-ci il tarixdən başlayaraq 10 yanvar 2008-ci ildə doğulmuş X8 və 21 aprel 2009-cu ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 100 manat olmaqla, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 1061/05 nömrəli Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, xx xxxx 1966-cı il təvəllüdlü Cavabdeh “Şizofreniyaya bənzər psixoz” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ******* nömrəli Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, xx xxxx 1966-cı il təvəllüdlü Cavabdeh “Şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X3 “X2” X7 işləməklə, aylıq vəzifə maaşı 898.7 manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh pensiya məbləği 220 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlamış ərizədən görünür ki, o, 2-ci qrup Qarabağ əlili olan qardaşı X6 ilə birlikdə yaşayır. O, 2005-ci il Ukraynada ağır psixoloji şizofreniya xəstəliyinə tutulmuşdur. Qardaşı gilin köməyi ilə Bakıya gətirilmiş və onu Bakıda 2 saylı Psixi Dispanserə yerləşdirmişlər. Müalicə olunduqdan bir müddət sonra ev şəraitində müalicə almağa davam etmişdir. Bir müddət sonra o, İddiaçı ilə tanış olmuşdur. Evlənməyə qərar vermişdir. İddiaçı onunla 2-ci evliliyi idi. Toy mərasiminə hazırlaşarkən Kəmalə xanım onun da toy məsrəfini qarşılamışdır. 2007-ci ilin aprel ayında evlənmişlər. 2008-ci ilin yanvar ayı 1 oğulları olmuş və bir neçə ay sonra ondan ayrılmaq qərarına gəlmişdir və ayrılarkən ona demişdir ki, ona uşaq lazım idi onu da alıb. Ayrılmaqlarını Kəmalə xanım özü istəmişdir və ondan xəbərsiz boşanmışdır. Kəmalə xanım ilə 1 il 3 ay bərabər yaşamışlar və ayrıldıqdan sonra 1 saylı Psixi Dispanserə yerləşdirilmişdir. Hal-hazırda ev şəraitində müalicəsi davam edir və ona şizofreniya diaqnozu qoymuşlar və 2-ci qrup əlillik vəsiqəsi vermişlər. Həkim nəzarəti ilə müalicə alır. Tirftazin, Halapridol, Çikladol, Çentrum, Fenazenam və başqa dərmanlardan mütəmadi olaraq istifadə edir və heç bir fiziki işlə məşğul ola bilmir. Bu vəziyyətinə görə onu işə qəbul etmirlər.Hal-hazırda 58 yaşındadır və 2-ci qrup əlillik pensiyası-220 manat alır. Yaxınlarının köməyi ilə kəsilmiş alimenti ödəyir. Daha kömək edəni yoxdur, ödəməkdə zorluq çəkir. Yüksək təzyiqi olur və mədəsindən əməliyyat olunmuşdur. Göstərilənləri nəzərə alaraq, ona köməklik göstərilməsini və aliment ödənişinin üzərindən qaldırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Culfa Rayon Məhkəməsinin 8(089)-01/2018 saylı, 19 yanvar 2018-ci il tarixli qərardadının surətindən görünür ki, Culfa Rayon Məhkəməsinin 2(089)- 248/2017 saylı, 08 noyabr 2017-ci il tarixli icra sənədinin icra edilməsi məqsədilə borclu Cavabdeh ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhər üzrə Təhsil İdarəsi 284№-li tam orta məktəb tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli arayışın surətindən görünür ki, X10 həqiqətən 2023/2024-cü tədris ilində Binəqədi rayonu, Q.Abbasov adına 284№-li tam orta məktəbin İX sinfində təhsil alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il və 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat və 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Culfa Rayon Məhkəməsinin 2(089)-248/2017 saylı, 08 noyabr 2017-ci il tarixli icra sənədinin (hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin ödənilməsi aliment ödənilməsi) icrası başladıqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik baş verməmişdir, o, 2-ci qrup əlildir və 220 manat pensiya alır, ona “Şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur və o, mütəmadi olaraq xəstəliyi ilə əlaqədar dərmanlardan istifadə etmək məcburiyyətindədir. İddiaçı X3 “X2” X7 işləməklə, aylıq vəzifə maaşı 898.7 manat təşkil edir. Bununla yanaşı təsdiq edilir ki, Culfa Rayon Məhkəməsinin 2(089)-248/2017 saylı, 08 noyabr 2017-ci il tarixli icra sənədi üzrə (hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin ödənilməsi) Cavabdeh 5000 manata yaxın borcu mövcuddur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hazırki vəziyyətinin tələb olunan alimenti ödəməyə imkanının olmaması özü-özlüyündə cavabdehin bir ata kimi aliment ödənilməsi, uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən artan tələbatlarının qarşılanması öhdəliyindən azad etməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göstərilənləri nəzərə alaraq, məhkəmə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri daşımaqları prinsipinə əsaslanmaqla hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, cavabdehin iddiaçı tərəfindən tələb etdiyi miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazancı ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün, həmçinin tərəflərin hazırki (real) maddi imkanları, cavabdehin sağlamlıq durumu nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli və Culfa Rayon Məhkəməsinin 2(089)-248/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh 10 yanvar 2008-ci il təvəllüdlü X4 və 21 aprel 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən hesablanması hissəsini araşdıraraq hesab edir ki, alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalı olduğundan, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Culfa Rayon Məhkəməsinin 2(089)-248/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən 10 yanvar 2008-ci il təvəllüdlü X4 və 21 aprel 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qismən təmin edildiyindən Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 50%, yəni 25 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumunun 50%, yəni 25 manat dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-1222/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1222/2024
26.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver