Məhkəmə qərarları › İş №e-2(001)-163/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-163/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-163/2024 25.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdeh İsmayılov Nahid Zahid oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC-nin Baş ofisi ilə cavabdeh İsmayılov Nahid Zahid oğlu arasında bağlanmış 13 Mart 2020-ci il tarixli, RBNPU-6328 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15.9% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. 13 mart 2020-ci il tarixli, RBNPU-6328 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan İsmayılov Nahid Zahid oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13 mart 2020-ci il tarixli, RBNPU-6328 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dən gec olmayaraq hər ay 351.08 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh İsmayılov Nahid Zahid oğlunun 13 mart 2020-ci il tarixli, RBNPU-6328 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1270.42 manat, faiz borcuna görə 69.26 manat, dəbbə borcuna görə 313.02 manat olmaqla, cəmi 1652.70 manat təşkil edir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələri ilə əsaslandıraraq, cavabdeh İsmayılov Nahid Zahid oğlundan 13 mart 2020-ci il tarixli, RBNPU-6328 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1270.42 manat, faiz borcuna görə 69.26 manat, dəbbə borcuna görə 313.02 manat olmaqla, cəmi 1652.70 manat məbləğində pul vəsaitinin və 36.53 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı ASC məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (İsmayılov Nahid Zahid oğlunun vərəsələri) 13 mart 2020-ci il tarixli, RBNPU-6328 saylı kredit müqaviləsi üzrə əsas borca görə 932.22 manat, faiz borcuna görə 130.65 manat, dəbbə borcuna görə 640.52 manat olmaqla, cəmi 1703.39 manat məbləğində pul vəsaitinin və 36.53 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin onların iştirakları olmadan keçirilərək, iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Baş ofisi ilə İsmayılov Nahid Zahid oğlu arasında bağlanmış 13 mart 2020-ci il tarixli RBNPU-6328 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 15.9% ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdeh İsmayılov Nahid Zahid oğluna ünvanlanmış bildirişdən görünür ki, cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı bank tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İsmayılov Nahid Zahid oğlunun 13 mart 2020-ci il tarixli RBNPU- 6328 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 1270.42 manat əsas, 69.26 manat faiz, 313.02 manat cərimə borcu olmaqla, cəmi 1652.70 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 (İsmayılov Nahid Zahid oğlunun vərəsələri) 13 mart 2020-ci il tarixli RBNPU-6328 saylı kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixə 932.22 manat əsas, 130.65 manat faiz, 640.52 manat cərimə borcu olmaqla, cəmi 1703.39 manat məbləğində borcu vardır. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 346612 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İsmayılov Nahid Zahid oğlu 13 mart 2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2016/2023 saylı, 10 iyul 2023-cü il tarixli qərardadına əsasən məlum olur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş cavabdeh İsmayılov Nahid Zahid oğlunun vərəsələri müəyyən edilənə və vərəsəlik şəhadətnaməsi verilənədək, İddiaçı ASC-nin cavabdeh İsmayılov Nahid Zahid oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 34 saylı notariat ofisinin xüsusi notariusu X1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş – İsmayılov Nahid Zahid oğlunun vərəsələri ünvan 1i ünvanında qeydiyyatda olan arvadı Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası, ünvan 3i ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2dur və onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BB163282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2011-ci il olan KRONE SD yarımqoşqu markalı 99ZK326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (maddə 448.2) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (maddə 445.7) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (Maddə 507) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (Maddə 1306.1.) Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdeh İsmayılov Nahid Zahid oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 onun kreditoru qarşısında öhdəliyi icra etməli olduqları üçün, İddiaçı ASC ilə İsmayılov Nahid Zahid oğlu arasında bağlanmış 13 mart 2020-ci il tarixli RBNPU-6328 saylı kredit müqaviləsi üzrə tələb olunan 932.22 manat əsas və 130.65 manat faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 13 mart 2020-ci il tarixli RBNPU-6328 saylı kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu (cərimə) cavabdeh tərəfin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği azaldılaraq, cavabdehlərdən 13 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun 10%-i miqdarında, yəni 64 manat məbləğində cərimə (dəbbə pulu) borcu tutulmalıdır. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 mart 2020-ci il tarixli RBNPU-6328 saylı kredit müqaviləsi üzrə 932.22 manat əsas, 130.65 manat faiz borcu, 64 manat cərimə borcu olmaqla, cəmi 1126.87 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 mart 2020-ci il tarixli RBNPU-6328 saylı kredit müqaviləsi üzrə 932.22 manat əsas, 130.65 manat faiz borcu, 64 manat cərimə borcu olmaqla, cəmi 1126.87 (bir min bir yüz iyirmi altı manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün İddiaçı ASC tərəfindən ödənilmiş 36.53 manat dövlət rüsumunun 66%, yəni 24.10 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin, qalan 34%, yəni 12.43 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar