Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1391/2024 26.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı X1 Azərbaycan QSC-nin Cavabdeh qarşı maddi ziyana görə 120,45 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X1 Azərbaycan QSC Cavabdeh qarşı maddi ziyana görə 120,45 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı X1 Azərbaycan QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmiş, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmiş, bu barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1424/2021 saylı qətnaməsi çıxmışdır. İddiaçı ilə İnternational Legal Services MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini iddiaçı İnternational Legal Services MMC-yə sifariş etmişdir. İnternational Legal Services MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 200 manat, xx.xx.2022-ci il tarixində ödənilən 603 manat məbləğindəki vəsait İnternational Legal Services MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də X1 Azərbaycan QSC tərəfindən İnternational Legal Services MMC-yə 120,45 manat məbləğində xidmət haqqı ödənilmişdir. Ona görə də Cavabdeh 120,45 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1424/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh 636,34 manat məbləğində əsas borcun, 59,21 manat məbləğində faiz borcunun, 50 manat məbləğində cərimə borcunun, 27 manat məbləğində komisyon haqqının, dövlət rüsumuna görə 30 manatın X1 Azərbaycan QSC-nin xeyrinə tutulması qət edilmişdir. X1 Azərbaycan QSC ilə İnternational Legal Services MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən müəyyən olunur ki, büro bankın məhkəmə və digər instansiyalarda həyata keçiriləcək məhkəmə və digər icra işləri ilə əlaqədar hüquqi xdmət göstərməyi, bank isə bunun qarşılığında hüqui xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. X1 Azərbaycan QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X1 Azərbaycan QSC ilə İnternational Legal Services MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq X1 Azərbaycan QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci il tarixinə təmin edilmiş 803 manat məbləğində pul vəsaitinə X1 Azərbaycan QSC tərəfindən İnternational Legal Services MMC-yə 120,45 manat məbləğində xidmət haqqı ödənilmişdir. X1 Azərbaycan QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank cavabdehi 120,45 manat borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən mahiyəti etibarı ilə məhkəmə xərci olmaqla özünə göstərilən hüquqi xidmətə görə nümayəndəyə ödənilməli olan pul tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-nin 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İstinad olunan normanın tələbindən müəyyən olunur ki, məhkəmə nümayəndənin göstərdiyi yardıma görə cəkilən bütün xərcləri deyil, ağlabatan məbləği alıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1424/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X1 Azərbaycan QSC-nin həmin vaxt çəkmiş olduğu bütün məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1424/2021 saylı qətnaməsinə əsasən, həmin iş üzrə iddiaçıya məhkəmə xərclərinə görə cavabdeh tərəfindən ağlabatan məbləğdə vəsait ödənildiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı X1 Azərbaycan QSC-nin Cavabdeh qarşı maddi ziyana görə 120,45 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1391/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1391/2024
26.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver