Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1610/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 avqust 2023-cü il tarixli BAKU1-74761-3873 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 25% faizlə 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmiş və kreditin aylıq 800 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. “Kredit müqaviləsi"-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 arasında 30 avqust 2023-cü il tarixli BAKU1- 74761-3873+GARA-4101 saylı zaminlik müqaviləsi bağlanmışdır. 25 yanvar 2024-cü il tarixli ödəniş cədvəlinin dəyişdirilməsi üçün müraciət ərizəsi əsasında kredit üzrə ödəniş günü dəyişdirilmiş, kreditin aylıq 810 manat olmaqla ödənilməsi müəyyən edilmiş və "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 arasında 25 yanvar 2024-cü il tarixli BAKU1-74761- 3873+GARA-4101 saylı yeni zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 17 dekabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 9078.98 manat əsas, 766.75 manat cari faiz borcu və 500 manat cari dəbbə borcu olmaqla, cəmi 10345.73 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442.1, 443.1, 445.2 və 448.1-ci maddələri ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 9078.98 manat əsas borc, 766.75 manat cari faiz borcu və 500 manat cari dəbbə borcu olmaqla, cəmi 10345.73 manat məbləğində kredit borcunun və 122.40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sonuncu ərizəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 7726.19 manat əsas, 382.84 manat faiz borcu və 500 manat cari dəbbə borcu olmaqla, cəmi 8209.03 manat məbləğində kredit borcunun və 122.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Nümayəndə cavabdeh tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə ödənişlər olunduğunu və BOKT tərəfindən müvafiq olaraq əsas, faiz və cərimə borcundan silinmələrin həyata keçirildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, hər ay 1100 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BAKU1-74761-3873 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 illik 25 faiz olmaqla 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1, yəni zamin borcalanın "xxxx" MMC arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 30 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9078.98 manat əsas, 766.75 manat faiz və 500 manat cərimə borcu olmaqla, ümumilikdə 10345.73 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, "xxxx" MMC cavabdehlərə 9078.98 manat əsas borc, 501.94 manat cari faiz borcu və 441.69 manat dəbbə pulu olmaqla, cəmi 10022.61 manat məbləğində kredit borcunun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. (maddə 743.1) Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. (maddə 743.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (maddə 448.2) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Beləliklə, mülki işin materialları ilə təsdiq edilir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BAKU1-74761-3873 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25% dərəcəsi olmaqla 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 isə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc öhdəliyinin icrası üçün zamin durmuşdur. "xxxx" MMC xx.xx.2024-cü il tarixdə cavabdehlərə 9078.98 manat əsas borc, 501.94 manat cari faiz borcu və 441.69 manat dəbbə pulu olmaqla, cəmi 10022.61 manat məbləğində kredit borcunun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin faiz hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 766.75 manat məbləğində faiz məbləğinin tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdeh tərəfə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu (bildiriş) göndərərək cavabdeh tərəfdən müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı cəmiyyət tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərardakı mövqe ilə razılaşaraq məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini nümayiş etdirdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavabdeh tərəfdən icrasını tələb etmək hüququ tanınmalıdır. Bununla yanaşı iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilmişdir ki, məhkəmə icraatı dövründə Cavabdeh2 tərəfindən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 04 fevral 2025-ci il tarixdə 1500 manat və 28 fevral 2025-ci il tarixdə 1100.70 manat məbləğində ödənişlər edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli xəbərdarlıqda (pretenziya) cavabdehlərdən tələb edilən 9078.98 manat əsas, 501.94 manat faiz və 441.69 manat dəbbə pulu olmaqla, ümumilikdə 10022.61 manat məbləğində pul vəsaitindən 04 fevral 2025-ci il tarixdə 1500 manat və 28 fevral 2025-ci il tarixdə 1100.70 manat məbləğində edilmiş ödənişlər çıxılmaqla, cavabdehlərdən müştərək qaydada 7421.91 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 7421.91 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 avqust 2023-cü il tarixli, BAKU1-74761-3873 saylı kredit müqaviləsinə əsasən cəmi 7421.91 (yeddi min dörd yüz iyirmi bir manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 122.40 manat dövlət rüsumunun 90%-i, yəni 110 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin, qalan 10%-i, yəni 12.40 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-1610/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1610/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver