Məhkəmə qərarları › İş №e-2(001)-1604/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1604/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1604/2024 01.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bank Olmayan Kredit Təşkilatı (BOKT) İddiaçı (MMC) Cavabdeh qarşı kredit borcunun tutulması barədə iddia ərizəsinə dair mülki işə 01 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: BOKT "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, L-BK-0048911-F saylı kredit müqaviləsinə əsasən yaranmış 7802,87 manat əsas, 2489,12 manat faiz borcunun, 60,1 manat cərimə və 588,47 manat zərər (əldən çıxmış fayda) olmaqla, ümumilikdə 10940,56 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə torpaq almaq məqsədilə 10000 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh götürdüyü krediti 15 ay müddətində aylıq 3, illik 36 faizlə geri ödəməyi öhdəsinə götürmüşdür. Lakin, öhdəliyinin lazımınca icra edilməməsi nəticəsində iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqavilənin 6.7-ci maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən, zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hazırda müqaviləyə əsasən hesablanmış zərər 588,47 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə müvafiq məhkəmə bildirişi həm yaşayış ünvanına poçt vasitəsilə, həm də mobil telefonuna sms-lə “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə göndərilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş, buna dair üzrlü səbəbləri məhkəməyə təqdim etməmiş, habelə iddiaya öz yazılı münasibətini də bildirməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almaqla, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 02 oktyabr 2019-cu il tarixli, L-BK-0048911-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh BOKT "xxxx" MMC-dən torpaq alışı məqsədilə 15 ay müddətinə 10000 manat kredit götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən, borclu, yəni cavabdeh kreditdən istifadə edilməsinə görə aylıq 3 faiz, illik 36 faiz götürülməklə kredit vəsaiti cavabdehə çatdırıldığı gündən etibarən qalıq məbləğinə gündəlik hesablanmaqla aylıq faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 6.7-ci bəndində göstərilmişdir ki, kreditora, yəni iddiaçıya dəymiş zərər müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş alıq faiz dərəcəsi miqdarında ödənilməmiş əsas məbləğə 6 ay müddətinə hesablanacaq. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditor tərəfindən məhkəməyə müraciət edilərsə, kreditora dəymiş zərər hesablanaraq iddia məbləğinə əlavə ediləcəkdir. - 26 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə son ödəniş tarixi 23 fevral 2020-ci il olmuş, faiz hesablanmasının iddiaçı tərəfindən dayandırılması 07 yanvar 2021-ci il tarixə təsadüf edir və maliyyə arayışı verilən tarixə cavabdehin iddiaçıya 7802,87 manat əsas, 2489,12 manat faiz, 60,1 manat cərimə, 588,47 manat əldən çıxmış fayda olmaqla, cəmi 10940,56 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh oğlu kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, iddianın əsas və faiz borcuna münasibətdə maliyyə arayışında göstərilən məbləğlərə uyğun təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Hazırki halda tərəflər arasında bağlanmış kredit müqaviləsində borcun gecikdirildiyi halda əldən çıxmış fayda qismində zərərin hesablanma qaydası müəyyənləşdirilmiş və müqavilənin bu hissəsi qanunvericiliyin tələblərinə zidd deyildir. Buna görə də, məhkəmə hesab edir ki, iddia əldən çıxmış fayda qismində zərərin əvəzinin tutulması hissəsində də təmin edilməlidir. Dəbbə puluna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 60,1 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə 7802,87 manat əsas, 2489,12 manat faiz, 20 manat cərimə borcu və 588,47 manat əldən çıxmış fayda qismində zərər olmaqla, ümumilikdə 10900,49 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 123 manatın 110,51 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 02 oktyabr 2019-cu il tarixli, L-BK-0048911-F saylı kredit müqaviləsi üzrə 7802,87 manat əsas, 2489,12 manat faiz borcu, 20 manat cərimə və 588,47 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 10900,49 manat məbləğində pul vəsaiti tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 110,51 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar