Məhkəmə qərarları › İş №e-2(001)-1611/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1611/2022

19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1611/2022 19.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 3.538,8 manat, təbii qazdan istifadəyə görə 363,8 manat, 59,43 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 4.027,03 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 29 aprel 2020-ci il tarixli 07- 574 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00021 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 30 may 2019-cu il tarixli ******* saylı akt əsasında 234 manat, 28 iyun 2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, 31 iyul 2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, 30 avqust 2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, 30 sentyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, 29 noyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat, 30 dekabr 2019-cu il tarixli ******* saylı akt əsasında 295,2 manat, 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, 28 fevral 2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat İddiaçı İB-yə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2020-ci ilin may ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 363,8 manat təşkil edir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qazcihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qazsərfiyyatına uyğun olaraq 3.538,8 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə ona cəmi 3.902,6 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 29 aprel 2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30 may 2019-cu il tarixli ******* nömrəli, 28 iyun 2019-cu il tarixli ******* nömrəli, 31 iyul 2019-cu il tarixli ******* nömrəli, 30 avqust 2019-cu il tarixli ******* nömrəli, 30 sentyabr 2019-cu il tarixli ******* nömrəli, 30 oktyabr 2019-cu il tarixli ******* nömrəli, 29 noyabr 2019-cu il tarixli ******* nömrəli, 30 dekabr 2019-cu il tarixli ******* nömrəli, 30 yanvar 2020-ci il tarixli ******* nömrəli, 28 fevral 2020-ci il tarixli ******* nömrəli aktlardan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və qazdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 may, 28 iyul, 31 iyul, 30 avqust, 30 sentyabr, 30 oktyabr və 29 noyabr 2019-cu il tarixli, 30 yanvar və 28 fevral 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 31 may 2019-cu il tarixli ******* nömrəli akta əsasən 2.340 m3, 28 iyun 2019-cu il tarixli ******* nömrəli akta əsasən 324 m3, 31 iyul 2019-cu il tarixli ******* nömrəli akta əsasən 324 m3, 30 avqust 2019-cu il tarixli ******* nömrəli akta əsasən 324 m3, 30 sentyabr 2019-cu il tarixli ******* nömrəli akta əsasən 324 m3, 30 oktyabr 2019-cu il tarixli ******* nömrəli akta əsasən 324m3, 29 noyabr 2019-cu il tarixli ******* nömrəli akta əsasən 1422 m3, 30 yanvar 2020-ci il tarixli ******* nömrəli akta əsasən 2952 m3, 28 fevral 2020-ci il tarixli ******* nömrəli akta əsasən 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********00021 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh üzrə təbii qazdan istifadəyə görə 2019/2020-ci illər üzrə borcu 363,8 manat, 2019/2020ci illər qalıq aktlar üzrə isə cəmi 1423,8 manat (833,4+590,4) manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2022-ci il tarixli 10/1991 nömrəli rəyindən görünür ki, məhkəmə qərardadının birinci sualı üzrə baxış zamanı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən İddiaçı İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. Qərardadın ikinci sualı üzrə 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə hallları (əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə İddiaçı İB-yə vurulmuş ziyanın müəyyən edilməsi barədə tədqiqat aparılmamışdır. Tədqiqatın dəyəri 102 manat təşkil edir; 19 yanvar 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosuna 1.170 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı olaraq “11-28 saylı müqavilələr üzrə” göstərilmişdir. 08 dekabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 59,03 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may, 28 iyul, 31 iyul, 30 avqust, 30 sentyabr, 30 oktyabr və 29 noyabr 2019-cu il tarixli, 30 yanvar və 28 fevral 2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlarda cavabdehin sayğacdan kənar qeyri-qanuni birləşmə ilə qaz xəttinə qoşulması aşkar olunduğu göstərilmişdir. Abonent saldosuna əsasən cavabdehə həmin aktlara görə 1423,8 manat, təbii qazdan istifadəyə görə isə ümumilikdə 363,8 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli rəyindən görünür ki, ekspert mübahisəli ünvana baxış keçirmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən İddiaçı İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə cavabdehin sayğacdan kənar qaz xəttindən istifadə etməsi halları öz təsdiqini tapmır. Bundan əlavə, iddiaçı cavabdehdən tərtib edilmiş aktlar üzrə 3.538,8 manat tələb etsə də, işdə olan abonent saldosundan görünür ki, həmin aktlara görə cavabdehə cəmi 1.423,8 manat məbləğində borc hesablanmışdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən yalnız təbii qazdan istifadəyə görə 363,8 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 6 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 manat məbləğində vəsaitin 10 manatı cavabdehdən, 92 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iddia tələbinin 65 manat məbləğində vəkil xərcinin tutulması hissəsi ilə bağlı hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən həmin məbləğdə xərcin ödənilməsi barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. İşdə olan ödəniş tapşırığndan görünür ki, iddiaçı tərəfindən deyil, "xxxx" MMC tərəfindən “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosuna ödəniş edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 363,8 (üç yüz altmış üç manat, səksən qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 6 (altı) manatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat məbləğində vəsaitin 10 (on) manatı Cavabdeh, 92 (doxsan iki) manatı isə İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar