Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1551/2025 26.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc: 1,541.40 manat (min beş yüz qırx bir manat qırx qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 176.74 manat (yüz yetmiş altı manat yetmiş dörd qəpik), cərimə borcu: 6,306.02 manat (altı min üç yüz altı manat iki qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 12.00 manat (on iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 2.50 manat (iki manat əlli qəpik) olmaqla, cəmi borc: 8038.66 manat (səkkiz min otuz səkkiz manat altmış altı qəpik) manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 100.2 (yüz manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" QSCnin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki xx.xx.2014-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 2000 (iki min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.21.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 1,541.40 manat (min beş yüz qırx bir manat qırx qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 176.74 AZN (yüz yetmiş altı manat yetmiş dörd qəpik), cərimə borcu : 6,306,02 manat (altı min üç yüz altı manat iki qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 12.00 manat (on iki manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 2.50 manat (iki manat əlli qəpik) cəmi borc : 8,038.66 manat (səkkiz min otuz səkkiz manat altmış altı qəpik). İş materiallarından göründüyü kimi kart limiti aktiv istifadə edilmişdir. Cavabdeh xx.xx.2025-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı “X1 Azərbaycan” QSC-nin ona qarşı olan “pul” tələbinə dair iddası üzrə 3 illik iddia müddətinin ötürüldüyünü bildirib, iddia müddətini tətbiq edərək iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz və etiraza əlavə təqdim edərək, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsassız hesab edərək, iddialarının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz və etiraza əlavə onunla əsaslandırılmışdır ki, “X1 Azərbaycan” QSC 16 noyabr 2015-ci ildə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-15350/2015 saylı əmri ilə ərizə təmin edilərək, borclu Cavabdeh 1541,4 manat əsas borc, 176,74 manat faiz borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 12 manat borc, bildirişin göndərilməsinə dair poçt xərci üzrə 2,5 manat borc və ödənilmiş 21 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə, cəmi 2069,53 manat pul vəsaitinin kreditor “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə əmr edilmişdir. Daha sonra, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(001)-15350/2015 saylı qərardadı ilə borclunun əmrdən verdiyi etirazı təmin edilərək, məhkəmə əmri ləğv edilərək, işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə onlara bildiriş göndərilməmiş (çatdırılmamış), məhkəmə iclasının yekun nəticəsi barədə müvafiq qərar (qərardad və ya qətnamə) Bank olaraq müvafiq qaydada məlumatlandırılmamışlar. Bundan sonra Bank olaraq məhkəmə ilə hər il mütəmadi olaraq şifahi məlumat almaq istədikdə yekun qərar natamam formada bildirilmiş (gah iddianın təmin edilməsi, gah qismən təmin edilməsi və s. deyilirdi) və qərarın göndəriləcəyi bildirilmişdir. Son olaraq, Bank tərəfindən məhkəməyə işin yekun nəticəsi və eləcə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə xx.xx.2024cü ildə və xx.xx.2024-cü ildə ərizə ilə müraciət etdikdən sonra sənədlər onlara geri qaytarılmışdır. Belə olduğu halda, məhkəmə tərəfindən Banka çatdırılmayan yekun məhkəmə aktı barədə şifahi məlumatın 2024-cü il tarixdə ona məlum olması halı-iddia müddətinin ötürülməsinə səbəb olmamalıdır. Qeyd olunanlardan göründüyü kimi Bank hərəkətsiz qalmış, işin nəicəsinin müəyyən edilməsi üçün ümumi tədbirlər görmüş, lakin işin sənədləri barədə məlumatı 2024-cü il tarixdə əldə etmişdir. Lakin bununla belə yekun olaraq məhkəmə aktı onlara daxil olmamışdır. İşin nəticəsi müəyyən olunmadan və sənədlərin əsli Bankda olmadığından-Bank tərəfindən yenidən iddia ərizəsinin verilməsi qeyri mümkün olduğunun, iddia müddətinin ötürülmədiyini hesab edir. Əgər məhkəmə iddia müddətinin tətbiqini həyata keçirərsə, yekun nəticə barədə məlumat əldə etdikləri tarixdən, yəni xx.xx.2024-cü il tarixdən ümumi iddia müddəti olan 10 illik iddia müddəti hesablanmalıdır. Belə olduğu halda isə nəticə etibarı ilə Bankın iddia müddətinin ötmədiyi öz təsdiqini tapır. 12 fevral 2015-ci il tarixdə 2(001)-15350/2015 nömrəli 2(001)-42/2016) nömrəli işin materialları ilə tanış olduqdan sonra da müəyyən olunmuşdur ki, məhkəmənin işin baxılmamış saxlanılması barədə 10 fevral 2016-cı il tarixli 2(001)-42/2016 saylı qərardadı iddiaçı “X1 Azərbaycan” QSC-yə çatdırılmamış və həmin qərardadın mövcudluğundan bu günədək məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin, iddia müddətinin tətbiqinə dair etiraz və ona əlavə olan ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Tərəflər arasında 29 avqust 2014-cü il tarixdə bağlanmış bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən borclu Cavabdeh 5 il müddətinə, 2000 manat məbləğində kredit limiti ayrılmışdır. 23 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 1541,40 manat əsas borc, 176,74 manat faiz borcu, 6306,02 manat məbləğində cərimə borcu, 12 manat komisyon haqqı və 2,50 manat bildirişlərin göndərilməsi üzrə poçt xərci olmaqla, cəmi 8038,66 manat məbləğində borcu vardır. 22 may 2015-ci il tarixli bildirişdən (pretenziya) görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında 29 avqust 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, kredit 5 il müddətinə 29 avqust 2019-cu il tarixədək verilmişdir. Hazırda iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə borcun tutulmasını məhkəmədən xahiş edir, cavabdeh isə iddia müddətini tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(kredit müqaviləsinin bağlandığı dövrdə qüvvədə olan) İş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə hesab edir ki, 29 avqust 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 29 avqust 2019-cu il tarixdə bitmişdir. Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 29 aqvust 2019-cu il tarixdən başlanmasına baxmayaraq, iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı, bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və1 hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməməsi ilə bağlı cavabdehin arqumentləri ilə əlaqədar isə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, cavabdehə qarşı borcun tutulması barədə məhkəmə əmri 24 noyabr 2015-ci il tarixdə çıxarılmış, 14 dekabr 2015-ci il tarixdə isə həmin tarixli məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçirilmiş və 10 fevral 2016-cı il tarixdə mülki iş baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçının qeyd etdiyi hallar müqavilə müddəti dövründə baş vermiş və müqavilə müddətinin bitdiyi 29 avqust 2019-cu il tarixdən isə iddiaçı tərəfindən cavabdehdən borcun tutulması ilə bağlı hər hansı bir hərəkət edilməmiş, iddia ilə məhkəməyə müraciət edilməmişdir. Digər tərəfdən məhkəmə vurğulayır ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1551/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1551/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver