Məhkəmə qərarları › İş №e-2(001)-136/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-136/2023

14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-136/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən Kooperativin ünvan 1 ünvanında yerləşmiş tikilməkdə olan binasında C bloku, Vİİİ mərtəbədə 1 otaqlı, ümumi sahəsi 76,84 kv.m. olan 156 nömrəli mənzil iddiaçı tərəfindən alınmışdır. İddiaçı ilə "xxxx" MTK arasındakı müqavilə 2008-ci ildə bağlanmış olsa da, binanın tikintisi söz veriləndən uzun müddət çəkmiş, tikinti işləri bir neçə ildir ki, başa çatmış və bina sakinlərinə öz evlərini təmir etməyə icazə verilmişdir. Bundan sonra iddiaçı tərəfindən aldığı mənzildə təmir işləri aparılaraq başa çatdırılmışdır. 03 sentyabr 20201-ci il tarixdə iddiaçıya məlum olmuşdur ki, üst mərtəbədə, ünvan 1 ünvanında yerləşmiş binanın C bloku, İX mərtəbədə olan 161 saylı mənzildə yaşayan iddiaçı Cavabdeh yaşadığı mənzildə suyu açıq buraxmış və nəticədə onun evindən su axıb iddiaçının evinə dolmuş və təzə təmirdən çıxmış mənzil yaşanılmaz hala gəlmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə binanın komendantı Fuad Məhərrəmovun, qonşular Elnarə Dadaşovanın, Kəmalə Ağasiyevanın və iddiaçının atası Ceyhun Allahverdiyevin iştirakı ilə akt tərtib olunmuşdur. Hal-hazırda cavabdehin təqsiri ucbatından mənzildə yenidən təmir işlərinin aparılmasına zərurət yaranmışdır ki, təmirə 9274 manat məbləğində pul vəsaiti tələb olunur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, e-2(001)-136/2023 saylı telefonoqramdan görünür ki, məhkəmə iclas katibi tərəfindən Cavabdeh ilə ***-***-**-** nömrə üzrə Whatsapp tətbiqi vasitəsilə əlaqə yaradılmış, məhkəmə iclasının vaxtı və yeri barədə əlavə məlumat verilmiş, cavabdeh isə bildirmişdir ki, özü Türkiyədədir, həmin müddətdə mənzilində qudası yaşayıb, su kranı açıq qaldığından evi su basıb, lakin bu onların təqsirindən baş verməyib, işə onun iştirakı olmadan baxılmasına etiraz etmir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan komendant X5 tərəfindən tərtib edilmiş və qonşular: X9, X6 və X2 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 156 saylı mənzilə üst mərtəbəsində yerləşən 161 saylı mənzildən su axıdılaraq, mənzilin tavanı, divarda olan kağız örtükləri və döşəməsinə ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli müqavilələrdən və maliyyə arayışlarından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur, həmin binanın C giriş, İX mərtəbəsində ümumi sahəsi 77 kv.m. olan 1 otaqlı, 161 saylı mənzilinın pay dəyəri payçı Cavabdeh, binanın C giriş, ümumi sahəsi 76,84 kv.m. 156 saylı mənzilinın pay dəyəri isə payçı X1 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7305 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Su sızma hallarının baş vermə səbəbinə dair rəyin tədqiqat hissəsində göstərilən amilləri nəzərə alaraq, ünvan 2 saylı evin 156 saylı mənzilinə suyun sızması həmin mənzildən (156) yuxarı mərtəbələrdə yerləşən mənzillərin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya yuxarı mərtəbələrdə yerləşən mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 156 saylı mənzilin 17 mərtəbəli binanın 9-cu mərtəbəsində, 161 saylı mənzilin isə 156 saylı mənzilin üstündə olmaqla həmin binanın 10-cu mərtəbəsində yerləşdiyini, 156 saylı mənzilin dəhliz, yaşayış otaqları və mətbəx tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarında olan Aktın göstəricilərini nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 63 nömrəli binanın, 156 saylı mənzilə, üstündə yerləşən 161 saylı mənzildən su axıdıldığı müəyyən olunmuşdur. Su axıntısı nəticəsində ünvan 2 saylı evin 156 saylı mənzilində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3015 manat məbləğində müəyyən olunmuşdur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bələliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, dəymiş maddi ziyanın əvəzi olaraq 3015 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 32,55% hissədə təmin edildiyindən, ödənilmiş 112,64 manat dövlət rüsumunun 36,66 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 3015 (üç min on beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 36,66 (otuz altı manat altmış altı qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının 100 (yüz) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Ödənilmiş dövlət rüsumunun 75,98 (yetmiş beş manat doxsan səkkiz qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar