Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1417/2025 12.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 7438,18 manat məbləğində əsas borcun, 30,69 manat məbləğində faiz borcunun, cəmi 7468,87 manat borcun və 95 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 16,5% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə verildikdən sonra 2 dəfə 150 manat ödəniş edilmiş, həmin məbləğ faiz borcu və məhkəmə xərclərinə silinmişdir. İddiaçının nümayəndəsi verilmiş suallara cavab olaraq bildirdi ki, faiz borcu iddia ərizəsində 30,69 manat tələb edilsə də, faiz borcunun hesablanması dayandırılmadığından 95,40 manat dövlət rüsumu çıxıldıqdan sonra ödənilən bütün məbləğlər faiz borcundan silinmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, bankdan kredit götürmüş, müəyyən ödənişlər etmişdir. 13 dekabr 2024-cü il tarixdən sonra da iki dəfə 150 manat ödəniş etmişdir. Hazırda 7438,18 manat borcu var. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/54011/89/15 saylı kredit Sazişindən və ödəniş cədvəlindən görünür ki, kreditor borcalana 48 ay müddətinə illik 16,50 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixli, ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh bankdan 5597,06 manat, 100 manat və 4302,94 manat pulu almışdır. Müqaviləyə 1 nömrəli Əlavədən - Ödəniş cədvəlindən görünür ki, Cavabdeh banka xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixə qədər ayda 285,97 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdən və onun göndərilməsini təsdiq edən qaimədən görünür ki, cavabdehə banka olan borcunu (7724,53 manat əsas, 792,96 manat faiz və 312,49 manat cərimə) dərhal icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehin banka 7438,18 manat əsas, 34,1 manat faiz borcu vardır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 95,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesabdan çıxarışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixində 150 manat, xx.xx.2025-ci il tarixində 150 manat ödəniş etmişdir. Həmin məbləğlərdən 95,40 manat məhkəmə xərcinə silinmiş, qalan 204,60 manat isə faiz borcundan çıxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərini yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından müəyyən edilir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin hazırda banka 7438,18 manat əsas və 30,69 manat faiz borcu vardır. Lakin, hesabdan çıxarışla təsdiq olunur ki, iddiaçı iddia ərizəsi məhkəməyə verildikdən sonra 2 dəfə 150 maanat olmaqla, ümumilikdə 300 manat ödəniş etmişdir. Həmin puldan 95,40 manatı məhkəmə xərcinə çıxıldıqdan sonra qalan məbləğ olan 204,60 manat faiz borcundan silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən hesab edirəm ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavabdehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Bununla da müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən ödənilmiş 300 manat puldan 95,40 manatını məhkəmə xərcinə çıxdıqdan sonra qalan bütün məbləği faiz borcuna çıxması əsaslı hesab edilə bilməz. Belə ki, artıq birtərəfli qaydada ləğv edilmiş müqavilə üzrə faizlərin hesablanması əsassızdır və məhkəmə xərci məsələsinə isə yekun məhkəmə aktı əsasında qiymət verilir. Ona görə də cavabdehin ödədiyi 300 manatın 30,69 manatı faiz borcundan, qalanı isə əsas borcdan silinməli idi. (300-30,69(faiz borcu)=269,31; 7438,18(əsas borc)-269,31=7168,87). Belə olan halda,məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında hazırda ödənilməmiş 7168,87 manat əsas borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, CC/54011/89/15 saylı kredit Sazişi üzrə Cavabdeh 7168,87 manat məbləğində əsas borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 91,68 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, CC/54011/89/15 saylı kredit Sazişi üzrə 7168,87 (yeddi min yüz altmış səkkiz manat 87 qəpik) manat məbləğində əsas borc və 91,68 (doxsan bir manat 68 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1417/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1417/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver