Məhkəmə qərarları › İş №e-2(001)-1261/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1261/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1261/2024 05.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit borcun tutulması” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: xx.xx.2022-ci il tarixli, CC/56115/84 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, CC/56115/84 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 48 ay müddətinə, illik 20,5 faizlə 17300 manat kredit götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yuxarıda göstərilən məbləğdə borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/56115/84 saylı kredit müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 17300 manat krediti 48 ay müddətinə, illik 20,5 faizlə geri ödəmək şərti ilə götürmüşdür. Lakin, müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulması nəticəsində, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixdə iddiaçıya 14772,57 manat əsas, 2980,66 manat faiz, 223,34 manat cərimə borcu olmaqla, ümumilikdə 17976,57 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, məlum krediti götürmüş, sonradan işinin yaxşı getməməsi səbəbi ilə borcunu qaytara bilməmişdir. Hazırda ona müəyyən qədər vaxt verilsə, kredit üzrə ödəniş edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, CC/56115/84 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, CC/56115/84 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 48 ay müddətinə, illik 20,5 faizlə 17300 manat kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə həmin tarixə 14772,57 manat əsas, 2980,66 manat faiz, 223,34 manat cərimə borcu olmaqla, ümumilikdə 17976,57 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmənin mövqeyi: İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir, məhkəmə iclasında borcdan məlumatlı olmasını, lakin borcu ödəməyə maddi imkanının olmadğını göstərmiş, yəni borc məbləğini mübahisələndirməmişdir. Buna görə də, iddianın əsas və faiz borcuna münasibətdə maliyyə arayışında göstərilən məbləğlərə uyğun təmin edilməlidir. Dəbbə puluna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 223,34 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 110 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə 14772,57 manat əsas, 2980,66 manat faiz, 110 manat cərimə borcu olmaqla, ümumilikdə 17863,23 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 145 manatın 130 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, CC/56115/84 saylı kredit müqaviləsi üzrə 14772,57 manat əsas, 2980,66 manat faiz, 110 manat cərimə borcu olmaqla, ümumilikdə 17863,23 (on yeddi min səkkiz yüz altmış üç manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 130 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar