Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1346/2025 07.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə AKX- 00816xx/xx-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00255 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat; - xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 486 manat olmaqla, cəmi 972 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan başqa, cavabdehin ödənilməmiş 2020-ci ilin aprel-dekabr ayları üzrə 360.40 manat sərfiyyat borcu və limitdən əlavə 140.40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1558.40 manat sərfiyyat borcu və limitdən əlavə 116.70 manat sərfiyyat borcu, 2022ci ilin yanvar-dekabr ayları üzrə 1645.86 manat sərfiyyat borcu və limitdən əlavə 54.64 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfinə görə 8.40 manat sərfiyyat borcu, 2023cü ilin yanvar-dekabr ayları üzrə 1273.06 manat sərfiyyat borcu və limitdən əlavə 31.44 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-noyabr ayları üzrə 1151.45 manat sərfiyyat borcu və limitdən əlavə 35.05 manat sərfiyyat borcu olmaqla, cəmi 6375.80 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2024-cü ilin noyabr ayına qədər cavabdeh cəmi 4876.60 manat məbləğində ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1499.20 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 471.20 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.1, 386, 442, 443.1, 448.2, 1096.1 və 1097.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 972 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1499.20 manat və 44.72 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 2515.92 manat pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin Cavabdeh məhkəmənin əvvəlki iclaslarında iştirak edərək ona qarşı irəli sürülmüş iddia tələbini qismən, yəni debitor borc hissəsində qəbul etdiyini bildirsə də, sonradan iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli, AKX-00816xx/xx-2019 nömrəli müqavilənin surətindən məlum olur ki, Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə Smart G-6 İtron Diafraqma markalı Qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Y.Massivi ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın metrologiya plomblarının rənginin fərqli olduğu, plomb yuvalarının ətrafının zədələndiyi, ALARM-1 rejimi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Y.Massivi ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00255) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4860 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Y.Massivi ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın metrologiya plomblarının rənginin fərqli olduğu, plomb yuvalarının ətrafının zədələndiyi, ALARM-1 rejimi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Y.Massivi ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00255) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4860 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli abonentin saldosundan məlum olur ki, Cavabdeh 2019-cu il üçün 972 manat borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli abonentin saldosundan məlum olur ki, Cavabdeh 2024-cü ilin noyabr ayında 200 manat ödəniş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, Cavabdeh 2020-ci ilin aprel-dekabr ayları üzrə 360.40 manat sərfiyyat borcu və limitdən əlavə 140.40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1558.40 manat sərfiyyat borcu və limitdən əlavə 116.70 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1645.86 manat sərfiyyat borcu və limitdən əlavə 54.64 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfinə görə 8.40 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 1273.06 manat sərfiyyat borcu və limitdən əlavə 31.44 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-noyabr ayları üzrə 1151.45 manat sərfiyyat borcu və limitdən əlavə 35.05 manat sərfiyyat borcu olmaqla, cəmi 6375.80 manat sərfiyyat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, ərizəsində göstərmişdir ki, İddiaçı İB tərəfindən pul tələbi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Hal-hazırda e-2(001)-7669/2024 saylı iş icraatdadır. İş üzrə iddia müddəti ötürülmüşdür. İddia müddətinin tətbiq edilməsi ilə bağlı zəruri məqamlar mövcuddur. Belə ki, həmin iş üzrə Birliyin səlahiyyətli əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı akt və xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib olunmuşdur. Lakin sözügedən akt üzrə iddia tələbi ilə tam 6 il sonra məhkəməyə müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq, ərizədə İddiaçı İB-nin “pul tələbi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiasının qanunvericiliklə müəyyən edilmiş iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olduğu və Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməli olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. İddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, hazırki mülki işdə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, cavabdeh tərəfindən sonuncu ödəniş 2024-cü ilin noyabr ayında həyata keçirilmişdir. İddia tələblərinə münasibətdə məhkəmə qeyd etməyi zərəri hesab edir ki, iddia tələbləri bir neçə hissədən, yəni akt əsasında zərərin əvəzinin ödənilməsi və sayğac vasitəsilə təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun ödənilməsi tələblərindən ibarət olduğundan hər bir tələbə ayrıca hüquqi qiymət verilməsi daha məqsədəmüvafiqdir. “Sayğac vasitəsilə təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun ödənilməsi” tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X2»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. (xx.xx.2023-cü il tarixli dəyişikliyədək) Həmin bəndin yeni redaksiyasına əsasən, Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı İB ilə arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi “sayğac vasitəsilə təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun ödənilməsi” hissəsində təmin edilməli və Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış debitor borca görə 1499.20 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı İB-yə ödənilməlidir. Digər tələbə, yəni akt əsasında zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X2»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli və 30 avqust 2019-cu il tarixli, ******* nömrəli aktların surətlərində aşkar edilən oxşar nöqsanlar “sayğacın metrologiya plomblarının rənginin fərqli, plomb yuvalarının ətrafı zədəlidir. ALARM-1 rejimi aşkar olunub” kimi qeyd edilsə də, iddiaçı həmin qüsurların cavabdehin təqsiri üzündən yaranması, eyni zamanda cavabdehin yaşadığı evə dair hesablanmış iki akta əsasən ümumilikdə 972 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə edir ki, iddia tələbi həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış debitor borca görə 1499.20 (bir min dörd yüz doxsan doqquz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 44.72 manat dövlət rüsumunun 60%, yəni 26.82 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 40%, yəni 17.90 manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-1346/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1346/2025
07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver