Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1325/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsii Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 4546.51 manat əsas borc, vəfat etdiyi tarixə 0.01 manat faiz borcu olmaqla, cəmi 4546.52 manat və ödənilmiş 65.47 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli BPM**********64 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 20 %-lə, 60 ay müddətinə 5700 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 139665 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1493 nömrəli məktubdan görünür ki, Cavabdeh 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 4546.51 manat əsas borc, vəfat etdiyi tarixə 0.01 manat faiz borcu olmaqla, cəmi 4546.52 manat borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-27439/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində elektron qaydada ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki,cavabdehin anası kredit götürərkən kreditini sığortalamamışdır. Kredit götürən istənilən şəxs vəfat etdikdən sonra ona faiz hesablanmır.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, tərəfindən dekabr ayından banka borc üzrə ödəniş olmamışdır. Sonuncu ödənişi noyabr ayında olsa da, silinmə feval ayında edilib. Bankın məqsədi onun borcundan ödəniş etmək qabiliyyətinin olmasını göstərməkdir. Anasının ölüm haqqında şəhadətnaməsini dekabr ayının 21 banka təqdim edib, daha sonra bankın idarə heyətinin sədr müavininə də müraciət edib. Lakin danışıqlar alınmamışdır. Bankda heç bir filial müdürünün 5000 manatdan artıq kredit vermək səlahiyyəti yoxdur. Lakin onun anasına 5700 manat kredit verilmişdir. Bundan başqa özünün Unibank KB ASC-yə 2000 manat borcu vardır. Lakin həmin borc məbləği bank tərəfindən sığorta edilib. Ama anasının krediti sığorta edilməyib. Anası xərçəng xəstəsi olduğundan, krediti bankdan müalicəsi üçün götürmüşdür. Halhazırda həmin borcu ödəmək imkanı yoxdur. Borcun ödəniş edə bilsəydi, məsələnin məhkəməyə gəlməsinə icazə verməzdi.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, borcu qəbul edir, lakin hazırda krediti ödəməyə imkanı yoxdur. Mərhum onun anasıdır. Anası xx.xx.2020-ci ildə vəfat etmiş, xx.xx.2020-ci ildə ölüm haqqında şəhadətnaməni banka təqdim etmişdir. İki uşağım var, əmək haqqı az olduğu üçün kredit borcunu ödəyə bilməmişdir. Anası tanınmış həkim olub, vəfat edən günədək vaxtı-vaxtında kreditini ödəmişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2021-ci il tarixdə kredit ödənişi etməmiş, son ödənişi xx.xx.2020-ci il tarixdə mobil telefonu vasitəsilə etmişdir. Anası krediti müalicəsi üçün götürmüşdür. Mənzilin sahəsi sənədlə 52 kv.metrdir, lakin atası mənzilin sahəsini artırmışdır. Hazırda mənzilin bazar qiyməti 170000-180000 manat arasıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM1922B4617564 saylı kredit müqaviləsindən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC borcalana 60 ay müddətinə illik 20 % ödəmək şərti ilə 5700 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.
8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixinə təqdim etdiyi maliyyə arayışından görünür ki, X2 xx.xx.2019-cu il tarixli BPM1922B4617564 saylı kredit müqaviləsi üzrə 4546,51 AZN əsas, 0,01 manat faiz borcu vardır.
9. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X2 vərəsəsi Cavabdeh miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin Daşınmaz Əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********EP30312 nömrəli arayışa və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014 tarixində X3 verilmiş **********84-05301-093114 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,91 kv/m, yaşayış sahəsi 30,14 kv/m, yardımçı sahəsi 21,77 kv/m, 2 otaqlı mənzildən ibarətdir.
10. "xxxx" ASC tərəfindən borclu X2 vərəsəsi oğlu Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 5 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.
11. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 65,47 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli BPM1922B4617564 saylı kredit müqaviləsi bağlanmış, "xxxx" ASC borcalana 60 ay müddətinə illik 20 % ödəmək şərti ilə 5700 manat məbləğində kredit vermişdir.
13. X4 xx.xx.2020-ci il tarixində ölmüş, ölümündən sonra 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində 149/2021 reyestr nömrəli vərəsəlik işi açılmışdır.
14. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2020-ci il tarixində vəfat etmiş X2 vərəsəsi Cavabdehdur.
15. Cavabdeh mərhumdan miras qalmış **********84-05301-093114 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,91 kv/m, yaşayış sahəsi 30,14 kv/m, yardımçı sahəsi 21,77 kv/m, 2 otaqlı mənzilə tam pay hüququ əldə etmişdir.
16. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə borclunun banka 4546,51 manat əsas, 0,01 manat faiz borcunun olduğunu iddia edir və həmin borc məbləğinin borclunun vərəsəsindən tutulmasını tələb edir.
17. Məhkəmə iclasında iştirak etmiş borclunun vərəsəsi isə avtomobili borc məbləğini qəbul etdiyini, lakin ödəmək imkanının olmadığını bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
21. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
26. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
27. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
28. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
29. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.
30. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
31. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
32. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
34. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə X4 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur, borcalan ölümü ilə əlaqədar öhdəliyini icra edə bilməmişdir, borcalanın öldüyü vaxtadək maliyyə arayışında qeyd edilən məbləğdə borcu qalmışdır, cavabdeh borcalanın mirasını qəbul etsə də, mirasın dəyərindən xeyli az olan öhdəliyini icra etməmişdir.
35. Odur ki, cavabdeh vərəsə kimi miras əmlakı qəbul etdiyindən, vərəsənin miras payının həcmi qismində miras qoyanın passivini də qəbul etməli olduğundan və qəbul edilən mirasın dəyəri tələb edilən borc məbləğindən artıq olduğundan iddia əsaslıdır.
36. Məhkəmə cavabdehin etirazının dəlillərini ona görə əsassız hesab edir ki, əvvəla kredit borcunu sığortalamaq tərəflərin könüllü istəyindən asılıdır və sığortalanmama tələb hüququnu istisna etmir, eyni zamanda cavabdehin hazırda borcu ödəmək iqtidarında olmaması iddianın rədd edilməsi üçün əsas deyildir. Tətbiq edilən prosessual normalar:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
40. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
41. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;
42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
43. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
44. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 4546,51 manat, faiz borcuna görə 0,01 manat olmaqla, ümumilikdə 4546,52 manat məbləğində pul vəsaiti, həmçinin 65,47 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM1922B4617564 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4546,51 manat, faiz borcuna görə 0,01 manat olmaqla, ümumilikdə 4546,52 (dörd min beş yüz qırx altı manat, əlli iki qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 65,47 (altmış beş manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev