Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1550/2024 22.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 07 mart 2014-ci il təvəllüdlü X11 və 07 noyabr 2015-ci il təvəllüdlü X2 üçün Bakı şəhər Binəqədi rayon məhkəməsinin saylı qətnaməsi ilə təyin olunmuş aliment məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 300 manat məbləğində təyin olunaraq, cavabdeh – Cavabdeh tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-2175/2022 saylı qətnaməsi ilə iddiaçı – İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş 07 mart 2014-ci il təvəllüdlü X11 və 07 noyabr 2015-ci il təvəllüdlü X2 üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsi hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla,cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X7 9, X6 isə 8 yaşı var. Binəqədi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-ci ildən hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd edir ki, uşaqların bütün qayğısı, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Olkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdaı və başqa gəlirlərin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 manata çatdırılmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı ərizə il məhkəmə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə təqdim etdiyi etirazını müdafiə edərək, aliment məbləğinin iki uşaq üçün Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, uşaqların saxlanılmasında müştərək iştirak edilməlidir. Bu günə qədər aliment borcu yoxdur.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında isə göstərir: İddiaçı israrlı müraciəti əsasında, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi e-2(001) - 2175/2022 ilə aramızda bağlanmış nikah pozulmuşdur. Qeyd edir ki, hələ 2015-ci ildə də İddiaçı boşanma ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmiş, lakin o zaman valideynlərinin tövsiyyəsi ilə ərizəsini geri götürmüşdür. Binəqədi rayon məhkəməsinin çıxardığı adı çəkilən qətnamə ilə qızları X10 və X5 hər birinə tərəfindən ayda 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment verilməsi qərara alınmışdır. Hazırda "xxxx" MMC-də 345 manat qarşılığında çalışır. Bundan başqa heç bir yerdə işləmir və əlavə gəliri olmadığı üçün bu məbləği çətinliklə ödəyir. Halbuki iddiaçı ondan iki qat çox əməkhaqqı alır. Uşaqları saxlamaq hər ikisinin borcudur. İddiaçının "uşaqların bütün qayğısı, eytiyacını tamamilə özü çəkirəm. Cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir" ifadəsi tamamamilə yanlış və əsassızdır. Nikah pozulduğu gündən vaxtlı-vaxtında alimenti ödəmiş, uşaqlarının qayğısına qalmış, bayram günləri, ad günləri və digər önəmli günlərdə valideynləri ilə birlikdə onlarla təmasda olmağa çalışmış, müxtəlif hədiyyələrlə onları sevindirməyə çalışmışlar. Baxmayaraq ki, bu görüşlər çox çətinliklə baş tutur. Uşaqlarının onunla görüşünə mümkün qədər maneçilik törədilir, qarşısı alınır, telefona cavab verilmir. İş o yerə çatıb ki, uşaqlar onu təhqir edir, yaramaz ifadələr işlədir, valideynləri ilə belə danışmaq istəmirlər. Bir sözlə uşaqları çox çirkin bir oyuna alət edilirlər. Bu vəziyyətdə hansı təlim-tərbiyədən, valideyn qayğısından söhbət gedə bilər. İddiaçının "uşaqların maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir" ifadəsi həqiqətə uyğun deyil. Birincisi bu çətinliyi düşünən ana nikahın pozulması haqqında iddia qaldırmazdı. İkincisi, əgər iddiaçıya çətindirsə uşaqlarını öz yanına almağa hazırdır və bunu iddiaçıya da dəfələrlə bildirmişdir. Nikah pozulduğu andan müəyyən edilmiş aliment ödənməklə yanaşı, digər ehtiyaclarını imkanı daxilində qarşılamağa çalışmışdır. Baxmayaraq ki, buna iddiaçı maneçilik törədir, uşaqların onunla görüşmək istəmədiyini və uşaqların yanına gələcəyi halda polisə şikayət edəcəyi ilə hədələyir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2175/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, X8 ilə Cavabdeh arasında 16 aprel 2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 503 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 07 mart 2014-cü il təvəllüdlü X7 və 07 noyabr 2015-ci il təvəllüdlü X6 anaları X3 yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh 25 fevral 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 07 mart 2014-cü il təvəllüdlü X7 və 07 noyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, aliment tutularkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, MTT(001)-72/2022 saylı qərardadı ilə hazırki mülki iş üzrə qətnamə çıxarılanadək 07 mart 2014-cü il təvəllüdlü X11 və 07 noyabr 2015-ci il təvəllüdlü X1 üçün 25 fevral 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müvəqqəti alimentin Cavabdeh Nihal oğlundan tutularaq iddiaçı X4 ödənilməli olmasının nəzərə alınması və s. qət edilmişdir.
7. "xxxx" MMC tərəfindən verilən 14 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən bu günə kimi "xxxx" MMC-də satış departamentində satıcı-kassir vəzifəsində çalışır. Aylıq əmək haqqı vergilər və digər ödənişlər daxil olmaqla 345 manatdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. Cavabdeh X9 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2175/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırda 07 mart 2014-cü il təvəllüdlü X7 və 07 noyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, 386 manat aliment ödəyir.
9. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2175/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay hər uşaq üçün 300 manat olmaqla, 600 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.
10. Tələbini isə uşaqların tələbatlarının artması və özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.
11. Cavabdeh isə iddia tələbini qəbul etmir və artırılacaq aliment məbləğini ödəmək iqtidarında olmadığını, hətta aliment məbləğinin iki uşağa görə əmək haqqına münasibətdə hissəvi tutulmasını xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
13. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
14. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
15. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
16. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
17. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
19. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
20. “Azərbaycan Respublikası 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
21. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bununla belə qeyd edilməlidir ki, qanunvericilik aliment miqdarını aliment ödəməli olan şəxsin qazancı ilə ölçsə də, aliment ödəməli olan və rəsmi gəlir yeri olmayan və ya az olan əmək qabiliyyətli valideyni də yaşayış minimumu həddində uşağı saxlamaq vəzifəsindən azad etməmişdir. Bu məqamda ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu alimentin müəyyən edilməsi zamanı müəyyən mənada meyar kimi qəbul edilir.
22. Məhkəmə, 2022-ci ildən uşaqların tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alaraq hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşır, yetkinlik yaşına çatmayanlar üçün müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alır və uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı müvafiq ilin uşaqlar üçün yaşayış minimumuna uyğun həddə artırılmalıdır. Alimentin yaşayış minimumundan artıq məbləğdə və ya qazancına münasibətdə müəyyən edilməsi isə sübutetmə ilə bağlı olan haldır. Yəni iddiaçı cavabdehin hər ay, hər uşaq üçün 300 manat aliment ödəmək iqtidarında olduğunu sübut etməlidir. Lakin iddiaçı cavabdehin başqa gəlirlərinin olduğuna istinad etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir.
23. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
24. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
25. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
26. Həmin Qanunun 8.1.1-ci maddəsinə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
30. 112.1.6-ci maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir;
31. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2175/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, 07 mart 2014-cü il təvəllüdlü X7 və 07 noyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
34. İddiaçının ödəməkdən azad edildiyi, dövlət rüsumunun çatışmayan hissəsində 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2175/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 07 mart 2014-cü il təvəllüdlü X7 və 07 noyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470(dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev