Məhkəmə qərarları › İş №e-2(001)-1489/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1489/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1489/2024 09.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, “X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 2022/2577 saylı Kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik 32% hesablanmaq şərti ilə, 24 ay müddətinə 3320 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 2022/2577 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. xx.xx.2023-cü il tarixli arayışa əsasən, xx.xx.2022-ci il tarixli 2022/2577 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 1009.52 manat, faiz borcu 643.50 manat, dəbbə pulu 252.32 manat olmaqla, ümumilikdə borcu 1905.34 manat təşkil edir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443 və 445.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh xx.xx.2022-ci il tarixli 2022/2577 saylı kredit müqaviləsi üzrə 1009.52 manat əsas, 643.50 manat faiz borcu və 252.32 manat dəbbə pulu olmaqla, ümumilikdə 1905.34 manat məbləğində borcun və 40 manat dövlət rüsumunun tutularaq “X1 Kredit Təşkilatı” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, hazırda maddi vəziyyətinin pis olması, borcunun hissə-hissə, yəni hər ay 100 manat olmaqla ödəyə biləcəyini, bank tərəfindən ona kifayət qədər güzəşt edildiyini əsas gətirməklə iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı “X1 Kredit Təşkilatı” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçı “X1 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/2577 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 32% olmaqla 24 ay müddətinə 3320 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X1 Kredit Təşkilatı” MMC tərəfindən verilmiş 07 dekabr 2023cü il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1009.52 manat əsas, 643.5 manat məbləğində faiz borcu və 252.32 manat dəbbə pulu olmaqla, cəmi 1905.34 manat məbləğində borcu vardır. İş materiallarında olan “X1 Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh ünvanlanmış 14 dekabr 2023-cü il tarixli bildirişə əsasən məlum olur ki, cavabdehə 5 gün ərzində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faiz məbləğinin tutulması hissəsində əsaslı olduğundan, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə öz təsdiqini tapdığından, cavabdehdən 20 aprel 2022-ci il tarixində 2022/2577 saylı kredit müqaviləsi üzrə 1009.52 manat əsas borc və 643.50 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 20 aprel 2022-ci il tarixli müqavilə üzrə hesablanmış dəbbə pulu cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan müqavilə üzrə hesablanmış cərimə borcu 10% dək azaldılaraq cavabdehdən 20 aprel 2022-ci il tarixli müqavilə üzrə 25 manat məbləğində dəbbə pulu tutulmalıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20 aprel 2022-ci il tarixli, 2022/2577 saylı kredit müqaviləsi üzrə 1009.52 manat əsas, 643.50 manat faiz borcu və 25 manat dəbbə pulu olmaqla, cəmi 1678.02 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X1 Kredit Təşkilatı” MMC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20 aprel 2022-ci il tarixli, 2022/2577 saylı kredit müqaviləsi üzrə 1009.52 manat əsas, 643.50 manat faiz borcu və 25 manat dəbbə pulu olmaqla, cəmi 1678.02 (bir min altı yüz yetmiş səkkiz manat iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X1 Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyindən, iddiaçı “X1 Kredit Təşkilatı” MMC tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun 88%-i, yəni 35.20 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 12%-i, yəni 4.80 manat iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar