Məhkəmə qərarları › İş №e-2(001)-1383/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1383/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1383/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə və X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8.979,46 manat bundan 3.905,53 manat əsas, 2.676,17 manat faiz, 1.848,58 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 549,18 manat faiz borcu və iş üzrə ödənilmiş 109,80 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə 24 ay müddətinə illik 15 % dərəcəsi ilə 11.000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2016-cı il tarixli, 001 saylı Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 4.419,86 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4.414,76 manat hesablanmışdır. Kreditin müddəti saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 8.979,46 manat təşkil edir. Bundan 3.905,53 manat əsas, 2.676,17 manat faiz, 1.848,58 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azəbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 549,18 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********285 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, İddiaçı ASC-dən xx.xx.2015-ci il tarixində 11.000 manat məbləğində kredit götürmüşdür. Kreditin bir hissəsini ödədikdən sonra mövcud iş yerindən çıxdığı üçün krediti ödəməkdə çətinlik çəkmişdir. Həmçinin onu da qeyd edir ki, evi ipotekadadır və aylıq ödənişi olan 387 manat məbləğində ödəniş edir. Onun Banka 3905 manat əsas borcu, 2676 manat faiz borcu mövcuddur. Buna baxmayaraq hazırda ona 1848 manat cərimə borcu və 523 manat gecikdirmə borcu hesablanaraq məhkəməyə verilmişdir. Bunu da qeyd etmək istəyir ki, 3 il müddətini ötürülməyə 2 gün qalmış məhkəməyə verilmişdir. Halbuki bu hal Banklar haqqında qanun və X3 haqqında təlimatında göstərilir ki, kreditin müddəti bitdikdən sonra 3 ay ərzində şəxs məhkəməyə verilməli və ondan pul tələb edilməlidir. Həmçinin yuxarıda göstərilən 1848 manat cərimə borcu və 523 manat gecikdirmə borc məbləğləri süni şəkildə yaradılmış və onu əlavə pulla yükləmə xarakteri daşıyır. Bu səbəbdəndə məhz onu gecikdirib məhkəməyə veriblər. Onu da qeyd edir ki, əgər onun kreditinin müddəti bitdikdən dərhal sonra məhkəməyə müraciət olunsaydı 2676 manat məbləğindəki faiz borcu 801 manat olmalı idi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında isə cavabdeh bildirmişdir ki, o, banka olan borcunu yenidən hesablamış və müəyyən etmişdir ki, bankın tələb etdiyi məbləğ süni şəkildə şişirdilmişdir. Belə ki, onun əsas və faiz borcu tələb olunandan çox aşağı məbləğdədir. Hazırki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən və müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, bank borcalana 24 ay müddətinə illik 15% dərəcəsi ilə 11.000 manat məbləğində kredit verir, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəyir. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 30% dərəcəsi ilə, aylıq isə 2.50% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən banka ödənilir. xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 24 ay müddətinə illik 15% dərəcəsi ilə əldə etdiyi 11.000 manat kredit məbləğinixx.xx.2015-ci il tarixdən başlamaqla hər ay 533,46 manat, sonuncu ay isə 533,31 manat olmaqla xx.xx.2017-ci il tarixə qədər banka ödəməlidir. Cavabdeh yekun olaraq banka 11.000 manat əsas borc, 1.802,89 manat faiz borcu olmaqla, cəmi 12.802,89 manat məbləğində kredit borcu ödəməlidir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 11.000 manat krediti məbləğini qəbul etmişdir. xx.xx.2016-cı il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 001 nömrəli Əlavə Sazişdən görünür ki, bu müqaviləyə əsasən kreditorun borclana 11.000 manat məbləğində verdiyi kreditin qalıq məbləği 4.419,86 manat təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Bu Saziş tərəflərin onun imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. xx.xx.2016-cı il tarixli Saziş üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit məbləğini xx.xx.2016-cı il tarixdən başlamaqla hər ay 214,3 manat, sonuncu ay isə 214,43 manat olmaqla xx.xx.2018-ci il tarixə qədər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir. Cavabdeh yekun olaraq banka 4.419,86 manat əsas borc, 723,47 manat faiz borcu olmaqla cəmi 5.143,33 manat məbləğində kredit borcu ödəməlidir. xx.xx.2017-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 02 nömrəli Əlavə Sazişdən görünür ki, bu müqaviləyə əsasən borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 4.414,76 manat təşkil edir. Kreditin müddəti Sazişin imzaladığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır. Kredit öhdəliyi üzrə faiz dərəcəsi dəyişdirilərək 1.3-cü bənd əlavə edilir “1.3 Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilir” xx.xx.2017-ci il tarixli Saziş üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit məbləğini xx.xx.2017-ci il tarixdən başlamaqla hər ay 153,04 manat, sonuncu ay isə 152,99 manat olmaqla xx.xx.2020-ci il tarixə qədər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir. Cavabdeh yekun olaraq banka 4.414,76 manat əsas borc, 1.094,63 manat faiz borcu olmaqla cəmi 5.509,39 manat məbləğində kredit borcu ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 3.905,53 manat əsas, 2.676,17 faiz, 1.848,58 manat cərimə, 549,18 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 8.979,46 manat borc hesablanmışdır. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 109,8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/740-9/3232 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 17-ci vərəqində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli ********* saylı Kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 001 nömrəli əlavə sazişdə “4.3.Borcalan hissəsində “(imza, möhür)” qrafasında soyad şəklində olan imza və 19-cu vərəqində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli ********* saylı Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişdə “borcalan” hissəsində (imza) qrafasında soyad şəklində olan Cavabdeh tərəfindən icra olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2017-ci il tarixli 2 saylı “Əlavə Saziş”-də qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərə İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 3.401,79 manat, faiz borcu üzrə 1.400,4 manat. xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%lə hesablanmaqla) əsas borc üzrə 3.401,79 manat, faiz borcu üzrə 1.874,29 manat. Rəyin tədqiqat hissəsində göstərilmişdir ki, Cavabdeh xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə 390 manat olmaqla, cəmi 1.170 manat məbləğində ödəniş etmiş, həmin ödənişin 1.012,97 manatı əsas borc, 157,03 manatı isə faiz borcu təşkil etmişdir. Qeyd edilir ki, xx.xx.2015-ci il tarixli ********* saylı Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 473,89 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 125 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 15% dərəcəsi ilə 11.000 manat məbləğində kredit vermiş, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra göstərilən kredit müqaviləsi üzrə tərəflər arasında xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə 2 yeni Əlavə Saziş bağlanmış və bu Sazişlərlə kreditin qalıq məbləğləri müəyyən edilərək, yeni ödəniş cədvəlləri tərtib edilmişdir. xx.xx.2017-cı il tarixli Saziş üzrə Cavabdeh həmin sazişlə müəyyən edilmiş kredit məbləğini xx.xx.2017-ci il tarixdən başlamaqla hər ay 153,04 manat, sonuncu ay isə 152,99 manat olmaqla xx.xx.2020-ci il tarixə qədər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir. Cavabdeh sonuncu Sazişə görə yekun olaraq banka 4.414,76 manat əsas borc, 1.094,63 manat faiz borcu olmaqla cəmi 5.509,39 manat məbləğində kredit borcu ödəməlidir. Lakin cavabdeh müqavilə (Saziş) ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə (Saziş) ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin (Sazişin) şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Cavabdeh etirazının əsası kimi xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə bağlanmış Əlavə Sazişlərin onun tərəfindən imzalanmadığını bildirsə də, ekspert rəyi ilə bu hal təkzib edilmişdir. Həmçinin, cavabdeh iddia tələbində göstərilən məbləğlər də razılaşmamış, həmin məbləğlərin süni şəkildə şişirdilmiş formada tələb edildiyini bildirmişdir. Bu halında araşdırılması üçün məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Hazırda iddiaçının tələbləri 3.905,53 manat əsas, 2.676,17 manat faiz, 1.848,58 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 549,18 manat faiz borcu. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini təqdim edilmiş maliyyə sənədləri ilə, habelə ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, iddiaçı cavabdehə sonuncu Saziş üzrə 4.414,76 manat qalıq kredit məbləğini illik 15% dərəcəsi ilə xx.xx.2020-ci il tarixinə qədər ödənilməsi şərti ilə vermişdir. Belə olan halda iddiaçı cavabdehə ümumilikdə müqavilə müddətinin bitdiyi tarixə qədər 5.509,39 manat (4.414,76 manat əsas məbləğ+1.094,63 manat faiz məbləğ) kredit borcu ödəməli olduğu halda cəmi üç dəfə olmaqla, 1170 manat məbləğində ödəniş etmişdir. Bu ödənişlər xx.xx.2017-ci il tarixdə 390 manat, xx.xx.2017-ci il tarixdə 390 manat, xx.xx.2017-ci il tarixdə 390 manat olmaqla ödənilmişdir. Ekspert rəyindən müəyyən edilir ki, cavabdeh tərəfindən ödənilmiş 1.170 manat manat məbləğin 157,03 manat faiz borcundan silinməli, 1.012,97 manat isə əsas borcdan silinməlidir. Belə olan halda, sonuncu Saziş üzrə müəyyən edilmiş əsas borc 4.414,76 manat olduğu üçün 4.414,76-1.012,97=3.401,79. Beləliklə, məhkəmə əsas borcun tutulması hissəsində ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, cavabdehdən 3.401,79 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Lakin məhkəmə ekspert rəyində müəyyən edilmiş 1.400 manat məbləğində faiz borcu ilə razılaşmır. Çünki, ekspert rəyində faiz borcundan silinməli olan məbləğ 157,03 manat olaraq müəyyən edilmişdir. Sonuncu Saziş üzrə də cavabdehin müqavilə müddətinin sonuna kimi ödəməli olduğu faiz borcu 1.094,63 manatdır. Belə ki, kredit müqaviləsinin bitdiyi tarixdən sonrakı tarixlərə bank tərəfindən illik 15 faiz məbləğində borc hesablaması yol verilməzdir. Ona görə də, 1.094,63 manat ödənilməli olan faiz borcundan 157,03 manat ödənilmiş faiz borcu çıxılmalı və nəticədə qalıq faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qalıq faiz borcu isə 937,6 manat (1.094,63-157,03) təşkil edir. Beləliklə, məhkəmə faiz borcun tutulması ilə əlaqədar hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 937,6 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra xx.xx.2022-ci il tarixə qədər Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablama aparmaqla cavabdehdən 549,18 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 473,89 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği tutulmalı, tələb qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə Əlavə Sazişlərlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1.848,58 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 300 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tələb digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş üzrə Cavabdeh 3.401,79 manat əsas borc, 937,6 manat məbləğində faiz borcu, 473,89 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, 300 manat cərimə olmaqla, cəmi 5.113,28 manat məbləğində borc ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 63 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 manatın 71 manatı cavabdehdən, 54 manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş üzrə Cavabdeh 3.401,79 (üç min dörd yüz bir manat, yetmiş doqquz qəpik) manat əsas borc, 937,6 (doqquz yüz otuz yeddi, altmış qəpik) manat məbləğində faiz borcu, 473,89 (dörd yüz yetmiş üç manat, səksən doqquz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 5.113,28 (beş min bir yüz on üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumunun 63 (altmış üç) manatı Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (bir yüz iyirmi beş) manatın 71 (yetmiş bir) manatı Cavabdeh, 54 (əlli dörd) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar