Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1538/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən(ad texniki olaraq səhv göstərilib) “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 144.60 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 (yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 275 manat məbləğində vurulmuş ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhərində yerləşən rayonlarda o cümlədən Binəqədi rayonu ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A” hüquq firması arasında hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 16 saylı MKİS tərəfindən verilən Arayışdan görünür ki, ünvan 2 xx.xx.2007-ci ildən cavabdehə məxsusdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan müəyyən olur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə əsasında xx.xx.2007-ci il tarixdə bu ünvan iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci il tarixədək son ödənişini etmiş və xx.xx.2012-ci il tarixdə 29.10 manat borcla şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan müəyyən olur ki, ünvan 1 ünvanına 0151 L saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmişdir. Bundan sonra xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0151 L saylı, xx.xx.2013-cü il tarixli akt tərtib olunaraq qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Cavabdeh akt tərtib edilən zaman mənzildə olmamışdır. Belə ki, baxış keçirən şəxslər tərəfindən mənzilin qapısı döyülmüş qapını açan xanım mənzilə baxış keçirilməsinə icazə verməmişdir. Tərtib edilmiş akt mənzilin qapısına qoyulmuşdur. İddia ərizsəinə əlavə edilmiş xəbərnamələrdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə pretenziya məktubu və akt göndərimişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsi tərəfindən tərtib edilmiş İnzibati hüquq pozuntusuna görə cərimənin qoyulması haqqında xx.xx.2014-cü il tarixli, 0343 №-li Qərardan görünürki, cavabdeh iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz qoşulmasına görə 35 manat inzibati qaydada cərimə edilmişdir. Bundan əlavə qeyd edirik ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Cavabdehə məxsus mənzilə son baxış keçirildiyi xx.xx.2012-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2013-cü ilədək olan müddət 482 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 144 .60 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Bundan başqa İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 (yüz) manat pul ödəmişdir. Yuxarıda qeyd edilən normaların mahiyyətindən göründüyü kimi cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə ola bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti mümkünsüz olamaqla yanaşı qeyd edilən hal kütləvilik təşkil edə bilər. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə barışığa cəhd edərək, borcdan 100 manat ödənilməsini təklif etsələr də, bu təkliflərinə münasibət bildirilməmişdir. On gün sonra yenidən əlaqə saxladıqda, iddiaçı tərəf razı olmadığını bildirmişdir. Həmin evdə anası və qardaşı yaşayıb. Anası ölüb, qardaşı isə cəzaçəkmə müəssisəsindədir. Ehtimal edir ki, qanunsuz qoşulmanı qardaşı etmişdir. Mənzil 2012-ci ildə onun adına olub. Qanunsuz qoşulma faktına görə 35 manat cərimə edilməsindən ümumiyyətlə məlumatsızdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlar:
5. “Ədalət-A” hüquq firmasının əməkdaşı X1 və KATV-1 əməkdaşı X2 və RİTNnin mütəxəssisi Sabir Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0151 L saylı, xx.xx.2013-cü il tarixli aktın surətinə əsasən ünvan 2 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, aktın tərtib olunmasında mənzil sakini xanım qapını açmış, lakin mənzilə daxil olmağa icazə verməmişdir. Nəticədə akt və bildiriş mənzilin qapısına qoyulmuşdur.
6. İddiaçı MMC-nin (“K@TV1”) 22 iyun 2022-ci il tarixli arayışına əsasən İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 18 fevral 2007-ci il tarixində bu ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub. 01 yanvar 2012-ci il tarixinədək isə son ödəməsini edib. 07 aprel 2012-ci il tarixində 29,10 manat borc ilə şəbəkədən ayrılıb;
7. İddiaçı MMC-nin (“K@TV1”) 22 iyun 2022-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanında 0151 L saylı akt tərtib olunanan qədər sonuncu dəfə xx.xx.2012-ci il tarixində həmin binaya baxış keçirilmişdir.
8. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X5 Haqqında xx.xx.2014-cü il tarixli, 0343 saylı qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 0646 saylı protokola əsasən İddiaçı MMC-nin “K@TV1” kabel şəbəkəsinə qanunsuz qoşulduğuna görə barəsində AR İXM-nin 170-ci maddəsi ilə 35 manat məbləğində cərimə edilmişdir.
9. 18 yanvar 2023-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 100 manat məbləğində pul ödənilmişdir;
10. İddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidmət haqqını ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Cavabdeh ilə iddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21, 176 saylı mənzili “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulma ilə bağlı müqavilə bağlanmış, həmin mənzil üzrə 01 yanvar 2012-ci il tarixinədək isə son ödəmə edilmiş və 07 aprel 2012-ci il tarixində 29,10 manat borc ilə abonent şəbəkədən ayrılmışdır.
12. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X5 Haqqında xx.xx.2014-cü il tarixli, 0343 saylı qərarla Cavabdeh İddiaçı MMC-nin “K@TV1” kabel şəbəkəsinə qanunsuz qoşulduğuna görə barəsində AR İXM-nin 170-ci maddəsi ilə 35 manat məbləğində cərimə edilmişdir.
13. İddiaçı hazırki iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC “K@TV1”in, “Ədalət-A” hüquq firmasının əməkdaşları və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin əməkdaşı tərəfindən tərtib olunan 0151 L saylı, xx.xx.2013-cü il tarixli akta əsasən yuxarıda qeyd olunan ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur.
14. İddiaçı cavabdehə məxsus mənzilə son baxış keçirildiyi xx.xx.2012-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2013-cü ilədək olan müddəti 482 gün təşkil etdiyini bildirir və buna görə hər gün üçün 30 qəpik maddi ziyan hesablamışdır.
15. Cavabdeh isə iddia tələbini faktiki olaraq qismən qəbul edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
18. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
20. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
21. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
22. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
23. “Telekommunikasiya haqqında” 14 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.
24. İşin müəyyən edilən hallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21, 176 saylı mənzili 01 yanvar 2012-ci il tarixinədək isə son ödəməsini edib, 07 aprel 2012-ci il tarixində 29,10 manat borc ilə şəbəkədən ayrılıb. Lakin tərtib edilmiş aktdan və X5 haqqında ləğv edilməmiş qərardan görünür ki, ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma olmuş, nəticəsində mənzilin mülkiyyətçisi 35 manat cərimə edilmişdir. Mənzilin şəbəkədən ayrıldığı xx.xx.2012-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2013-cü ilədək olan müddət 482 gün təşkil etmiş və günə 0,30 qəpik hesablanmaqla şəbəkədən qanunsuz istifadə nəticəsində iddiaçıya dəyən zərər məbləği 144,60 manat hesablanmışdır.
25. Odur ki, iddiaçı ilə müqavilə bağlamadan, onun xidmətlərindən mülki hüquq normalarına zidd yararlanmaqla iddiaçıya zərər vurulduğu sübut olunur. Bu fakt iş materiallarında olan diskdə aktın tərtib olunduğu zaman aparılan videoçəkilişlə öz təsdiqini tapır. Cavabdeh sözügedən mənzilin ona məxsus olduğunu qəbul edir və həmin mənzildə o dövrdə ailə üzvlərinin yaşadığını təsdiq edir. Eyni zamanda onun barəsində qanunsuz qoşulma əməlinə görə X5 barədə qərar qəbul edilmişdir.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən zərərin əvəzi qismində 144,60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə hüquqi xidmətlərə görə çəkilən xərcin əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı isə qeyd edir ki, iddia həmin hissədə əsaslı hesab edilə bilməz.
28. Belə ki, iddiaçı əgər həmin məbləğin müqavilə münasibətlərindən irəli gəldiyinə güman edirsə, bu halda cavabdehin hər hansı öhdəliyinin olması iş materialları ilə sübut olunmur.
29. Digər yandan, iddiaçı əgər həmin məbləğin deliktdən irəli gəldiyinə ehtimal edirsə, bu halda isə zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Belə ki, iddiaçı onun görməli olduğu işləri və ya xidməti istənilən şəxsə, istənilən muzd müqabilində, istənilən şərtlərlə tapşıra bilər və bu zaman tapşırıq müqaviləsindən irəli gələn öhdəliklər müqavilə tərəflərinə aiddir. Bu səbəbdən cavabdehdən öhdəlik daşımadığı müqavilə üzrə haqq tələb edilməsi əsassızdır.
30. Digər tərəfdən, iddiaçı əgər həmin məbləği məhkəmə xərci kimi tələb edirsə, bu halda da tələb əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi həmin norma vəkilin və ya nümayəndənin məhkəmə icraatı zamanı çıxışı və ya digər konkret hallarla bağlı olan xərclərin tutulmasını tənzimləmişdir. Halbuki “Ədalət-A” hüquq firması iddiaçının nümayəndəsi deyildir və məhkəmə icraatında iştirak etməmişdir. Tətbiq edilən prosessual normalar:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Nəticə:
35. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 144,60 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə münasibətdə 18 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə (K@TV1) verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi qismində 144,60 (yüz qırx dörd manat, altmış qəpik) manat məbləğində pul vəsaiti və 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə(K@TV1) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə
Sədrlik edən İlkin Əliyev