Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1388/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bakhshalı Zolfı-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Zolfı Bakhshalı və Cavabdeh2 MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbini dəyişərək, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzil üçün İddiaçı tərəfindən Cavabdeh2 MTK-ya(bundan sonra MTK) ödənilmiş 28820 manatı, təmir üçün çəkilmiş 3000 manat, həmçinin 28820 manatı özlərində 42 ay saxlayaraq gecikdirdikləri vaxt üçün illik 5 faiz, yəni 5043 manat əldən çıxmış faydanı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 111 manatın kooperativ və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 MTKnin sədri arasında 12 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə inşa edilmiş 16 mərtəbəli 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 m olan 38 saylı 1 otaqlımənzilə dair yaşayış sahəsi üçün 164 saylımüqavilə bağlanmışdır. Mənzilin ümumi qiyməti olan 80.600(səksən min altı yüz) manatdan iddiaçı tərəfindən ilkin olaraq 24.180 manat kooperativə ödənilmişdir. Bundan sonra 29 noyabr 2019-cu il tarixdə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3” 4.2-ci bəndinə əsasən,məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-cimaddəsinə və Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”-nın 7.9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Sayğac üçün qanunsuz olaraq 1.500 manat və 12 dekabr 2019-cu il tarixli müqaviləyə əlavə №1 aylıq ödəniş cədvəlinə əsasən 1.570 manat, 13 yanvar 2020-ci ildə 1.570 manat, cəmi 28.820 manat ödəmişdir. Həmcinin 38 saylı mənzilin təmirinə 3.000 manat xərcləmişdir. 2018ci ilin noyabr ayının 19-da İddiaçı onunla birlikdə işləyən Zolfi Bakhshalıya əmlakı ilə əlaqədar o cümlədən 38 saylımənzil ilə bağlı 700028 saylı etibarnamə vermişdir. 2020-ci ilin yanvar ayının 25-də Cavabdeh2 MTK həmin etibarnamə əsasında MM-nin 362 və 321-ci maddələrinə zidd olaraq 38 saylı mənzili həmin qiymətə və eyni şərtlərlə 164/A saylı yaşayış sahəsi üçün müqavilə ilə Z.Bakhshalınin adına rəsmiləşdirərək mənzilin dəyərindən ödənilmiş 28.820 manatı və digər xərcləri hər iki cavabdeh tərəfindən bu günədək İddiaçı qaytarmamışdır. Həmin mənzil kooperativin maliyyə arayışına və protokoldan çıxarışına əsasən xx.xx.2020-ci il tarixdə(əslində xx.xx.2022) X1 adına Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən ilkin qeydiyyatdan keçmiş və hazırda da onun mülkiyyətindədir. 12 noyabr 2019-cu il tarixli 164 saylı müqavilənin 4.3 bəndində göstərilir ki, “Sifarişçi” müqavilənin ləğv edilməsi, müqavilədən imtina edilməsi hallarda mənzilin ümumi qiymətinin 7% məbləği dəbbə pulu qaydasında “İcraçı” tərəfindən tutulur və mənzil yeni “Sifarişçi”yə satıldıqdan sonra qeyd edilən dəbbə pulu məbləği istisna olmaqla, mənzilin dəyərinin qalan hissəsi“Sifarişçi”yə qaytarılır. İddiaçı adına olan Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumisahəsi 62 m olan 38 saylı 1 otaqlımənzili Cavabdeh1 özadına keçirilməsini 2022-ci ilin mart ayında bilmişdir. Bununla bağlı vəkil vasitəsi ilə 28 mart, 19 aprel 2022-ci ildə 38 saylı mənzillə bağlı olan zəruri sənədlərin verilməsi üçün Cavabdeh2 MTK-ya müraciət olunsa da müraciətlərə bu günədək cavab verilməmişdir.
3. Məhkəmə iclaslarında iddiaçı və onun nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddia tələbini müdafiə etmişlər. Bundan əlavə iddiaçı bildirmişdir ki, Cavabdeh1 ilə 2000-ci il tarixdən birlikdə işləmiş, lakin hazırda birlikdə işləmirlər. Belə ki, Cavabdeh1 iddiasına görə guya onun ******* manat pulunu mənimsəmişdir. Halbuki əslində Cavabdeh1 ona 10000 abş dolları borcludur. Onunla birlikdə işləyən zaman əmlakı ilə əlaqədar etibarnamə vermişdir, sonradan Cavabdeh1 onun etibarından istifadə edib qeyd edilən mənzili öz adına rəsmiləşdirmişdir. Halbuki o, həmin mənzili qonşusunun adına rəsmiləşdirməli idi. Nümayəndəsi isə əlavə olaraq bildirmişdir ki, həmin mənzil xx.xx.2019-cu ildə son ödəniş edildikdən 12 gün sonra həmin qiymətə və eyni şərtlə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. MTK-ya mənzilə dair İddiaçı ilə bağlanmış müqaviləni hansı əsasla ləğv edilməsinə və aparılmış əməliyyatlarla bağlı sorğular verilsə də, bu günə qədər cavab verilməmişdir. Eyni zamanda iddiaşı tərəf Zolfı Bakhshalınin mənzili əvvəcə öz adına sonra arvadının adına keçirtmiş və daha sonra digər şəxsə satmışdır. Bundan əlavə iddiaçı mənzildə elektrik işlərini, hamam otağını və sanitar qovşağı təmir elətdirdiyini bildirmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Zolfı Bakhshalı-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməmiş və iddianın ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Belə ki, təmsil etdiyi şəxsin mənzilin kimin adına olmasından məlumatsız olduğunu və MTK-ya ilkin olaraq 27320 manat ödəniş etməklə mənzili aldığını, daha sonra arvadının adına rəsmiləşdirdiyini bildirmişdir. Bundan əlavə mənzilin alınarkən təmirsiz olduğunu, mənzili Aysel Acalovanın təmir elətdirdiyini və daha sonra satdığını bildirmişdir. Eyni zamanda mənzilin ondan əvvəl kimə satılıbsatılmadığının, müqavilənin ləğv edilib-edilmədiyinin onlara heç bir aidiyyətinin olmadığını, həmin mənzilin pulunu ödəyərək aldıqlarını bildirmişdir.
5. Digər Cavabdeh2 MTK məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış, belə ki, MTK-nın həm faktiki, həm hüquqi ünvanlarına bildirişlər göndərilmiş, sübutların tələb edilməsi barədə qərardada qəbul edilərək icra olunması üçün icra orqanına göndərilmişdir. Bununla yanaşı məhkəmə bildirişlərinin cavabdehə çatdırılması müvafiq icra hakimiyyəti orqanına tapşırılmışdır. Buna baxmayaraq MTK nümayəndəsinin iştirakını təmin etməmiş, tələb edilən sübutları təqdim etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. İddiaçı ilə(sifarişçi) Cavabdeh2 MTK(icraçı) arasında xx.xx.2019-cu il tarixli, 164 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 bloklu binanın, 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzili sifarişçiyə satmağı, sifarişçi isə müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
7. Müqavilə tərəfləri mənzilin hər kv.m dəyərini 1300 manata, mənzilin ümumi qiymətinin 80600 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar.
8. Sifarişçi mənzilin dəyərinin 24180 manatını müqavilə bağlandığı gün, qalan hissəsini isə ödəniş cədvəlinə əsasən 36 ay müddətində ödəyəcəyinə razılıq vermişdir.
9. Ödəniş cədvəlinə əsasən sifarişçi xx.xx.2019-cu ildən başlayaraq hər ay 1570 manat ödəniş etməli idi.
10. Sifarişçi tərəflərin razılaşdığı kimi xx.xx.2019-cu il tarixdə 24180 manat ödəniş etmiş və ona bu barədə MTK-nın rəhbəri, baş mühasibi tərəfindən tərtib edilmiş və MTK-nın möhürü ilə təsdiqlənmiş 164 saylı kassa mədaxil orderi verilmişdir.
11. Bundan sonra tərəflərin razılaşdığı kimi 12 dekabr 2019-cu il və 13 yanvar 2020-ci ildə sifarişçi tərəfindən hər birində 1570 manat olmaqla, 2 dəfə ödəniş edilmişdir, eyni zamanda bu barədə MTK-tərəfindən müvafiq olaraq 164/01 və 164/02 saylı mədaxil qəbzi verilmişdir.
12. Bundan əlavə sifarişçi tərəfindən xx.xx.2019-cu il tarixdə sayğac üçün 1500 manat ödəniş edilmiş və bu barədə də MTK tərəfindən qəbz verilmişdir.
13. Daha sonra eyni mənzilə görə MTK ilə Cavabdeh1 arasında xx.xx.2020ci il tarixli, 164/A saylı müqavilə bağlanmışdır. Hansı ki, Cavabdeh1-nin nümayəndəsi bu faktı qəbul etmiş və cavabdehin mənzilə görə 27320 manat ilkin ödəniş etməklə MTK-dan aldığını, daha sonra arvadı Aysel Acalovanın adına rəsmiləşdirdiyini bildirmişdir.
14. Bundan başqa Cavabdeh1-nin nümayəndəsi mənzili MTK-dan təmirsiz aldığını və mənzili Aysel Acalovanın təmir elətdirdiyini və sonuncunun da mənzili digər şəxsə satdığını bildirmişdir.
15. MTK-ya isə məhkəmə iclasları barədə dəfələrlə məlumat verilmiş, mübahisəli mənzilə dair müvafiq sənədlər tələb edilmiş, lakin MTK nümayəndəsinin iştirakını təmin etməmiş və tələb edilən sübutları təqdim etməmişdir.
16. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən alınan məlumatlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə hazırda X2 məxsusdur. Belə ki, MTK-nın bu barədə xx.xx.2021-ci il tarixli maliyyə arayışı əsasında sonuncunun adına xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmışdır.
17. İddiaçı iddia edir ki, MTK qanunsuz olaraq onun Cavabdeh1-yə verdiyi etibarnamə əsasında mənzili sonuncunun adına rəsmiləşdirmiş, hansı ki, etibarnamə əsasında öz xeyrinə əqd bağlaya bilməzdi. Buna baxmayaraq onun müqavilə üzrə ödənişlərini geri qaytarmamışdır. Bu barədə MTK-ya rəsmi qaydada dəfələrlə müraciət etmiş, lakin nəticə əldə etməmişdir.
18. Bundan əlavə mənzilin təmirinə 3000 manat vəsait xərcləmişdir.
19. Odur ki, həmin müqavilə üzrə etdiyi ödənişləri, yəni mənzilə görə ilkin və sonrakı ödənişlərinin, mənzilin təmirinə görə xərclədiyi vəsaitin, o cümlədən pulu əsassız saxladığına görə illik 5 faizlə hesablanmış əldən çıxmış faydanı tələb edir.
20. Cavabdeh1 məhkəmə iclaslarında nümayəndə vasitəsilə təmsil edilmiş və nümayəndəsi məhkəmə iclaslarında cavabdehin həmin mənzilə dair başqa şəxslə müqavilə bağlandığından xəbərinin olmadığını, mənzili etibarnamə əsasında deyil, MTK-ya ilkin ödəniş etməklə əldə etdiyini və daha sonra öz arvadının adına rəsmiləşdirdiyini bildirməklə, iddianı ona münasibətdə qəbul etməmişdir. Eyni zamanda cavabdehin mənzili təmirsiz əldə etdiyini bildirmişdir.
21. Digər cavabdeh olan MTK-isə yuxarıda qeyd edildiyi kimi lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
22. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflərin, müqavilənin adının hansı qaydada adlandırılmasından asılı olmayaraq iddiaçı ilə MTK arasında podrat müqaviləsi bağlanmışdır.
23. Belə ki, Mülki Məcəllənin 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144- 1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
24. Həmin Məcəllənin 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
25. Odur ki, sifarişçi ilkin və hər ay qrafik üzrə ödəniş etmək öhdəliyi götürmüş və podratçı da binanın tikintisi başa çatdıqdan sonra mənzili təhvil vermək və.s barədə öhdəlik götürmüşdür.
26. Buna baxmayaraq podratçı müqavilədən birtərəfli qaydada imtina etməklə, digər şəxslə müqavilə bağlamışdır. Belə ki, tərəflərin müqavilə öhdəliklərinə xitam verilməsi barədə qarşılıqlı razılığının və ya müqavilə öhdəliklərinə xitam verilməsi barədə(şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında) məhkəmə qərarının olması müəyyən edilmir və bu isə MTK-nın müqavilədən birtərəfli qaydada imtina etdiyi nəticəsinə gəlməyə əsas verir. MTK-nın hansı əsasla, hansı səbəbə görə müqavilədən imtina etməsi(tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya digər halda) məlum olmasa da, onun digər şəxslə, yəni cavabdehlə eyni mənzilə dair müqavilə bağlamaqla əvvəlki müqaviləni ləğv etmək barədə iradəsi aşkardır. Bununla yanaşı iddiaçının da müqavilənin ləğv edilməsinə münasibəti onun hazırki tələbindən görünür. Yəni iddiaçı da MTK-nın müqavilədən imtinasına etiraz etmir və bunun əsaslılığını mübahisələndirmir(Mülki Məcəllənin 447-ci maddəsinin tələbi baxımından). Lakin nəzərə alınmalıdır ki, “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir.
27. Yəni müqavilədən imtina edildikdə tərəflər müqavilə üzrə icra etdiklərini geri tələb edə bilərlər. Necə ki, iddiaçı hazırki tələbində bu hala istinad etməklə müqavilə üzrə icra etdikərini geri tələb edir. Bu məqamda müqavilədən birtərəfli qaydada imtina edən cavabdeh tərəf, yəni MTK sübut etmə yükünün bölgüsü baxımından müqavilə üzrə icra edilənləri geri qaytardığını sübut etməli idi. Halbuki cavabdeh MTK məhkəmə iclaslarında iştirak etməyərək bu hüququndan istifadə etməmişdir. Odur ki, məhkəmə sübut edilməyən halları yoxmuş kimi rədd etməkdə haqlı olacaqdır.
28. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı MTK-ya müqavilə üzrə öhdəliklərin icrası qaydasında ödədiyi 28820 manatı tələb etməkdə haqlıdır.
29. Məhkəmə həmin məbləğin müştərək qaydada cavabdehlərdən tutulmalı olması barədə iddiaçının tələbini əsaslı hesab etmir. Belə ki, iddiaçı ilə cavabdeh Zolfı Bakhshalı arasında mübahisə predmetinə dair hər hansı öhdəlik münasibətlərinin yaranması işin halları ilə müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 386-cı maddəsinin tələbi baxımından, tərəflər arasında hər hansı öhdəlik münasibətinin yaranması üçün ya tərəflər arasında müqavilə münasibətləri olmalı, ya zərər vurulması, ya da əsassız varlanma halının olması müəyyən edilməlidir.
30. Məhkəmə iddia tələbinin təmir üçün xərclənən vəsaitin tutulması hissəsini əsaslı hesab etmir. Çünki iddiaçı tərəf bununla bağlı hər hansı sübut təqdim etməyərək, təyinatı və aidiyyəti qeyri-müəyyən olan bir neçə qəbzə istinad etməklə kifayətlənmişdir. Halbuki iddiaçı təmir işini aparan ustaları, məhkəmə iclaslarında adı çəkilən və evin təmirli olub-olmaması barədə məlumatı olan digər şəxsləri şahid qismində dəvət edə və ya təmirin mövcudluğunu təsdiq edən digər yazılı sübutlar təqdim edə bilərdi. Hansı ki, iddiaçının həmin tələbinin əsasını əsassız varlanma təşkil etmiş və cavabdehlərin də əsassız olaraq varlandığını sübut etmə yükü onun üzərinə düşmüşdür.
31. Bundan əlavə iddiaçının tələbinin digər əsası 28820 manatı özündə saxladığına görə illik 5 faizlə əldən çıxmış fayda olaraq 5043 manatın cavabdehlərdən tutulması olmuşdur. Hansı ki, iddiaçı tələbini əsaslandırarkən həmin məbləğin niyə cavabdehlərdən müştərək qaydada tutulmalı olmasına dair hər hansı mövqe nümayiş etdirməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh Zolfı Bakhshalı arasında hər hansı öhdəlik münasibətləri olmamış və həmin şəxs iddiaçı qarşısında MTK ilə birlikdə birgə borclu kimi çıxış etməmişdir.
32. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının bu hissədə tələbinin hüquqi əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
33. Həmin normaya əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
34. İşin müəyyən edilmiş halları baxımından məhkəmə iddiaçının bu əsasla cavabdeh MTK-dan pul tələb etməsini əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi MTK-nın müqavilədən imtina etdiyi andan müqavilə üzrə icra edilmişləri qaytarmaq vəzifəsi yaranmışdır. Hansı ki, MTK ən geci xx.xx.2020-ci il də Cavabdeh1 ilə müqavilə bağladığı andan faktiki olaraq iddiaçı ilə aralarında bağlanmış müqavilədən imtina etmişdir. Odur ki, iddianın məhkəməyə verildiyi vaxtadək, yəni xx.xx.2023-ci il tarixədək MTK 28820 manatı özündə əsassız olaraq saxlamışdır. Bu səbəbdən də iddiaçının tələbi qismən təmin edilməli, MTK 28820 manatın qaytarılmasını 3 il müddətinə gecikdirdiyi üçün, ondan illik 5 faiz məbləğində, yəni 4323 manat məbləğində pul vəsaiti tutulmalıdır. Tətbiq edilən prosessual normalar
35. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
36. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
39. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
40. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh2 MTK-dan müqavilə üzrə aparılmış ödənişlərə görə 28820 manat, həmin vəsaitin qaytarılmasını gecikdirdiyi üçün illik 5 faiz hesablanmaqla 3 il üçün 4323 manat olmaqla, cəmi 33143 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində isə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə 190 manat məbləğində pul vəsaiti Cavabdeh2 MTK-dan tutularaq iddiaçıya ödənilməlidir.
42. Vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi hissəsində isə məhkəmə hesab edir ki, bu barədə hər hansı sübut təqdim edilmədiyindən əsassızdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MTK-dan 33143(otuz üç min yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh2 MTK-dan 190(yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev