Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1573/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 150700 manat, dövlət rüsumuna görə 442 manat olmaqla cəmi 151142 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 150700 manat, dövlət rüsumuna görə 442 manat olmaqla cəmi 151142 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Star M MTK və Şans MTK-nın rəhbəri kimi özünü təqdim edən Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək yeni MTK təsis edəcəyini və onu həmin MTK-nın payçısı kimi qeydiyyata alacağını bildirərək iddiaçıdan 150700 manat almışdır. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Metroparkın arxasında yerləşən binanın 1-ci mərtəbəsində 114200 manat, xx.xx.2020-ci il tarixdə isə eyni yerdə 36500 manat verilmiş və bununla bağlı akt tərtib olunaraq hər ikisi tərəfindən imzalanmışdır. Həmin zaman cavabdehin şəriki kimi tanıdığı Rafiq adlı şəxsdə yanlarında olmuşdur. Dəfələrlə iddiaçıdan müxtəlif vaxtlarda və bəhanələrlə aldığı pul vəsaitini geri qaytarmağı tələb etsə də cavabdeh bundan imtina etmişdir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Elvin Teymurzadəyə, Azərbaycan Respublikası Baş X7, Bakı şəhər X8 xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən cinayət işinin açılmasını və açılmış cinayət işində İddiaçı zərərçəkmiş şəxs qismində tanınması barədə ərizə ilə müraciət olunmuşdur. Lakin, bununla bağlı indiyə qədər heç bir qərar qəbul edilməmişdir. Cavabdeh qardaşı Adil Məmmədov, oğlu Zamiq Məhərrəmov ona zəng edərək qısa müddətdə ona 150700 manatın qaytarılacağını bildirmiş və ərizəsini geri götürməyi xahiş etmişlər. Sonradan M.H.Məhəhərrəmovun borcu ödəməkdən boyun qaçırmaq məqsədi ilə yalan vədlər verməsi iddiaçıya aydın olmuşdur. Cavabdeh hal-hazırda başqa cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən təqsirləndirilir. Ona görə də Cavabdeh 150700 manatın və ödənilmiş 442 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş etmişdir. Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, İddiaçı 10 ilə yaxındır ki, tanıyır və bu günə kimi münasibətləri çox yaxşı olmuşdur. Rahimi tanıdığı vaxtdan sonuncu onun şirkətinin vergi və uçot işlərini aparmışdır. Rahimlə arasında müqavilə olmuş, sənədlər ofisdə olduğu üçün miqdar yadında deyil. Rahim pulu ona görə vermişdi ki, o, 2 bloklu 14 mərtəbəli hündür mərtəbəli bina inşa edəcəkdi. Təşkilatlarla da razılaşmışdı, lakin həbs olunduğundan işləri yarımçıq qalmışdır. Buna baxmayaraq qardaşları sənədləşmə işlərini aparır və zəng vurub Rahimlə də görüşmələrini tapşırmışdır. Özü 2 aya çıxmasa Rahimlə söhbət aparacaq, ya Rahimlə işi davam etdirərlər, ya da Rahim pulunu alar. Xəstəliyini nəzərə alaraq onun məhkəmə iclasına dəvət edilməməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə münasibətlərini, şahid ifadəsini, təqdim olunmuş digər sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İddiaçı və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı əmlak alışı məqsədi ilə Cavabdeh 114200 manat avans vermişdir. İddiaçı və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı əmlak alışı məqsədi ilə Cavabdeh 36500 manat avans vermişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi E.Teymur-Zadənin xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərarından çıxarışdan müəyyən olunur ki, İddiaçı Cavabdeh ödədiyi 114200 manat və 36500 manat olmaqla ümumilikdə 150700 manat pul vəsaitinin təyinatının əmlak alışı məqsədi ilə olması nəzərə alınaraq həmin hissədə sonuncunun əməlində cinayət tərkibi olmadığına görə cinayət təqibinə Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən xitam verilərək 150700 manat pul vəsaitinin qaytarılması mülki hüquq predmeti olduğundan İddiaçı məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Qərardan çıxarışdan daha sonra müəyyən olunur ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində və əlavə ifadəsində göstərmişdir ki, bina tikintisi növündə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binası tikən Star-M Mənzil Tikinti Koorperativinin 2004-cü ildən 2009-cu il tarixədək hüquqi rəhbəri, 2009-dan hal-hazıradək olan müddət ərzində isə faktiki rəhbəridir. ... 114200 manat və 36500 manat pul vəsaitinin İddiaçı tərəfindən ona verilməsi məzmununda tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktlarda adının qarşısında olan imzalar onun özünə məxsusdur. İddiaçı ona 114200 manat pul vəsaitinin verilməsi barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli və 36500 manat pul vəsaitinin verilməsi barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktlarda həmin pul vəsaitinin əmlak alışı məqsədi ilə verilməsinin göstərilməsi onu təsdiq edir ki, həmin pul vəsaiti ona bina tikintisində şərikliyə görə ödənilməmişdir. 114200 manat və 36500 manat pul vəsaiti İddiaçı xatırlamadığı daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar avans şəklində ona ödədiyi vəsait olmuşdur. Lakin o, Covid-19 pandemiyası ilə əlaqədar yaşadığı biznes uğursuzluğu səbəbindən üzərinə düşən öhdəliyi üzürlü səbəbdən icra edə bilməmişdir. Lakin onu aldatmaq və ya digər üsulla İddiaçı məxsus hər hansı miqdarda pul vəsaitini almaq məqsədi olmamışdır. Qərardan çıxarışdan daha sonra müəyyən olunur ki, iş üzrə şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binasını tikən Şans Mənzil Tikinti Koorperativinin faktiki rəhbəri Cavabdeh tanıyır, onunla ədavət və ya düşmənçiliyi oimamışdır. Belə ki, o, Cavabdeh vergi sahəsi ilə əlaqədar hüquqi xidməti göstərdiyi üçün 2018-ci il tarixdən aralarında etibarlı münasibətlər yaranmışdır. 2019-cu ilin dekabr ayının dəqiq xatırlamadığı günündə Məhərrəm X1 vasitəsilə dəvəti əsasında Bakı şəhəri Nərimanov rayonunda Metropark ticarət və əyləncə mərkəzinin yaxınlığında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən MTK-nın ofisinə getmişdir. Ofisdə danışıq zamanı Cavabdeh Rafiq Bayramov ilə birlikdə mənzil tikintisi sahəsində təsis edəcəyi Şans 2 adında MTK-ya 200000 manat qarşılığında payçı olmağı ona təklif etmişdir. Rafiq Bayramov da öz növbəsində Cavabdeh ona dediklərini təsdiq etmişdir. O, Cavabdeh təklifini qəbul edib ilk öncə 150000 manat civarında pul vəsaiti verməyə razılaşmışdır. Bundan başqa Cavabdeh göstərişinə əsasən sənədləşmədə istifadə ediləcəyi üçün yeni təsis ediləcək MTK-da payçı kimi onun əvəzindən anası X4 adının qeyd edilməsi üçün sonuncunun şəxsiyyət vəsiqəsinin surətini Rafiq Bayramova vermişdir. Razılaşmanın davamı olaraq MTK-nın ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh iştirakı və şahidliyi ilə 114200 manat pul vəsaitini və xx.xx.2020-ci il tarixdə 36500 manat pul vəsaitini Rafiq Bayramova vermişdir. Rafiq Bayramov onun verdiyi ümumilikdə 150700 manat pul vəsaitini sayaraq qəbul etmişdir. Lakin həmin hadisədən uzun müddət keçməsinə baxmayaraq Cavabdeh ona verdiyi vədi əməl etməyərək hər hansı MTK təsis etməmişdir. Aldadıldığını bildiyi üçün Cavabdeh və Rafiq Bayramova onlardan şikayət edəcəyi barədə dəfələrlə xəbərdarlıqlar etməyə başlamışdır. X10 Cavabdeh ilə hər hansı iş birliyində olmadığını, sonuncudan ayrıldığını ona bildirərək verdiyi 150700 manat pul vəsaitini Cavabdeh tələb etməli olduğunu bildirmişdir. Həmçinin Cavabdeh onun şikayət etməməsi üçün 2020-ci il tarixdə cərrahi əməliyyat olunduğunu əsas gətirərək müalicəsi ilə əlaqədar sahibkarlıq sahəsində müvəqqəti olaraq işləri dayandırdığını, 2021-ci il tarixdə bir neçə dəfə MTK-nın ofisində tikilməsi planlaşdırılan binanın lahiyəsini ona göstərməklə, 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Mirəli Qaşqay küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin arasında, Təbriz küçəsi ilə kəsişmədə həyət evlərini göstərərək həmin ərazidə gələcəkdə yaşayış binasını tikəcəyini bildirmişdir. O, Cavabdeh inanıb qeyd olunan vaxt dövlət orqanlarına şikayət etməmişdir. Lakin 2022-ci il tarixdə həbs olunduqdan sonra aldadıldığına tam əmin olduğu üçün prokurorluq orqanlarına şikayət etmişdir. Etdiyi şikayətlərdən sonra X2 Məhərrəmovun qardaşı Adil Tağıyevin adından sonuncu tərəfindən 150700 manat pul vəsaitinin ona ödəniləcəyi üçün şikayətini geri götürməsini xahiş etmişdir. Hətta dəfələrlə Rafiq Bayramov məsuliyyətdən kənar qalması üçün şikayətdə onun adını ümumiyyətlə hallandırmamasını xahiş etmişdir. Ümumilikdə 150700 manat pul vəsatinin tərəfindən Cavabdeh verilməsi zamanı tərtib etdiyi xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlarda vəd olunan MTK-nın rəsmiləşdirilməsi edilmədiyi üçün həmin aktlarda pul vəsaitinin təyinatının avans olaraq əmlak alışı məqsədilə olduğunu qeyd etmişdir. Belə ki, Rafiq Bayramov təsdiq edə bilər ki, qeyd olunan məbləğdə pul vəsaitinin verilmə səbəbi təsis ediləcək MTK-da payçı olması qarşılığında olmuşdur. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş müraciətində 200000 manat, digər müraciətlərində isə həmin məbləğin 150700 manat olmasının qeyd edilməsinin səbəbi Cavabdeh və Rafiq Bayramovun qabaqcadan əlbir olmaqla dələduzluq yolu ilə onu aldadaraq təsis edəcəkləri MTK-da payçı kimi qeydiyyatdan keçirəcəklərinə inandırıb bunun qarşılığında istədikləri 200000 manat pul vəsaitinin qarşılığında 150700 manat hissəsini alması ilə əlaqədar olmuşdur. MTK-nın ofisində Cavabdeh və Rafiq Bayramov ilə birlikdə təklikdə olduqda sonuncuya ifadəsində qeyd etdiyi tarixlərdə ümumilikdə 150700 manat pul vəsaitini vermişdir. Cavabdeh və Rafiq Bayramova verdiyi 150700 manat pul vəsaitinin hansı istiqamətdə xərclənməsi barədə məlumatı yoxdur. Şikayət və tələbi etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onu aldatmış Cavabdeh və Rafiq Bayramovun məsuliyyətə cəlb edilməsindən, həmçinin ona vurulmuş 150700 manat maddi ziyanın ödənilməsinin təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh ödədiyi 114200 manat və 36500 manat olmaqla ümumilikdə 150700 manat pul vəsaitinin təyinatı əmlak alışı ilə əlaqədar olmaqla həmin hissədə sonuncunun əməlində cinayət tərkibi olmadığına görə cinayət təqibinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və pul vəsaitinin qaytarılması mülki hüquq predmeti olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah olunmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Baş İdarənin İstintaq İdarəsində istintaqı aparılmış Star-M Mənzil Tikinti Kooperativinin təsisçisi və sədri vəzifəsində işləməklə, hazırda həmin cəmiyyətin təsisçisi olan, eyni zamanda Şans Mənzil Tikinti Kooperativinin faktiki rəhbəri Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edildiyi ********* nömrəli cinayət işi baxılması üçün xx.xx.2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İddiaçı Cavabdeh ödədiyi 150700 manat pul vəsaitinin təyinatının əmlak alışı ilə əlaqədar olması müəyyən edildiyindən həmin hissədə əməldə cinayət tərkibi olmadığı üçün cinayət təqibinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və pul vəsaitinin qaytarılması mülki hüquq predmeti olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah olunmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, 20 ildir İddiaçı vergi işçisi kimi tanıyır. Cavabdeh isə sahibkar olaraq tanıyır. Beləki, Cavabdeh Star-M MTK-ın sahibidir. 2018-2020-ci illərdə aralarında olan razılığa əsasən bina tikintisində Rahimdə payçı olmalı idi. X11 tikməli, o, isə icraçı vəzifəsini icra etməli idi. Payçı kimi Rahim əvvəl təxminən 10000-15000 manat, daha sonra 35000 manat Məhərrəmə pul vermiş, bu barədə onun yanında Rahim və Məhərrəm akt tərtib edib hər ikisi imzalamışlar. 35000 manatı Rahim ona vermiş, o da, həmin pulu Məhərrəmə vermişdir. Rahimin Məhərrəmə verdiyi pulun hara xərclənməsi ona məlum deyildir. Rahim məhkəməyə müraciət etdikdən sonra Məhərrəm ona təcridxanadan zəng etmiş, qohumlarının Rahimin pulunu qayracaqlarını demişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh əmlak alışı məqsədi ilə xx.xx.2020-ci il tarixli akta əsasən 114200 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 36500 manat avans versə də, sonuncu tapşırığa əməl etməmiş, nəticədə iddiaçı əmlakından məhrum olmaqla ona 150700 manat maddi ziyan vurulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 150700 manat dəyərində ziyan vurulması, tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh maddi ziyana görə 150700 manat, dövlət rüsumuna görə 442 manat olmaqla cəmi 151142 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1573/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1573/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver