Məhkəmə qərarları › İş №e-2(001)-1272/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1272/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1272/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 15 avqust 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 7000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2023-cü il iyulun 7-dək X1 banka 15 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6385,49 manat əsas borc, 601,76 manat faiz borcu və 425,90 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7413,15 manat borcu vardır. X1 15 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 425,90 manat təşkil etməsinə baxmayaraq, təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 212,95 manat məbləğində tələb olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4710/2023 saylı qərardadına əsasən müəyyən olunmuşdur ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli, 621 №-li Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 44 saylı Notariat ofisi tərəfindən təqdim edilmiş X3 barədə xx.xx.2023-cü il tarixli, 2V-83 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak - Cəmşid Naxçıvanski adına Hərbi Lisey tərəfindn verilmiş xx.xx.2023-cü il tarixli. 608 nömrəli məktuba əsasən X2 aid işdənçıxma müavinəti və kompensasiyası ilə birlikdə 2347,51 manat məbləğdən ibarətdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh qızndan 15 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6385,49 manat əsas borc, 601,76 manat faiz borcu və 212,95 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7200,20 manat məbləğində borcun və 92 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, baxış iclasının iddiaçı tərəfinin iştiraki olmadan keçirilməsini, iddianın tam təmin olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, miras olaraq ancaq 2347,51 manat məbləğində pulu qəbul etmiş və anasının öhdəliyi üzrə həmin məbləğ həddində cavab verməyə hazırdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 avqust 2022-ci il tarixli Razılaşmadan (Əlavə №1) görünür ki, həmin Razılaşmaya əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 36 ay müddətinə, illik 17% ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6385,49 manat əsas borc, 601,76 manat faiz borcu, 425,90 manat cərimə borcu olmaqla, cəmi 7413,15 manat borcu mövcud olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş - X1 vərəsəsi Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır (AA*******, xx.xx.2023 - Asan 1, FİN:xxxxxxx, d/t:xx.xx.1998) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Cəmşid Naxçıvanski adına Hərbi lisey tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 608 nömrəli məktuba əsasən mərhum X2 aid işdənçıxma müavinəti və kompensasiyası ilə birlikdə 2347,51 manat məbləğdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, müqavilə tərəfi olan və xx.xx.2023-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi - Cavabdeh mövcud olan borcun qəbul edilmiş miras əmlakdakı payına mütənasib hissəsi - 2347,51 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh cəmi 2347,51 (iki min üç yüz qırx yeddi manat əlli bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 43,47 (qırx üç manat qırx yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 48,53 (qırx səkkiz manat əlli üç qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar