Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1465/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) X1 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyana görə ödənilməmiş 4234.40 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində vəsait və 3 (üç) manat ödənilmiş dövlət rusumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə “Administrator” vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. Cavabdeh iş vaxtı ərzində bilavasitə intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin “Oba-Türkan 4” mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixdə aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin MMC-yə müvafiq olaraq 4803.73 manat zərər vurması müəyyən edilmiş və inventarizasiyanın nəticələrinə dair akt tərtib edilmişdir. Müəyyən edilmiş ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmiş və nəticədə cavabdehin 4234.40 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də heç bir ödəniş həyata keçirilməmişdir.
Məhkəmə icraatı iştirakçıları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı (nümayəndəsi) məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
4. Əmək müqaviləsindən və əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən 245 saylı əmrlə İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdən isə 104 saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir.
5. xx.xx.2023-cü il tarixli X2 haqqında müqavilədən görünür ki, Cavabdeh bu müqavilə ilə ona müdiriyyət tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi öhdəliyini üzərinə götürmüşdür.
6. xx.xx.2023-cü il tarixli “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” 1436 saylı əmrdən və İnventarizasiya nəticələrinə (siyahı və s.) dair aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Oba-Türkan 4” mağazasında (məsul şəxs Cavabdeh) inventarizasiya aparılmış və inventarizasiyanın nəticəsinə əsasən əskikgəlmə məbləği - 4803.73 manat müəyyən edilərək akt tərtib edilmişdir. Mağazada məsul şəxs olan Cavabdeh tərtib edilmiş aktla razı olduğunu, üzləşmənin nəticələri ilə tanış olduğuna dair müvafiq sənədləri və iltizamnaməni imzalamışdır.
7. 05.06.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq xx.xx.2023-cü il tarixində 4803.73 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edilməklə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 4234.40 manat borcu qalmışdır.
8. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcla əlaqədar məlumat verilməklə öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
9. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
11. 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
12. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
13. 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
14. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
15. Əmək Məcəlləsinin 200-cu maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X2 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Əmək Məcəlləsinin 200-cu maddəsinin birinci və ikinci hissələrində göstərilən X2 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. X2 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
16. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
17. Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən isə əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin:
18. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.
24. Göründüyü kimi tərəflər arasında X2 haqqında müqavilə imzalanmış və inventarizasiya nəticələrinə görə Cavabdeh tərəfindən işlədiyi müddətdə İddiaçınə cəmi 4803.73 manat məbləğində ziyan dəymiş, həmin ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmiş və hal-hazırda iddiaçı cavabdehdən 4234.40 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş edir.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
26. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
27. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, qeyd edilən məbləğin ödənilməsi üçün cavabdehə vaxtın verilməsinə baxmayaraq Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh işəgötürən İddiaçı MMC qarşısında maddi məsuliyyət daşıması müvafiq sənədlərində əks olunmuşdur. Belə ki, Cavabdeh ilə imzalanmış xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə əlavə olan “X2 haqqında müqavilə”nin 4-cü bəndinə əsasən Maddi məsul şəxsin təqsiri (qəsd və ya ehtiyyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən işçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır.
28. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyana görə ödənilməmiş 4234.40 manat pul vəsaiti, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 3 (üç) manat məbləğində dövlət rüsumu və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
29. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının ödədiyi və tələb etidiyi hissəsinə müvafiq olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun ödənilməli olan hissəsi, yəni 59.34 manatı isə iddiaçıdan tutulaq dövlət nəfinə ödənilməlidir.
30. Belə ki, iddiaçı məhkəməyə 4234.40 manat məbləğində pulun tutulması tələbi ilə məhkəməyə müraciət edərək 62.34 manat dövlət rüsumu ödəməli olduğu halda 3 (üç) manat ödəniş etmiş və cavabdehdən də həmin məbləği tələb etmişdir.
31. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.
32. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4234.40 (dörd min iki yüz otuz dörd manat qırx qəpik) manat məbləğində pul, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 3 (üç) manat məbləği və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilməmiş dövlət rüsumunun 59.34 (əlli doqquz manat otuz dörd qəpik) manat hissəsi İddiaçı MMC-dən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova