Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1393/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı X2 Bakı Filialının Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X2 Bakı Filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, X2 Bakı Filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 760 №li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi X2 Bakı Filialı ilə Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 366,56 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2023-cü il tarixə banka kredit borcu üzrə 8968,55 manat ödənişi yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi borcalan tərəfindən banka 6863 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuş, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, borcalan banka illik 29% ödəməlidir. xx.xx.2023-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 7057,74 manat təşkil edir. Bundan 6672,32 manat vaxtı kecmiş kredit borcu 385,42 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 760 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh3 ilə 1000 saylı, Cavabdeh1 ilə 131 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Ona görə də, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixinə olan əsas borca görə 6672,32 manat, faiz borcuna görə 385,42 manat olmaqla cəmi 7057,74 manat borcun və ödənilmiş 90,58 manat dövlət rüsumunun tutularaq X2 Bakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı X2 Bakı Filialının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, müəllimə işləyir, həyat yoldaşı ustadır. Bankdan 10000 manat kredit götürmüşdür. İlk əvvəl müqavilə öhdəliklərini vaxtında icra etsə də, valideynlərinin xəstəliyi, daha sonra anası vəfat etdiyindən müqavilə öhdəliklərini vaxtı-vaxtında icra edə bilməmişdir. Onun və bacısı Ləmanın başqa banklar qarşısında da öhdəlikləri vardır. Ona görə də borcun, yalnız ondan tutulmasını xahiş edir. İddiaçının əsas borca görə 6672,32 manat tələbini qəbul edir, faiz borcunun isə silinməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. X1 İran Bakı Filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 760 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə qaytarmaq, illik 19% ödəmək şərti ilə 10000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.2-ci bəndindən müəyyən olunur ki, borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. X2 Bakı Filialının xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 10000 manatı Cavabdeh2 vermişdir. X2 Bakı Filialının xx.xx.2021-ci il tarixli № 760 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 10000 manat, faiz borcuna görə 3196,18 manat olmaqla cəmi 13196,18 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 İran Bakı Filialı ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 1000 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin X1 İran Bakı Filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 760 saylı kredit müqaviləsindən irəli gələn borcalanın öhdəliklərinin icrasına sonuncu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. X1 İran Bakı Filialı ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 131 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin X1 İran Bakı Filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 760 saylı kredit müqaviləsindən irəli gələn borcalanın öhdəliklərinin icrasına sonuncu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. X2 Bakı Filialının Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişlərdən müəyyən olunur ki, bank birgə borclulara xx.xx.2023-cü il tarixinə əsas borca görə 4936,53 manat, keçikmiş əsas borca görə 1735,79 manat, faiz borcuna görə 15,66 manat, vaxtı keçmiş faiz borcuna görə 369,76 manat olmaqla cəmi 7057,74 manat borclarının olmasını bildirib, gecikmiş borca görə 2121,21 manatın ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. X2 Bakı Filialının xx.xx.2023-cü il tarixli 2023-1686 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli № 760 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borca görə 6672,32 manat, faiz borcuna 385,42 manat olmaqla cəmi 7057,74 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli № 760 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borca görə 6672,32 manat, faiz borcuna görə 385,42 manat olmaqla cəmi 7057,74 manat borclarının yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2021-ci il tarixli № 760 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6672,32 manat, faiz borcuna görə 385,42 manat, dövlət rüsumuna görə 90,58 manat olmaqla cəmi 7148,23 manat X2 Bakı Filialının xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1393/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1393/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver