Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1238/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 18:15 radələrində Bakı şəhəri, N.Süleymanov küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “AZSAMAND” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarə etdiyi “MERCEDES C180” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “AZSAMAND” minik markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “MERCEDES C180” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat məbləğində zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi zamanı təqsirli şəxs hər iki tərəf olduğundan sığorta ödənişi zərər məbləğinin 50%-ni təşkil edir. xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən 225 manat iddiaçı tərəfindən Cavabdeh bank hesabına ödənilmişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1 (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 225 manat zərər məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin baxış iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, sürücü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə 18:15-də N.Süleymanov küçəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsinin baş verməsində “AZSAMAND” minik markalı ** HZ *** dövlət qeydiyyat nişanlı və “MERCEDES C180” minik markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillər təqsirli bilinmişlər. “AZSAMAND” minik markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. İş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “MERSEDES C” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin xərci 175 manat, usta xidməti isə 275 manat təşkil edir. Ümumilikdə 450 manat təmir-bərpa xərci müəyyən edilmişdir. İş materiallarında olan PXA67983 nömrəli Sığorta aktından görünür ki, ** HZ *** dövlət qeydiyyat nişanlı “AZSAMAND” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortanın növü “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, sığorta məbləği isə 55000 manat müəyyən edilmişdir. Sığortalanmış avtomobil, “MERSEDES C” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bunun nəticəsində Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Qüsur aktına əsasən hadisə nəticəsində avtomobilə 450 manat məbləğində zərərin dəyməsi müəyyən edilmiş və sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalı (faydalanan şəxs) X4 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən 225 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1096-cı maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsi nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə görə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, “AZSAMAND” markalı ** HZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixindən 1 il müddətində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalanmışdır. Sığorta şəhadətnaməsi üzrə sığortalı Cavabdeh olmuşdur. Cavabdeh 31 avqust 2020-ci il tarixdə həmin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərkən sığorta hadisəsi törətmişdir. Sığortaçı tərəfindən faydalanan şəxsə 225 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hal-hazırda sığortaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən subroqasiya qaydasında ödədiyi sığorta məbləğini cavabdehdən tələb edir. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan, bu nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”. Odur ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya zərər vurulması və faydalanan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsaslanaraq cavabdehdən sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlı olmamışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Eyni zamanda həmin Qanunun 6.2-ci maddəsində göstərilmişdir ki, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Eyni zamanda xüsusilə qeyd edilməlidir ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün tərəflər arasında müqavilə (istifadə müqaviləsi) bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında müqavilə münasibətləri mövcuddur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Həmçinin qeyd edilməlidir ki, icbari sığorta fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir və tərəflərin mülki məsuliyyəti sığorta riskinin birbaşa əsasını təşkil edir, yəni yüksək təhlükə mənbəyinin vurduğu zərər onsuz da sığortaçının üzərinə götürdüyü sığorta riskidir. Bununla belə icbari sığorta haqqında qanunvericiliyin normalarından müəyyən edilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ o vaxt yaranır ki, sığortalı (və ya sığorta olunan) sığorta hadisəsinin baş verməsində qəsdən qanunazidd hərəkətlər törətmiş olsun, sığorta riskinin artmasına və nəticədə sığorta hadisəsinin baş verməsinə şərait yaratmış olsun, təqsirin müəyyən edilməsinə və sığorta hadisəsinin təfərrüatları ilə bağlı obyektiv araşdırmanın aparılmasına mane törətmiş olsun (avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır). Göründüyü kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnun yaranması əsasları əsasən sığorta riskinin dəyişməsinə səbəb olan və məsuliyyət yaradan konkret qanunazidd hərəkətlərdən irəli gəlir. Çünki icbari sığorta müqaviləsi bağlamaq öhdəliyi hamı üçün məcburidir və həmin müqavilə tərəflərin iradəsinə uyğun şərtlərin daxil edilməsi qadağan olunan və şərtləri qanunla müəyyən edilən standart sığorta müqaviləsidir. Halbuki işin halları ilə müəyyən edildiyi kimi sığortalının avtomobili etibarnamə olmadan başqa şəxsə verməsi ona münasibətdə inzibati məsuliyyət yaratmır, avtomobilin başqa şəxsin idarəçiliyinə verilməsi həmin şəxsin Mülki qanunvericiliyə əsasən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs hesab edilməsinə əsas vermir, sığorta hadisəsi sığorta olunanın qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi deyildir, sığorta olunan əmlakın başqa şəxsin istifadəsinə verilməsi sığorta riskinin dəyişməsi ilə bağlı olan və bu barədə sığortaçıya məlumat verilməsini zəruri edən hal deyildir. Bununla yanaşı X1 özünün nəqliyyat vasitəsini kiminsə istifadəsinə verməsinə səlahiyyətinin olub-olmaması barədə sual yarana bilər. Lakin bu məqamda qeyd edilməlidir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Yəni həmin məsələ də, mülkiyyətçi ilə əşyaya faktiki sahiblik edən şəxs arasında yaranan mübahisələrə aiddir və sığorta ödənişindən imtinaya, o cümlədən subroqasiya hüququnun yaranmasına əsas vermir. Beləliklə, məhkəmə qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-1238/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1238/2025
03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver