Məhkəmə qərarları › İş №e-2(001)-1330/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1330/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1330/2024 09.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı “X9” Bakı Filialının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı “X9” Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X9” Bakı Filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı “X9” Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 14 aprel 2022-ci il tarixli, 262 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X9” Bakı Filialı ilə X5 arasında 284 №-li və Cavabdeh3 arasında 285№-li zaminlik müqavilələri imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən “Borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 183.28 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə “Borcalan” tərəfindən “Kredit müqaviləsi”nin hər hansı bir şərti pozulduqda “Bank” verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq “Borcalan” 13 dekabr 2023-cü il tarixə “Bank”a kredit borcu üzrə 5364.60 manat ödəniş yerinə yetirməli idi. Lakin, 13 dekabr 2023-cü il tarixə kimi “Borcalan” tərəfindən “Bank”a 1699 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin, borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün “Borcalan” “Bank”a illik 29 % ödəməlidir. 13 dekabr 2023-cü il tarixə cavabdehin “Bank”a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 4759.57 manat təşkil edir. Bundan 4203.35 manat vaxtı keçmiş kredit borcu, 556.22 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə “Borcalan” zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 470.1 və 472.1-ci maddələri ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4759.57 manat (bundan 4203.35 manat vaxtı keçmiş borc, 556.22 manat faiz borcu təşkil edir) məbləğində 13 dekabr 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 67.60 manat dövlət rüsumunun tutularaq “X9” Bakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X9” Bakı Filialının nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X4 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, əsl Cavabdeh1 işə cəlb edilməsini məhkəmədən xahiş etmiş, bundan başqa Cavabdeh1 tərəfindən aldadıldıqlarını bildirmiş, onun tərəfindən bank qarşısında olan öhdəliklərin tam şəkildə yerinə yetirilməsi şərtilə cavabdehə zamin durduqlarını ifadə etmiş, lakin bank tərəfindən məhkəməyə müraciət edildikdən sonra aldadıldıqlarını başa düşmüşlər. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və eyni zamanda vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “X9” Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 aprel 2022-ci il tarixli, 262 №-li Kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 illik 19% olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 aprel 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 5000 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “X9” Bakı Filialı tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli 2023-1668 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 aprel 2022-ci il tarixli, 262 nömrəli kredit müqaviləsi üzrə 4203.35 manat əsas borcu, 556.22 manat faiz borcu olmaqla, cəmi 4759.57 manat borcu vardır. İş materiallarında olan iddiaçı “X9” Bakı Filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 14 aprel 2022-ci tarixli zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3, yəni zaminlər borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərnə götürmüşlər. İş materiallarında olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərin surətlərindən və həmin bildirişlərin ünvan sahiblərinə göndərilməsini təsdiq edən qəbzlərdən görünür ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduqları üçün, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 14 aprel 2022-ci il tarixli, 262 nömrəli kredit müqaviləsinə əsasən 4203.35 manat əsas, 556.22 manat faiz borcu olmaqla, cəmi 4759.57 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14 aprel 2022-ci il tarixli, 262 nömrəli kredit müqaviləsi üzrə 4203.35 manat əsas, 556.22 manat faiz borcu olmaqla, cəmi 4759.57 (dörd min yeddi yüz əlli doqquz manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti və 67.60 manat dövlət rüsumu iddiaçı “X9” Bakı Filialının xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar