Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1445/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 20 manatın, nəticə etibarı ilə ümumilikdə 130 (yüz otuz ) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırılmışdır ki, telefon mağazasının satıcısı olaraq o, İddiaçı Cavabdeh ilə 24 oktyabr 2023-cü il tarixində 632 nömrəli Nisiyə mal satılması müqaviləsi bağlamışdır. 24 oktyabr 2023-cü il tarixində 632 nömrəli Nisiyə mal satılması müqaviləsinə əsasən, Cavabdeh "Galaxy A34" markalı telefonu 11 aylıq kreditlə 890 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən, ilkin ödəniş də daxil olmaqla 780 manat ödənilmiş, lakin hazırda qalan 110 manat borcunu ödəməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmişdir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmişdir ki, o, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni, vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı o, maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin, borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin, o borcun ödənilməsindən imtina etmişdir. O, buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Həmçinin, onu da qeyd edir ki, o, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin, nüfuza və hörmətə malikdir. Satıcı alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin, bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 24 oktyabr 2023-cü il tarixində 632 nömrəli müqavilələrdən yaranan 110 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə gösərilən 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni ümumilikdə olan dəbbə pulu olaraq 20 manat peniya və 30 manat dövlət rüsumunun da cavabdehdan alınıb ona qaytarılmasını istəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixinli 632 nömrəli Nisyə mal satınalması müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 890 manat dəyərində “Galaxy A34” markalı telefon almışdır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, alıcı ödənişləri gecikdirdiyi hər gün üçün aylıq ödənişin 2%-i həcmində əlavə cərimə ödəyir. Müqaviləyə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Galaxy A34» markalı telefon üçün 890 manat pulu 11 ay müddətinə, hər ay 74,16 manat ödəmək şərti almışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Galaxy A34” markalı telefon Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 632 nömrəli Nisyə mal satılması müqaviləsi üzrə İddiaçı 110 manat əsas, gecikdirilmiş penya pulu olan 20 manat, nəticə etibarı ilə ümumilikdə 130 (yüz otuz ) manat pul borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli pretenziyadan və onun göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixinli 632 nömrəli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 361-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, cavabdehdən 110 manat əsas borc, 20 manat peniya pulu olmaqla ümumilikdə 130 manat borc tutulmalıdır. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Hesab edirəm ki, iddia təmin edildiyindən 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh 110 (yüz on) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində penya pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 160 (yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1445/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1445/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver