Məhkəmə qərarları › İş №e-2(001)-1527/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1527/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1527/2024 05.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırırlır ki, Cavabdeh AccessBank QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləsdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,9167% olmaqla 31 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti iddiaçıya qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 136,14 manat ödəniş etmiş və onun iddiaçıya 4863,86 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 181 gün üçün hesablanmış faiz borcu 604,43 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 181 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 604,43 manat təşkil edir. Ona görə də Cavabdeh AccessBank QSC-nin xeyrinə 4863,86 manat kredit borcu, 604,43 manat faiz borcu və 176,07 manat cərimə olmaqla, cəmi 5644,36 manat borcun və ödənilmiş 76,44 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı Accessbank QSC-nin nümayəndəsi N.Ə.Ələkbərov ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia ərizəsini qəbul edib izahatında işləmədiyindən iddiaçıya olan borcunu hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli kredit razılaşmasından müəyyən olunur ki, bank borcalana 31 ay müddətinə qaytarmaq, aylıq 1,9167%, ödəmək şərti ilə 5000 manat kredit verməyi öhdəsinə götürmüşdür. AccessBank QSC-nin xx.xx.2023-ci il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4863,86 manat, faiz borcuna görə 604,43 manat, cəriməyə görə 176,07 manat olmaqla cəmi 5644,36 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 181 gün təşkil edir. AccessBank QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağı və kredit müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyini və onun banka borclu olduğu əsas borca görə 4863,86 manat, faiz borcuna görə 596,56 manat, cəriməyə görə 172,18 manat olmaqla cəmi 5632,6 manatın məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçı cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqla xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağı və kredit müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyini və onun banka borclu olduğu əsas borca görə 4863,86 manat, faiz borcuna görə 596,56 manat, cəriməyə görə 172,18 manat olmaqla cəmi 5632,6 manatın məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsi barədə təklifini cavabdehə göndərməklə birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada kredit müqaviləsinin ləğvi baş verdiyindən, iddiaçı cavabdehdən müqaviləni birtərəfli qaydada ləğv etdikdən sonra da hesabladığı faiz və cəriməni tələb etdiyindən iddia ərizəsi qismən, yəni xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ləğvindən əvvəl gecikdirilmiş əsas borca görə 4863,86 manat, faiz borcuna görə 596,56 manat, cəriməyə görə 172,18 manat olmaqla cəmi 5632,6 manatın cavabdehdən tutulmasına dair hissədə əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin, qalan hissədə təmin edilməməlidir. Belə ki, müqavilədən bir tərəfli qaydada imtina etməklə onu ləğv edən kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddia ərizəsi qismən təmin edildiyi üçün məhkəmə ödənilmiş dövlət rüumunun cavabdehə aid edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, əsas borca görə 4863,86 manat, faiz borcuna görə 596,56 manat, cəriməyə görə 172,18 manat, dövlət rüsumuna görə 76,44 manat olmaqla cəmi 5709,04 manat AccessBank QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar