Məhkəmə qərarları › İş №e-2(001)-1653/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1653/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1653/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyandan qalıq olaraq qalan 3516,15 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh mülkiyyət hüququ əsasında idarə etdiyi “Vaz 21725 minik” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd Çuğun altlıqlı “T 13 9,5” 2 çıraqlı işıq dirəyi sıradan çıxararaq müəssisəyə 5166 manat məbləğində maddiziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2021-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Vaz 21725 minik” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Vaz 21725 minik” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 bank hesabına mütənasib qaydada 1649,85 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 5166 manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 3516,15 manat hissəsi cavabdehdən tutularaq "xxxx" X5 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir Tərəflərin izahatları və iddiaya münasibətləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, hadisə nəticəsində işıq dirəyinin yuxarı hissəsi əyilmişdir. Həmçinin tumba deyilən gövdənin çuqun altlığı sınıb və təmir oluna bilmir. Dirəyin təmiri mümkün deyildir. Dirəyin işıq çıraqları, içindəki boru dəyişdirilmişdir. İşıq dirəyi 2007-ci ildə qoyulmuşdur. Onun yenisinin qiyməti 6383 manatdır. Köhnəlmə faizi (20%) tətbiq edərək 5166 manat kimi qiymətləndirilmişdir. Cavabdeh 2021-ci ildə idarə etdiyi avtomobillə işıq dirəyinə çırpılaraq onu sıradan çıxarmışdır. Paşa Sığorta ASC zərərin 1649,85 manat hissəsini ödəmişdir. Hazırda 3516,15 manat borc qalmışdır. Əməkdaşların dediyinə görə cavabdehin zərər vurduğu işıq dirəyi götürülmüş və yerinə müvəqqəti işıq dirəyi qoyulmuşdur. Cavabdehin təqdim etdiyi şəkillərdəki dirək müvəqqəti qoyulmuş dirəkdir. Zərər vurulan işıq dirəyi 31 may 2021-ci il tarixli akta əsasən yararsız hesab edilmişdir. Dirək çıxarılarkən sənədləşdirilməmişdir, ona görə də dirəyin harada olması barədə məlumatı yoxdur. 2-3 ay qabaq həmin yerdə yol nəqliyyat hadisəsi baş vermişdir. İşıq dirəyi vurulub və yenə dəyişdirilib. Ümumiyyətlə vurulan dirəklər anbara təhvil verilir. Sonra da utilizasiya olunur. Cavabdehin vurduğu dirək də çox güman ki anbardadır. Cavabdeh dəymiş zərəri ödəyərsə, gəlib dirəyi təhvil ala bilər.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatlarında bildirmişdir ki, hadisə gecə saat 01:00 radələrində olmuşdur. Həmin dirək dəyişdirilməmişdir, dirək yerində qalmışdır. Dirəyin müvəqqəti olaraq başqa qəzalı dirəklə əvəz edilməsi inandırıcı deyildir. Sadəcə olaraq müəssisənin əməkdaşları dirəyi rəngləmişlər. Təqdim etdiyi şəkillərdən də dirəyin zərbənin təsirindən əyilməsi müşahidə olunur. Yol nəqliyyat hadisəsi nəticəsində dirək 2-ci dəfə vurulub. Artıq onu başqası ilə əvəz ediblər. Özü vuranda dirək 2-3 dərəcə əyilmişdi və sürtülüb rəngi getmişdi. Sonradan onu rənglədilər və yerində qaldı. Əgər ondan maddi ziyan kimi işıq dirəyinin məbləği tələb edilirsə, onda pul tutulduqda vurulmuş dirəyi də özünə qaytarsınlar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində idarə etdiyi “VAZ 21725” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

8. Təhvil verən “Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti” ilə təhvil alan "xxxx" EŞM arasında tərtib edilən 10 dekabr 2007-ci il tarixli aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 142 saylı xx.xx.2007-ci il tarixli və 300 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarına əsasən Nəsimi rayonu, Bakıxanov küçəsində quraşdırılan yeni tipli işıqdirəkləri əvəzsiz olaraq "xxxx" EŞM-nin balansına təhvil verilir.

9. "xxxx" ASC tərəfindən təqdim edən ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri İşığı EŞM balansına 1649,85 manat ödəniş edilmişdir.

10. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli, PPA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus “VAZ 21725” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əmlaka vurulan zərər görə 5000, bir şəxs üçün 5000, bir hadisə ürə 50000 manat məbləğində icbari qaydada sığorta edilmişdir.

11. "xxxx" EŞM-nin baş mühəndisi tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli 33 saylı aktdan görünür ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov küçəsində çuqun altlıqlı “T 13 9.5” 2 çıraqlı 2007-ci ildə istismara buraxılan qiyməti 6383,90 manat olan, 21 % köhnəlmə dərəcəsi tətbiq edildikdən sonra qiyməti 5166 manat olaraq müəyyən edilən işıq dirəyinə zərər vurulmuşdur. Həmin ışıq dirəyi yararsız hesab edilmişdir.

12. "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov – M.Qaşqay küçələrinin kəsişməsində Cavabdeh idarə etdiyi “VAZ 21725” minik markalı, **- TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" EŞM-nə məxsus olan işıq dirəyinə zərər vurmuşdur. Zərər məbləği 5166 manat müəyyən edilmiş, zərərçəkənin hesabına 1649,85 manat məbləğində ödəniş edilmişdir.

13. "xxxx" EŞM tərəfindən tərtib edilən smetadan görünür ki, VAZ 21725” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə vurulmuş işıq dirəyinin bərpasna 5166 manat xərc tələb olunur.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 9/3780 saylı ekspert rəyindən görünür ki, "xxxx" EŞM tərəfindən tərtib edilən akta əsasən iş materiallarından göstərilən işıq dirəyinin orta bazar dəyəri nəzəri hesablama yolu ilə təxminən 5166 manat məbləğində müəyyən edilir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 9/6022 saylı ekspert rəyindən görünür ki, "xxxx" EŞM tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, 33 saylı akta əsasən, iş materiallarında göstərilən işıq dirəyinin orta bazar qiyməti nəzərə hesablama yolu ilə təxminən 5166 manat müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

16. Cavabdeh idarə etdiyi “VAZ 21725” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov – M.Qaşqay küçələrinin kəsişməsində "xxxx" EŞM-nə məxsus olan işıq dirəyinə çırpılmışdır.

17. Çuqun altlıqlı “T 13 9.5” 2 çıraqlı 2007-ci ildə istismara buraxılan işıq dirəyinin qiyməti 6383,90 manat olsa da, "xxxx" EŞM tərəfindən 21 % dərəcəsində köhnəlmə faizi tətbiq edilərək, işıq dirəyinin dəyəri və ona vurulmuş ziyan məbləği 5166 manat məbləğində müəyyən edilmişdir.

18. Hadisə nəticəsində işıq dirəyinin yarasız halda olması barədə "xxxx" EŞMnin baş mühəndisi tərəfindən xx.xx.2021-ci il tarixli 33 saylı akt tərtib edilmişdir.

19. Cavabdeh idarə etdiyi “VAZ 21725” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli, PPA********** saylı icbari sığorta müqaviləsinə əsasən sığortalandığından, işıq dirəyinə vurulmuş 5166 manat məbləğində zərərin 1649,85 manat məbləğində hissəsin zərərçəkənin hesabına ödənilmişdir.

20. Hazırda iddiaçı müəssisəyə vurulmuş ziyandan qalıq qalmış 3516,15 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasınıı xahiş edir.

21. Cavabdeh isə törətdiyi hadisə nəticəsində işıq dirəyinə göstərilən həcmdə ziyan dəymədiyini, işıq dirəyinin istismara yararlı olduğunu, dəyişdirilmədiyini bildirsə də, sonuncu məhkəmə iclasında artıq işıq dirəyinin yenisi ilə əvəz edildiyini bildirmiş və vurmuş olduğu zərərə görə dirəyin dəyərinin ondan tutulacağı təqdirdə ona dirəyin təhvil verilməsini tələb etmişdir.

22. Mübahisənin həlli üçün məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert tərəfindən iş materialları nəzərə alınmaqla, nəzəri hesablamalar yolu ilə işıq dirəyinin orta bazar qiyməti 5166 manat məbləğində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

23. Məhkəmə ilk öncə qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

24. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

25. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

26. Cavabdeh idarə etdiyi “VAZ 21725” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətməsi və hadisə nəticəsində "xxxx" EŞM-nə məxsus olan Çuqun altlıqlı “T 13 9.5” 2 çıraqlı işıq dirəyinə zərərin vurulması işin mübahisəsiz halıdır.

27. İşin mübahisələndirilən halı isə zədələnmiş işıq dirəyinin yenisi ilə əvəz edilib-edilməməsi və vurulmuş zərərin məbləği ilə bağlıdır.

28. Belə ki, cavabdeh əslində həmin dirəyin hadisədən sonra rənglənərək bərpa edildiyini və yenisi ilə əvəz edilmədiyini bildirsə də, iddiaçı "xxxx" EŞM-nin baş mühəndisi tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli 33 saylı aktla işıq dirəyinin yararsız halda olması, hazırda isə yenisi ilə əvəz edilməsi hər iki tərəf tərəfindən təsdiq edilir.

29. Bundan başqa keçirilmiş ekspertiza tədqiqatı nəticəsində işıq dirəyinin orta bazar qiyməti köhnəlmə faizi tətbiq edilməklə 5166 manat məbləğində müəyyən edilmiş, ekspert tədqiqatının nəticəsini tərəflər mübahisələndirməmişlər. Dirəyə vurulmuş zərərin 1649,85 manat məbləğindəki hissəsi sığorta şirkəti ("xxxx" ASC) tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə iddiaçının cavabdehdən vurulmuş maddi ziyana görə qalıq qalmış (5166-1649,85) 3516,15 manat məbləğində pulun tutulmasını tələb etməsini əsaslı hesab edir.

30. Həmçinin məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh yararsız hala saldığı işıq dirəyinin dəyərini ödədikdən sonra, əsassız varlanma qaydalarına uyğun olaraq dəyərini ödədiyi əşyanı tələb etməkdə haqlıdır. Belə olan halda cavabdehin əşyanı təhvil almaq, işin həlli mübahisəsiz mümkün olmadıqda isə hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Tətbiq edilən prosessual normalar:

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

32. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3516,15 manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 ödənilməlidir.

37. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

38. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 3516,15 (üç min beş yüz on altı manat, on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar