Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-154/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanov Manaf Emil oğlunun katibliyi ilə İddiaçı LPO QSC Bank Standart KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO QSC Bank Standart KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı LPO QSC Bank Standart KB-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, QSC Bank Standart KB ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 saylı müqaviləyə əsasən bank cavabdehə illik 30% hesablanması şərti ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh2 kredit üzrə cəmi borcu 20437,65 manat təşkil edir. Bundan 5950,77 manat əsas, 8528,91 manat faiz, 5156,19 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 801,78 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də QSC Bank Standart KB ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5950,77 manat, faiz borcuna görə 8528,91 manat, cəriməyə görə 5156,19 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 801,78 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 152 manat olmaqla ümumilikdə 2857,45 manatın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəməyə təqdim etdiyi iddia müddətinin təbiq edilməsi barədə ərizəsini müdafiə etdiyini bildirib işə onun iştirakı olmadan baxılaraq, iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin nəzərə alınıb iddia tələbinin ona aid hissədə rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Borcverən QSC Bank Standart KB ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 48 ay müddətinə qaytarmaq, illik 30% dərəcəsi, gündəlik 1% dərəcəsi cərimə məbləği ödəmək şərti ilə 10000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. QSC Bank Standart KB-nin xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 saylı kredit müqaviləsinə əlavə olunan 2 saylı ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh2 müqavilə üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əsas borca görə 10000 manat, faizə görə 7282,78 manat olmaqla cəmi 17282,78 manat borcu hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən QSC Bank Standart KB, zamin Cavabdeh1, borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcalanın xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 saylı kredit müqaviləsindən əmələ gələn öhdəliklərini tamamilə icra etməsi üçün borcverən qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşıyır. Müqavilənin 2.2-ci bəndindən müəyyən olunur ki, zaminliklə təmin edilmiş öhdəlik borcalan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən icra edilməlidir. LPO QSC Bank Standart KB tərəfindən məhkəməyə təqdim olunan hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 gecikdirilmiş əsas borcundan Fərmanla bağlı xx.xx.2019-cu il tarixdə 2908,22 manat silinmişdir. LPO QSC Bank Standart KB-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, borclu Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 5950,77 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizə görə 8528,91 manat, cəriməyə görə 5156,19 manat, gecikdirilmiş vaxt üçün hesablanan faizə görə 801,78 manat olmaqla cəmi 20437,65 manat borcu vardır. LPO Bank Standart KB QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində onunla bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinədək verilmiş 10000 manat məbləğində öhdəliyin icrasının təminatı olmasını, həmin kredit müqaviləsinin son icra müddətinin xx.xx.2019-cu il tarixi müəyyən edilməsini, lakin iddiaçı QSC Bank Standart KB iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə 2022-ci il tarixdə müraciət etməsini, ona görə də iddia müddətini tətbiq edərək, e-2(001)-3477/2022 nömrəli mülki iş üzrə iddiaçı LPO QSC Bank Standart KB-nin Cavabdeh1 qarşı iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını göstərmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışından müəyyən olunur ki, Cavabdeh2 restrukturizasiya olunması təklif olunan kreditlərinə LPO QSC Bank Standart KB ilə bağladığı kredit müqaviləsi üzrə əsas borcu 5950,77 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5851 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/108337/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2019-cu il tarixə əsas borcu 5935,67 manat, faiz borcu 7157,10 manat təşkil edir, Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə hər hansı ödəniş həyata keçirilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan kredit müqaviləsi bütün tələblər üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşsə də, iddiaçı istinad olunan Fərmanın tələblərinə əsasən, borcalanla güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1,-5.3-cü bəndlərinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir.Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X2 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı Cavabdeh2 öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 5935,67 manat borcunun olması öz təsdiqini tapdığından, iddiaçının bu cavabdehə qarşı əsas borca görə 5935,67 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin edilməli, iş üzrə məhkəmə xərcləri də bu cavabdehə aid edilməlidir. Məhkəmə iddiaçının faiz, cərimə, 5% tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib borcalanla güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda cavabdehlərə qarşı faiz, cərimə, 5% tələbi irəli sürməsi hüquqdan sui-istifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının zaminə qarşı tələbi ilə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində (xx.xx.2020-ci il tarixdən) kreditor zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də məhkəmə borcverənin zaminə qarşı tələblərini əsassız hesab edib təmin etmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2015-cu il tarixli 1xx/xx/118618/15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5935,67 manat, dövlət rüsumuna görə 152 manat olmaqla cəmi 6087,67 manat LPO QSC Bank Standart KB-nin xeyrinə tutulsun. Cavabdeh2 ekspertiza tədqiqatının dəyərinə görə 145 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-154/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-154/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver